Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı olub.
Ölkə başçısı İlham Əliyevin bu mərasimə qatılması müasir Azərbaycanda aşıq sənətinin hər zaman yaşayacağına bir işarə sayılmalıdır.
Bununla belə bəzi sosial şəbəkələrdə Aşıq Ələsgərin heykəli ilə bağlı tənqidi fikirlər səsləndirilib.
İddia olunub ki, bu heykəl əsl Aşıq Ələsgərin simasını ifadə etmir.
Gununsesi.info-nun əməkdaşı Azərbaycanın daha bir görkəmli saz -söz ustadı Dədə Şəmşirin adını daşıyan Dədə Şəmşir Ocağı İctimai Birliyinin sədri Cavid Qurbanovdan heykəllə bağlı fikirlərini soruşub.
Saytımıza açıqlamasında Cavid Qurbanov deyib: “Heykəlin necə hazırlanması, onun Aşıq Ələsgərin tam obrazını ifadə edib-etməməsi barədə fikirlərlə mən də tanış oldum. Bu haqda rəssamlar, heykəltəraşlar danışa, fikir söyləyə bilər. Yəni ki, sənət nöqteyi-baxımından bir heykəlin duruşunda həmin şəxsiyyətin xarakterinə, obrazına hansısa uyğun gəlməyən detallar axtarmaq peşəkarların işidir. Bu heykəlin indiki məqamda ucaldılmasının mahiyyətinə, onun gələcəyə verdiyi mesaja baxmaq lazımdır. Cənab Prezident Dədə Ələsgər haqqında yüksək fikirlər səsləndirdi. Mənim ulu babam Qurban kişi Dədə Ələsgərin yaxın dostu olub. Şəmşir babama mənəvi ata sayılıb. Babamdan Dədə Ələsgər haqqında o qədər gözəl sözlər eşitmişəm ki, bu gün onların hamısını Cənab Prezident ifadə etdi.
Aşıq Ələsgər haqqında bilgisi olmayanlar yazır ki, təzənəni sol əlində tutub. Bəli, Dədə Ələsgər solaxay olub. Ona görə bir daha bu heykəlin Qərbi Azərbaycana qayıdış yolunda bizə verdiyi ruha diqqət etməliyik. Dədə Ələsgər Cənubi Azərbaycan elindən tutmuş bütün Türk dünyasınının sevilən saz-söz ustadı olub. Sevindirici haldır ki, müasir dövrümüzdə Dədə Ələsgər, Dədə Şəmşir kimi şəxsiyyətlərin irsi öyrənilir, unudulmağa qoyulmur”.