Putin-Əliyev-Paşinyan görüşü buna görə baş tutmayıb – SƏBƏBİ BİLİNDİ


Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan Bakı ilə İrəvan arasında münaqişənin həlli üçün hələlik üçtərəfli görüş keçirməyi planlaşdırmırlar.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Uşakov jurnalistin sualına cavab olaraq, hələlik üçtərəfli görüşlə bağlı razılığa gəlməyin mümkün olmadığını deyib. Onun sözlərinə görə, Rusiya bu formata etiraz etməyib, ancaq bəziləri buna razı olmayıb.

Uşakovun kimlərə eyham vurması isə müəmmalı qalıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, üçtərəfli görüşlərə sadəcə Moskvanın özü maraqlıdır:

“Əslinə qalsa, bu tip görüşlər nə Azərbaycan, nə də Ermənistan üçün önəmlidir. Amma Rusiya israrla bu məsələnin həllində əsas iştirakçı tərəf olmaq istəyir.

Üçtərəfli müzakirələrdə birinci Moskvanın, ikinci isə Bakı və İrəvanın maraqları əsas götürülür. Bu isə hər iki Qafqaz dövlətinə qətiyyən sərf etmir. Digər tərəfdən, ABŞ da Rusiyanın münaqişənin həllində rol oynamasını istəmir. Amma regionda daha çox Ermənistanı dəstəkləyir”.

Politoloq qeyd edib ki, əgər Azərbaycan və Ermənistan qalıcı sülh istəyirsə, nəinki Rusiyanı, heç bir üçüncü tərəfi müzakirələrə buraxmamalıdır:

“İrəvan 25 il ərzində regionda Rusiyanın for-postu idi, indi isə bunu ABŞ üçün edir. Amma Ermənistanın əksər sahələri Rusiyadan hələ də asılıdır. Ermənistan bütün xam xəyallarından əl çəkərək, heç kimin əlaltısı olmamalı və Rusiyanın iştirakını istəmədiyi kimi, digər dövlətlərin də məsələyə müdaxiləsinə icazə verməməlidir.

Fikrimcə, münaqişənin həllində hansısa üçüncü qüvvənin iştirakına yer vermək düzgün deyil. Bu məsələ sadəcə Azərbaycan və Ermənistanın ikitərəfli razılığı ilə həll oluna bilər”.


MANŞET XƏBƏRLƏRİ