Xaricə pul köçürmələrə nəzarət artırılacaq - SƏBƏB


Xaricə pul köçürmələr və ixrac dəyərinin tam qaytarılması ilə bağlı ciddi addımlar atıla bilər.

Sentyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən İqtisadi Şuranın iclasında ölkədəki hazırki iqtisadi proseslərlə bağlı müzakirələr aparılıb. Şuranın son iclasında müzakirə edilən məsələlərdən biri də Azərbaycandan xaricə pul köçürmələr və ixrac dəyərinin tam qaytarılması barədə olub.

Azərbaycan Prezident İlham Əliyevin tapşırıqlarına əsasən bu sahədə nəzarətin daha da gücləndirilməsi prioritetləşib. Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, burada ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin 180 gün ərzində ölkəyə gətirilməsi, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri ilə bağlı məsələlər öz əksini tapır.

Onun sözlərinə görə, 2024-cü ilin geridə qalan aylarının rəsmi statistikası göstərir ki, Azərbaycan ixracının həcminin azalmasına baxmayaraq, pul köçürmələrində artım müşahidə olunur:

"Bu ilin ilk 7 ayında ölkəmizin ticarət dövriyyəsi 26 milyard 239 milyon dollar olub. Onun 15 milyard 446 milyon dolları ixracın, 10 milyard 793 milyon dolları isə idxalın payına düşüb. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3.3 faiz, real ifadədə 5.0 faiz, o cümlədən idxal 3.0 faiz, ixrac isə 6.1 faiz azalıb.

Göründüyü kimi, enerji məhsullarının qiymətinin azalması ümumi ixracatımızın həcminə də təsirsiz ötüşməyib. Bütün bunlarla yanaşı, bu ilin ilk yarısında (hələlik 7 aylıq göstəricilər elan edilməyib) Azərbaycandan xaricə 343 milyon dollar pul köçürülüb.

Xaricdən ölkəmizə köçürülən vəsaitlərin həcmi 36.4 faiz azalsa da, Azərbaycandan xaricə köçürmələr 34.7% artıb. Rəsmi statistika da təsdiq edir ki, Azərbaycandan xaricə pul köçürmələri və eləcə də ixracın dəyərinin ölkəyə tam qaytarılması üzrə nəzarətin daha da gücləndirilməsi aktuallaşıb. Daha çox valyutanın ölkədə qalması isə hər zaman əsas hədəflərdəndir".

Maraqlıdır, Azərbaycandan xaricə pul köçürmələri bu qədər çoxdur ki, nəzarətin güclədirilməsinə zərurət yaranıb?

Məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov “Cebheinfo.az” -a şərhində qeyd edib ki, bu kimi problemlər uzun illər mövcuddur:

“Hər hansı məhsulun xaricdən gətirilməsi üçün vəsait ödənilir. Məhsul vaxtında çatdırılanda ödənilən vəsait batmır.

Amma elə olur ki, məhsul gecikdirilir və ya göndərilmir. Belə olan halda ödənilən vəsait bata bilər, yəni vəsaitin ölkəyə qaytarılmasında problemlər yaranır. Bu, obyektiv və ya subyektiv səbəblərdən baş verir. Bir çox hallarda Dövlət Gömrük Komitəsində bu kimi halların qarşısının alınması üçün sahibkarlarla bağlı vəsatət qaldırılır. Eyni zamanda qanunvericilikdə müəyyən müddət ərzində məhsulun və vəsaitin ölkəyə gətirilməsi ilə bağlı mexanizmin tətbiq olunması nəzərdə tutulub. Ancaq bu, praktikada necə işləyəcək, necə həyata keçəcək, bunu zaman göstərəcək”.

İqtisadçı qeyd edib ki, sahibkarlar xarici ölkəyə məhsul satışını həyata keçirir, amma məhsul üçün nəzərdə tutulan vəsait dörd və ya altı ay ərzində ödənilir:

“Bu da sahiblara sərfəli deyil və onlara ziyan vurur. Sahibkarların bu kimi problemlərlə üzləşməməsi üçün yeni mexanizmlər tətbiq edilməlidir. Bir məqamı da qeyd edim ki, sahibkarlar vəsaiti zamanında əldə etmək üçün banklarda faktura xidmətinə baş vura bilərlər”.


MANŞET XƏBƏRLƏRİ