VACİB: Qarabağa köçürülən şəxslərə “kupça” bu tarixdən verilə bilər


Son günlər işğaldan azad olunan ərazilərdə tikilən evlərin sənədinin olub-olmaması haqda müzakirələr gedir. Belə ki, dədə-baba torpaqlarına qaytarılan keçmiş məcburi köçkünlər üçün tikilən evlərə hələ mülk kağızının (“küpça”) verilmədiyi deyilir. Maraqlıdır, onların mülkiyyət hüquqları necə tənzimlənir?

O evlər onlara illik verilir, yoxsa sakinlərlə dövlət qurumları arasında müqavilə bağlanır?

Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı kupça məsələsinin bu gün aktual olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda bu sualın cavabını tapmaq çətin olacaq:

“Aydın məsələdir ki, işğaldan azad olunmuş ərazilərə köçürülən vətəndaşlar bir qayda olaraq həmin torpaqların sakinləridir. Onlar Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün kimi qeyd alınıblar və üzərindən 30 il keçməsinə baxmayaraq, həmin ərazilərdə qeydiyyatdadırlar. Məsələn, mən bu gün Bakı qeydiyyatı ilə gedib desəm ki, mənə Laçında ev verin, verməyəcəklər. Çünki mənim Laçına aid olan hər hansı bir sənədim yoxdur”.

Ramil Osmanlı

R.Osmanlı deyib ki, həmin evlər verilərkən orada müəyyən qaydalar tətbiq olunur:

“Məsələn, kimlərin ki, evləri bərpa olunub, həmin evdə təsbitetmə işləri aparılıb. Yəni evin həmin şəxsə aid olduğunu müəyyənləşdiriblər. Təsbitetmə işi yekunlaşdıqdan sonra isə evlər paylanılıb. Ölkə başçısı da bəyan edib ki, həmin ərazilərdən məcburi köçkün düşən vətəndaşlar dövlət tərəfindən qeydə alınmış sosial qrupdurlar və o vətəndaşların mənzil hüquqları qanunvericiliyə uyğun təmin olunmalıdır. Tutaq ki, ata məcburi köçkün düşərkən onun 2-3 övladı olub və onlar o zaman uşaq olublar, bir təsərrüfat, məcburi köçkün kimi qeydə alınıblar. Bu gün isə həmin uşaqlar evlənib, övladları var. Faktiki olaraq artıq bir təsərrüfat, bir neçə təsərrüfata bölünüb. Bunun birinə ev tikilib verilirsə, qalanları necə olmalıdır? Təbii ki, kimlər ora qayıtmaq istəyirsə, orada yaşamaq niyyətindədirsə, onların hamısı evlə təmin olunmalıdır”.

Ekspert bildirib ki, məsələyə sırf hüquqi tərəfdən yanaşsaq, bu, vətəndaşların konstitusion hüququdur:

“Onların mənzil və yaşayış hüququ təmin olunmalıdır. Bu hüquqlar təbii ki, dövlət qeydiyyatına alınmalı, o insanlara çıxarış verilməlidir. Məsələ bu şəkildə öz həllini tapmalıdır. Amma aydın məsələdir ki, ilkin mərhələdə xüsusilə bəzi rayonlarda evlərin tikilməsi, paylanması məsələsində müəyyən neqativ istiqamətlər ortaya çıxıb. Bu gün onlarla bağlı ciddi araşdırmalar müzakirə mövzusudur və s. Fikrimcə, bu proseslər tam yekunlaşdıqdan sonra oradakı insanların mülkiyyət hüquqları məsələsi də müzakirə olunacaq”.


MANŞET XƏBƏRLƏRİ