"İtkin düşmüş mülki şəxslərin daxili orqanları əcnəbilərə satılıb" - Deputat


"İtkin düşmüş şəxslərlə bağlı məsələ əsas hədəflərimizdən biri olmalıdır. Ermənistanla danışıqlarda da məsələni gündəmdə saxlamalıyıq".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa İrəvanın itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları Azərbaycan tərəfinə verməsi üçün hansı addımların atılması vacibliyindən danışarkən deyib.

Deputat bildirib ki, itkin düşmüş şəxslərlə bağlı Ermənistanın davranışı həqiqətən də insanlıq prinsiplərinə uyğun gəlmir:

"Bu, Ermənistanı qınaq obyektinə çevirmək üçün əsaslı, tutarlı mövzudur. İndiyə qədər də lazımi səviyyədə məlumat verilməyib. Xeyli sayda azərbaycanlının taleyi barədə bilgi yoxdur. Həm də ermənilər onlara münasibətdə hərbi əsir kimi davranmayıblar. Mülki şəxslərin əksəriyyətinin orqanları satılıb. Bütün bu faktları ancaq beynəlxalq və müstəqil ekspertlər üzə çıxarmağa çalışmalıdır".

Fazil Mustafa qeyd edib ki, Ermənistanın törətdiyi cinayət və vəhşilikləri etiraf etməklə üzr istəməsi üçün erməni cəmiyyəti sağlam mühakimə ilə düşünməlidir:

"Amma indilikdə bu sağlam mühakiməni Ermənistan cəmiyyətində görmürük. Ermənistanı buna məcbur etməliyik. Beynəlxalq səviyyədə bu addımın atılması və beynəlxalq sənədlərdə Ermənistan qarşısında həmin tələbin qoyulması vacibdir. Özlüyündə İrəvan bunu etməyəcək. Lakin beynəlxalq tələblər gücləndikcə, təzyiqlər artdıqca bunu etməyə məcbur olacaq. Beynəlxalq ictimaiyyət isə hələ də işğal nəticəsində azərbaycanlıların tapdanmış hüquqlarını qorumaq niyyətində deyil. Əksinə, öz tayları olan erməni cinayətkarları müdafiə edirlər. Qırmızı Xaç Komitəsi də bir çox hallarda eyni missiyanı yerinə yetirir".

Deputatın fikrincə, Azərbaycan öz haqqının tanınması üçün hələ çox çalışmalıdır:

"Bu, beynəlxalq siyasətdə əsas hədəflərimizdən biri olmalıdır. Digər tərəfdən, Ermənistanla danışıqlarda da məsələni aktual olaraq gündəmdə saxlamalıyıq. Belə bir məsələnin danışıqların predmeti olması İrəvanı müəyyən addımlar atmağa məcbur edəcək. İtkin düşmüş şəxslərlə bağlı həqiqətlərin üzə çıxması dövlətimizin bilavasitə hədəflərindən biridir. Müvafiq qurumlar bu işin öhdəsindən yüksək səviyyədə gəlir".

Qeyd edək ki, oktyabrın 2-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin "həqiqəti bilmək" hüququnun dəstəklənməsi" mövzusunda növbəti beynəlxalq konfrans təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı məktubda I Qarabağ müharibəsi nəticəsində 4000-dək azərbaycanlının itkin düşdüyü bildirilib:

"Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanıb”.

Prezident bildirib ki, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılıb:

"Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirib. Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir".

Rüfət Sultan


MANŞET XƏBƏRLƏRİ