Paşinyan Azərbaycanın şərtlərini qəbul etdi! - "Ancaq bu, tam həll deyil"


Bir neçə gün əvvəl Ermənistan Konstitusiya Məhkəməsi dövlət sərhədinin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının işi haqqında Əsasnamənin ölkə Konstitusiyasına uyğun olduğunu bildirib. Ermənistan Konstitusiya Məhkəməsinin qərarının tam mətni isə ötən gün yayımlanıb.

Məhkəmə faktiki olaraq Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadı etibarsız sayıb. Sözügedən bəyannamə Azərbaycanın narazılığına səbəb olub. Rəsmi Bakı Ermənistandan Konstitusiyanın dəyişdirilməsini tələb edir. Bəyannamədə Qarabağda özünü buraxan keçmiş separatçı qurumla Ermənistanın birləşməsinə çağırış edilir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan BMT tribunasında bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsinin Ermənistanın əsas qanununa zidd olduğu qənaətinə gələrsə, sülh naminə konstitusiya dəyişikliklərinə ehtiyac yaranacaq.

“Azərbaycanla sülh müqaviləsi imzalanarsa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək və əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, o zaman biz elə bir vəziyyətə düşəcəyik ki, sülhə nail olmaq naminə konstitusiya dəyişiklikləri zəruri olacaq”, - deyə o bildirib.

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Baş nazir Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı, əslində, konstitusiya dəyişikliyinə eyham vurub, lakin tərs istiqamətdən hərəkət edir:

"O, iclas zamanı deyib ki, Azərbaycanla sülh müqaviləsi imzalansa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün saziş ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək. Paşinyan Konstitusiya Məhkəməsinin sülh müqaviləsinin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gələcəyi halda sülhə nail olmaq naminə Konstitusiya dəyişiklikləri zəruri olacağını bildirib. Bununla Nikol Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyada dəyişikliklərə hazır olduğuna eyham vurub. Ancaq Paşinyan tərs istiqamətdən hərəkət etməyə qərar verib. O sanki Prezident İlham Əliyevə təklif edir ki, əvvəlcə sülh sazişini imzalayaq, bundan sonra Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bənd çıxarılacaq. Bundan əvvəl isə Ermənistan Konstitusiya Məhkəməsi dövlət sərhədinin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının işi haqqında Əsasnamənin ölkə Konstitusiyasına uyğun olduğunu bildirib. Ermənistanda bunu Konstitusiya Məhkəməsinin faktiki olaraq Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadı etibarsız saydığını göstərməsi kimi izah edirlər. Beləliklə, Paşinyan referendum keçirmədən Ermənistan Konstitusiyasının Azərbaycana aid hissəsinin hüquqi qüvvəsini faktiki itirməsinə nail olub. Ancaq bu, tam həll deyil".

E.Şahinoğlu vurğulayıb ki, Rəsmi Bakı məsələyə birdəfəlik son qoymaq istəyir:

"Rəsmi Bakı məsələyə birdəfəlik son qoymaq üçün Emənistanda xalqın iştirakıyla referendum keçirilməsini təklif edib ki, gələcəkdə Ermənistana rəhbərlik edəcək heç bir şəxs konstitusiyaya əsaslanaraq Azərbaycana qarşı ərazi iddiasını irəli sürə bilməsin. Paşinyan bu qədər manevr etməkdənsə, konstitusiyada Müstəqillik Bəyannaməsiylə bağlı bəndi çıxarmağa qərar versə, məsələ müsbət həll olunar və sülh sazişinin imzalanması yolunda əsas əngəl ortadan qaldırılar".


MANŞET XƏBƏRLƏRİ