Erməni hərbi cinayətkarları tutub Bakıya gətirə bilərik!


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə erməni hərbi cinayətkarlarının cəzalandırılmasından yazıb.

“Erməni işğalından azad edilən Azərbaycanın Sırxavənd kəndində yeni kütləvi məzarlıqlar aşkar edilib. Ermənistanın Azərbaycana qarşı 30 ildir davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir. 4 000-dən çox azərbaycanlı Ermənistan tərəfindən konsentrasiya düşərgələrində işgəncələrə məruz qalaraq öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Ermənistan bu günədək bu cinayətlərə görə məsuliyyət daşıyan bir nəfəri də cəzalandırmayıb. Əksinə, onlar tərənnüm edilib və mükafatlandırılıb. Ermənistan kütləvi məzarlıqların yeri ilə bağlı bütün tarix və məlumatları gizlədir. Ermənistan bütün bu cinayətlərə görə dövlətin məsuliyyətini etiraf edərək keçid ədalətinə və münaqişədən sonrakı barışığa həqiqi sadiqliyini nümayiş etdirməli və bütün hərbi cinayətkarları müvafiq qaydada araşdırıb cəzalandırmalıdır”, - o qeyd edib.

Hərbi cinayətkarların verilməsi məsələsində indiyə kimi Ermənistan tərəfindən addımlar atılmayıb. Beynəlxalq arenada da bu məsələyə elə də əhəmiyyət verilimir. Həmişə olduğu kimi, bu məsələnin həllində də Azərbaycan özü nəsə edə bilər.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, Azərbaycan vətəndaşlarına qarşı müharibə cinayətləri həyata keçirən erməni canilərin Azərbaycana təhvil verilməsi sülh sazişinin şərti kimi irəli sürülməlidir:

“İkinci Qarabağ müharibəsinə qədər, eləcə də müharibədən sonra Azərbaycan vətəndaşlarına qarşı müharibə cinayətləri həyata keçirilib. Həmin cinayətlərinin başında duran cinayətkarlar olublar. Həmin cinayətkarların başçılarının adları məlumdur. Azərbaycan hüquq-mühafizə orqanları da cinayətlərin digər iştirakçılarının da adlarını müəyyənləşdirib. Məsələ burasındadır ki, Azərbaycanla Ermənistan arasında hazırda dialoq var. Sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar gedir. Sülh müqaviləsi imzalanana qədər Azərbaycanın irəli sürdüyü şərtlərdən biri də cinayətkarların təhvil verilməsi olmalıdır. Çünki müharibə cinayəti törədən cinayətkarlar heç bir halda cinayət məsuliyyətindən kənarda qalmamalıdırlar. Normal qonşuluq münasibətləri hədəflənirsə, Ermənistan qatı cinayətkarları Azərbaycana təhvil verməlidir. Bu çətin prosesdir. Hər halda Ermənsitan cəmiyyətində buna ciddi reaksiyalar olacaq. Azərbaycan bununla əlaqədar olaraq beynəlxalq məhkəmələrə də mürciət edə bilər. Qiyabi olaraq, həmin cinayətkarların həbsi ilə bağlı qərar da verilə bilər. Bununla bağlı İnterpola da müraciət oluna bilər. Bütün bu hüquqi instansiyalar da keçilməlidir. Qarşı tərəfin hansı mövqedə olacağı təbii ki, özünü gələcək münasibətlərdə göstərəcək. Hesab edirəm ki, qarşı tərəf də bunu qəbul etməlidir. İlk olaraq həzm də bilməsələr də, növbəti etaplarda Azərbaycanla normal münasibətlərin formalaşmasında maraqlı olduqlarının sübutu kimi addımlar atmalı və Azərbaycanın haqlı tələbləri yerinə yetirilməlidir”.

Arzuxan Əlizadə MOSSAD təcrübəsindən istifadə edilə biləcəyini söyləyib:

“Dünyada, təbii ki, hərbi cinayətkarların həbsi ilə bağlı MOSSAD təcrübəsi də var. Cinayətkarlar üçüncü ölkələrə gedəcəklərsə və həmin ölkələrlə Azərbaycanın hüquqi yardım haqqında müqavilələri, razılaşmaları varsa, həmin ərazilərdə onları həbs edib Azərbaycana gətirilməsi təmin edilə bilər. Bu,ikinci istiqamətdir və bu istiqamətdə fəaliyyət olduqca vacibdir”.


MANŞET XƏBƏRLƏRİ