Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gənc Vətənpərvərlər İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Vətənpərvərlik Ruhu” adlı layihə çərçivəsində “Azərbaycanın ərazi bütövlüyü bizim üçün əsas məqsəddir” mövzusunda növbəti tədbir keçirilib. Tədbir Gənclər Təşkilatları Milli Şurasının Resurs Mərkəzində baş tutub.
QHT.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltmək olub. Gənclərin vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilib, düşmənlərin Azərbaycana vurduğu zərərlər haqqında geniş məlumat verilib.
Tədbir açıq elan edilməsi ilə, Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatlarla əlaqələr üzrə katibi Elnarə Əliyeva tədbir haqqında ümumi məlumat verməzdən əvvəl, Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyliyin salamlarını tədbir iştirakçılarına çatdırdı.
Tədbirdə “Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri Müqamət Əliyev çıxış edərək bildirib ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır. Milli mənəvi dəyərlər, tarixi keçmişimiz və bu günümüz gənclərə aşılanmalıdır.
Gənclər Təşkilatları Milli Şurasının baş katibi Nərmin Hüseyinzadə vurğulayıb ki, yaşadığımız dövrdə gənc nəsil kiçik yaşlarından vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. O, vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərin aşılanmasında ailənin və cəmiyyətin böyük rolunu qeyd edib.
Gənc Vətənpərvərlər İctimai Birliyinin hərbi məsələlər üzrə müşaviri Qarabağ qazisi Asif Rəsulov, Göyərçin Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri G. Vəlixanlı, dünya çempionu Ş. Hüseyinov və digərləri qeyd ediblər ki, bu tədbirin keçirilməsi gənclərin maariflənməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.
Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub.
Tədbirin sonunda Azərbaycanın qazi və qəhrəmanlarının döyüş yolunu əks etdirən videoçarx və fotoslayt nümayiş olunmuş, suallar cavablandırılmış və iştirakçılara layihə çərçivəsində üzərində QHT Dövlət Dəstəyi Agentliyinin və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş qovluq, bloknot, qələm təqdim olunmuşdur. “Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir” mövzusunda inşa yazısı müsabiqəsinin 1-ci yerinin qalibi Xəzər Universitetinin 4-cü kurs tələbəsi Mələkxanım İskəndərli, 2-ci yerin qalibi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi Sara Əliyeva və 3-cü yerin qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi Xatirə Talıbzadə Sertifikat və hədiyyələr, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunub.
Tədbirdə Gənc Vətənpərvərlər İctimai Birliyinin İdarə Heyəti, Kempo karate üzrə dünya çempionu Ş. Hüseyinov, Göyərçin Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri G. Vəlixanlı və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.