Azərbaycanın hər qarışında istedadlı gənclər yetişir. Göygöl rayonu idmançıların yetişdirilməsi baxımından aktiv bir bölgədir. Rayonda müxtəlif idman növlərində, xüsusən güləş, futbol, atletika və boksda istedadlı gənclər yetişir.
Turkustan.az xəbər verir ki, gencexeber.az-ın əməkdaşı belə istedadlardan biri – Quşçu kənd sakini, 10 yaşlı kikboksçu Ləman Usubova ilə həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
– Ləman, özün haqqında danışmağını istərdim.
– Göygöl rayonu D.İmanov adına Quşçu kənd tam orta məktəbinin dördüncü sinif şagirdiyəm. 10 yaşım var. Xüsusi istedada malikəm. Çox yaxşı idman hərəkətləri edə bilirəm. Kikboksinqlə məşğul oluram. Döyüşdüyüm uşaqların hər birinə qalib gəlirəm.
İdmanla paralel dərslərimi də yaxşı oxuyuram. Gələcəkdə təhsilimi idman sahəsi üzrə davam etdirməyi düşünürəm.
– Necə oldu ki, bu idman növü ilə məşğul olmağa qərar verdin? Marağın necə yarandı?
– Kiçik yaşlarımdan idmanla məşğul oluram. İdmanı çox sevirəm. Ən çox kikboksinqi bəyənirəm. Müəllim yanına iki il getdim. Atamın maddi imkanı olmadığı üçün artıq gedə bilmirəm. Məşqləri evdə davam etdirirəm.
– Ailəni səni idmana yönəltdiyini dedin. Ən böyük dəstəkçin kim olub?
– Ən böyük dəstəkçim atamdır. Ailəm hər zaman mənə yön verib. İdmanı da elə mənə atam sevdirib.
– İdmana başladığın günü necə xatırlayırsan?
– İlk dəfə gimnastikaya başladım. Evdə müxtəlif hərəkətlər edirdim. İdmana xüsusi marağım yaranmışdı. Atam daim evdə mənimlə məşğul olurdu. Atam özü də idman həvəskardır.
– Gələcəkdə bu sənəti davam etdirmək istəyərsən?
– Əlbəttə, gələcəkdə də davam etdirməyi düşünürəm. İmkanım olsa kikboksinq üzrə davam etdirəcəyəm.
– Niyə sırf kikboksinq? Bu idman növü ilə peşəkar səviyyədə məşğul olmağı düşünürsən?
– Kikboksinqə daha çox həvəsim var. Onu daha çox sevirəm. Daha çətin olsa da, sevirəm. Zədə almıram. Öz həmyaşıdlarım arasında qalib gəlirəm. Məğlub olmağı düşünmürəm. Hər zaman qalib oluram. Böyüyəndə bu sahə üzrə peşəkar olmağı düşünürəm. Həm yarışlara getmək, həm də müəllim olaraq uşaqlara bu sahəni sevdirmək istəyirəm.
– Kikboksinq sənin üçün nəyi ifadə edir?
– Kikboksinq deyəndə qalibiyyət yada düşür. Mənə görə kikboksinq qalibiyyəti ifadə edir.
– Yarışlarda iştirak etmisən?
– Bəli, iki dəfə Göygöl rayonunun Xanlar kəndində döyüşmüşəm. Birinci dəfə mənim 9 yaşım olanda özümdən 5 yaş böyük qızla üz-üzə gəldim. Onda birinci yerə çıxdım. Ümumilikdə iki dəfə birinci yerə çıxdım. Bakıda da ikinci yerə layiq görüldüm. Cəriməni iki dəfə çox aldığım üçün ikinci yerə çıxdım. Qız mənə təpik atanda, mən ona cavab verməməliydim. Bunun üçün uduzdum. Qalibiyyəti sevirəm. Məqsədim hər zaman qələbə qazanmaqdır.
– Kikboksinqdə əsas rolu nə oynayır?
– Kikboksinqdə əsas cərimə almamaqdır. Döyüşən zaman cərimə sayı dördü keçsə, məğlub ola bilərsən. Yumruq, təpik əsas rol oynayır. Heç vaxt zərbə, zədə almamışam.
– Sizcə, kikboksinqə maraq ölkəmizdə hansı səviyyədədir və bu idmanla məşğul olmaq insanlara nə qazandırır?
– Ölkəmizdə kikboksinqə maraq var. Özüm də həvəskaram, sevirəm. Davam etdirəcəyəm. Kikboksinq insanlara sağlamlıq, birinci olmağı qazandırır. Bayrağımızı yüksəklərdə dalğalandırmağı qismət edir.
– Ailəndə idmanla məşğul olan var?
– Bəli, var. Mənim kiçik bacım və qardaşım da idmanla məşğul olurlar. Balaca bacımın 4 yaşı, qardaşımın da 9 yaşı var. Bacım idmana getmir. Evdə öyrədirəm. Qardaşım mənlə kikboksinqə gedirdi.
– Ölkəmizi Avropada, dünya miqyasında təmsil etməyi düşünürsən?
– Gələcəkdə ölkəmizi dünya arenasında təmsil etməyi düşünürəm. Hələ ki, gedə bilmirəm. İmkan olmadığı üçün istədiyim kimi alınmır. İnşallah, qismət olar.