BMT-də islahatlar zərurəti - İlk çağırışı Azərbaycan edib


Məhbubə Mehdiyeva,

Araşdırmaçı-sosioloq

BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edənlərin əksəriyyəti - istər ayrı-ayrı ölkələrin liderləri, istərsə də xarici işlər nazirləri öz nitqlərində qlobal institutlar və beynəlxalq təşkilatlarda təcili islahatlar keçirilməsinin zəruriliyi ilə bağlı çağırışlar edirlər. Bu təbii və dərhal icra olunmalı məsələdir. Çünki mövcud sistem dünyanın müxtəlif yerlərində davam edən münaqişə, humanitar fəlakət və problemlərin qarşısında acizdir.

BMT Baş katibi Antonio Quterreş hətta özü də açılış nitqində beynəlxalq qurumlarda qlobal bərabərsizliyin olduğunu etiraf edərək, BMT Təhlükəsizlik Şurasının İkinci Dünya müharibəsinin qalibləri tərəfindən yaradıldığını və artıq yenilənməsinin vacibliyini önə çəkib.

Məlumdur ki, bu mövqe əvvəllər bir neçə dəfə Prezident İlham Əliyev tərəfindən də bəyan edilib. Xüsusilə də Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə hərəkatda təmsil olunan ölkələrin Təhlükəsizlik Şurasında təmsilçiliyinin olmasının vacibliyi dəfələrlə vurğulanıb.

Eyni mövqeni Türkiyə lideri Ərdoğan da müdafiə edib. Onun “dünya beşdən böyükdür” çağırışı məhz elə Təhlükəsizlik Şurasındakı ölkələrin adekvat olmayan münasibəti sayəsində BMT-nin təsis missiyasını yerinə yetirməkdə səmərəsiz hala düşməsinə işarədir. Yeri gəlmişkən, cənab Ərdoğan Baş Assambleyanın son sessiyasında da beynəlxalq “sülh və təhlükəsizlik beş imtiyazlı ölkənin şıltaqlığına buraxılmayacaq qədər vacibdir” bəyanatı ilə çıxış edərək diqqəti bir daha islahatların vacibliyinə yönəltdi.

Həqiqətən də BMT-nin təhlükəsizlik problemlərinin öhdəsindən gələ bilmədiyi artıq uzun müddətdir ki, özünü açıq surətdə göstərir. Təşkilatın hazırkı mərhələdə öz rolunu tam yerinə yetirməsi üçün ciddi yenilənmələr gərəkdir. Onları həyata keçirmədən qlobal təhlükəsizliyi təmin etmək olduqca çətin, bəzən mümkünsüz olacaq. İndi müxtəlif regionlarda müşahidə edilən ziddiyyətli proseslər bu qənaəti bir daha təsdiq edir. Dünya faktiki olaraq, xaosa sürüklənir, yeni cəbhələr açılır. Bu səbəbdən BMT kimi nüfuzlu və universal funksiyalı bir beynəlxalq təşkilatın XXI əsrin çağırışlarına uyğun yeniləşməsi vacibdir.

Düzdür, keçən əsrin ortalarında yaradılmış bir təşkilat olaraq BMT zamanında beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün çox cəhdlər edib. Beynəlxalq təhlükəsizlik konsepsiyalarının yeniləşməsinə uyğun olaraq BMT də müvafiq təşkilati, struktur və funksional dəyişikliklər aparmalı olub, müvafiq yeniliklər həyata keçirib. Lakin müasir mərhələdə meydana çıxan beynəlxalq təhlükəsizlik üçün çoxsaylı təhdidlərin aradan qaldırılmasında BMT-nin ciddi çətinliklərlə üzləşdiyi ortadadır.

Burada bir faktı xüsusilə qeyd etməliyik: Ermənistan Qarabağı işğal etdikdən sonra 1990-cı illərin əvvəlində BMT Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal geri qaytarılması üçün 4 qətnamə qəbul etdi. Ancaq BMT həmin qətnamələrin icrasına nail ola bilmədi. Nəhayət, Azərbaycan 27 sentyabr 2020-ci ildə başlatdığı hərbi, daha sonra apardığı hərbi-siyasi proseslə BMT qərarlarını özü təkbaşına icra etdi...

Bu gün dünyada gedən arzuolunmaz proseslərin fonunda BMT-nin hazırkı statusla heç bir təsir imkanlarının olmaması bir daha aydın olur.

Odur ki, bu mühüm beynəlxalq təşkilatın dünya siyasətindəki yeri və roluna yenidən baxılması vacib, zəruri və qaçılmazdır.


MANŞET XƏBƏRLƏRİ