Uşaqlıqdan hərbi sahəyə marağı olur...
2016-cı ildən Xüsusi Təyinatlı Qüvvələrdə gizir rütbəsində snayperçi kimi xidmətə başlayır...
Xidmət müddətətində dəfələrlə fəxri fərman və medallarla təltif edilir...
2018-2019-cu illərdə Çin Xalq Respublikasında keçirilən Snayper kursunda 50 ölkə iştirakçıları arasında ikinci yeri tutur...
XTQ-də ixtisaslı snayperlərin hazırlanmasında əhəmiyyətli rolu olur...
Vətən Müharibəsində Kəlbəcər və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə fəal iştirak edir...
Cəbrayıl istiqamətində gedən döyüşlərdə adsız yüksəkliklərdə düşmən üçün döyüş çəkilişi apararaq koordinatları verən şəxsi yaxalayır və əsgər yoldaşlarını xilas edir...
Onun verdiyi dəqiq koordinatlar nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilir...
Vətən Müharibəsində düşmənin 60-a yaxın canlı qüvvəsini məhv edən, xeyli sayda hərbi texnikasını sıradan çıxardan, Ağdərə və Kəlbəcərdə strateji yüksəkliklərin azad oçunmasında xüsusi şücaət və igidlik göstərən, Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə xüsusilə fərqlənən, öz əzmkarlığı və qorxmazlığı ilə döyüş yoldaşlarına yüksək vətənpərvərlik ruhu aşılayan, Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxaran zaman şəhidlik mərtəbəsinə yüksələn XTQ-nin giziri, kəşfiyyatçı İbrahim Sadıqlı!
İgidimiz Vətənə xidmətə görə "Azərbaycan Ordusunun 100 illiyi" medalı, "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
İgidimizin anası deyir ki, "Dostları ona evlənməyi məsləhət görsə də, o," Qarabağ azad olmayana kimi evlənməyəcəm" deyir... Bizimlə son dəfə əlaqə saxlayanda da dedi ki, "Ana bu mənim sevdiyim peşədir. Məndən ötrü narahat olmayın. Sevə-sevə görürəm işimi"...
Atası Şahin müəllimi dinlədikcə düşünürsən ki, belə atanın oğlu qəhrəman olmaya bilməzdi: "İbrahim evin sonbeşiyi olub. O, bu yolu seçəndə ona xeyir-duanı mən vermişəm. Həmişə də fəxr eləmişəm onunla. Cəbhədən bizimlə danışanda deyirdi ki, mənə görə narahat olmayın. Mən şərəfli yol seçmişəm. Hətta nəsə olsa belə, darıxmayın, üzülməyin. Mən heç bir şəhiddən artıq deyiləm! ". Haqlıydı oğlum. İbrahimdən başqa iki oğlum da var. Lazım gələrsə onlar da silaha sarılıb Vətəni qoruyacaqlar! "
Qardaşı deyir ki, "İbrahim öz işi ilə fəxr edirdi. Hər dəfə danışanda işinin çətinliyindən yox, şərəfli olmağından, sədaqətli olmağından danışırdı. Deyirdi ki," XTQ - də xidmət etmək hər insana nəsib olmur. Ölərəm, bu yoldan dönmərəm!" Xüsusi təyinatlı olmağı ilə həmişə qürurlanırdı.
"Mən şəhid olsam, elə edin ki, bütün Azərbaycan məni tanısın" demisən dostlarına igidim! Səni Azərbaycan sadəcə tanımır, səninlə xalqımız fəxr edir, qürur duyur!
Adını qəhrəmanlığı ilə Azərbaycanın Zəfər tarixinə yazan qardaşım! Allah sənə rəhmət edəsin! Məkanın cənnət, əziz ruhun şad olsun!
Səni unutmarıq! Unutdurmarıq!
Sevinc Bəhmənli