"Peycer olayı" ilk deyil - Cövhər Dudayevin müəmmalı qətl tarixçəsi...


Livandakı Hizbullah qruplaşmasının üzvlərinə məxsus peycerlərin kütləvi partladılması olayı hazırda dünya mətbuatının gündəmindədir. Əsas müzakirə mövzularından biri elektron cihazların və texnoloji avadanlıqların təhlükəyə çevrilməsi riskidir. Belə ki, çoxları artıq mobil telefonların və müxtəlif rabitə vasitələrinin təhdidə çevrilməsindən narahatdır.

Bu qədər şok effekti yaratmasına baxmayaraq əslində peycer olayı ilk belə hadisə deyil. 1996-cı ildə HƏMAS-ın "bomba ustası" Yəhya Ayyaş, ondan əvvəl Fələstin Azadlıq Təşkilatının (FAT) əsas üzvlərindən Mahmud Hamşari də məhz mobil cihazlarının partladılması nəticəsində ölüblər.

Modern.azisə başqa bir belə hadisənin - Çeçenistandakı müstəqil İçkeriya Respublikasının qurucusu və ilk lideri, əfsanəvi çeçen komandan Cövhər Dudayevin sui-qəsd tarixçəsinə nəzər salıb.

Dudayev müharibədə Rusiya ordusunun Çeçenistanda ağır itkilərindən sonra peyk telefonu ilə danışarkən yeri müəyyən edildikdən sonra raketlə vurulmuşdu. 21 aprel 1996-cı ildə sui-qəsd nəticəsində qətlə yetirilən Çeçenistan lideri 1991-1996-cı illərdə İçkeriya Çeçen Respublikasının prezidenti olub, 1987-1990-cı illərdə isə Sovet İttifaqının generalı olub.

Dudayev 1944-cü il fevralın 15-də Çeçenistanın Yelhoroy kəndində Musa və Rabia Dudayevlərin 13-cü övladı olaraq anadan olub. Hələ körpə ikən 1944-cü il fevralın 27-də sovet rejimi bütün çeçenləri Çeçenistandan Orta Asiyaya deportasiya etdiyi və çoxlu çeçenlərin yolda həyatını itirdiyi böyük köçdə o da yurdundan didərgin düşüb.

Qazaxıstanda böyüyən Dudayev 1957-ci ildə çeçenlərin Çeçenistana qayıtmasına icazə verdikdən sonra ailəsi ilə birlikdə Çeçenistana qayıdıb, lakin onların kəndi Yelhoroy tamamilə dağıdıldığından burada məskunlaşmaq mümkün olmayıb və Dudayevlər ailəsi Çeçenistanın paytaxtı Qroznıya köçüblər. Bir müddət elektronika sahəsində təhsil alan və bu sahədə çalışan Dudayev 1962-ci ildə ordunun aviasiya bölməsinə daxil olur.

1974-cü ildə Sovet Ordusunun ən nüfuzlu müəssisələrindən olan Moskvada Qaqarin adına Hərbi Hava Akademiyasını bitirib. O, rus sovet zabitinin qızı Alla Fyodorovna (Dudayeva) (1947-) ilə ailə qurub. Onun bu evlilikdən iki oğlu və bir qızı olub. Dudayev Sovet İttifaqının Əfqanıstana müdaxiləsində iştirak edib və bu müharibədə iştirakına görə “Qırmızı Ulduz” və “Qırmızı Bayraq” ordeni alıb.

1987-ci ildə general-mayor rütbəsi alan Dudayev Estoniya SSR-in Baltik dənizi sahilində yerləşən və NATO ölkələrinə yaxınlığı səbəbindən irəli xətt olaraq görülən və nüvə silahlarının da olduğu Tartu bazasına rəhbər təyin edilib. 1990-cı il martın 18-də Estoniya Sovet Sosialist Respublikasının tarixində ilk dəfə çoxpartiyalı seçkilərdə Xalq Cəbhəsi Kommunist Partiyasını məğlub edib.

Estonların cəzalandırılması ilə bağlı Moskvadan gələn göstərişi icra etməkdən imtina edən Dudayev qovulmasını gözləmədən istefa verir və Estoniyada böyük nüduz qazanır. 1990-cı ilin mayında Çeçenistana qayıdır. Sovet İttifaqının dağılma prosesində olduğu dövrdə o, muxtar respublika olan Çeçenistanı idarə edən kommunistlərə qarşı Çeçen Milli Konqresi adlı müxalifət təşkilatı yaradır və böyük dəstək toplayır.

Tədricən hakimiyyəti nəzarətə götürən hərəkat Çeçenistanın faktiki olaraq müstəqilliyinə nail olur. Həmin vaxt Sovet İttifaqının mərkəzi orqanları bir çox problemlərlə eyni vaxtda məşğul olmalı olduğu üçün Çeçenistana istədikləri müdaxiləni edə bilmir. 1991-ci ilin oktyabrında Çeçenistanda keçirilən referendumla Çeçenistan İçkeriya Respublikası elan edilir və Dudayev prezident seçilir.

Sovet İttifaqına daxil olan respublikaların öz müstəqilliklərini elan etməyə davam etdiyi bir vaxtda - 1991-ci il noyabrın 1-də Dudayev yeni respublikanın Sovet İttifaqından ayrılaraq müstəqil olduğunu bəyan edir. Bir müddət sonra Boris Yeltsin Çeçenistana müdaxilə əmri verir. Yeltsinin arqumenti belə olur ki, müstəqillik elan edən respublikalar SSRİ-nin tərkib hissələridir.

Amma Çeçenistanın belə hüququ yoxdur, çünki Çeçenistan bu tərkib hissələrindən biri olan Rusiyanın muxtariyyətlərindən biridir. İlkin mərhələdə Rusiya qüvvələri Çeçenistanı ram edə bilmədilər və üstünlük İçkeriya tərəfdə oldu. İttifaqın dağılması nəticəsində yaranan problemlərə görə Çeçenistanla hesablaşmaq ertələndi. Moskva İçkeriyanın müstəqilliyini tanımasa da, bir müddət de-fakto vəziyyətlə barışmalı oldu.

1991-ci il noyabrın 30-da Çeçen-İnquş MSSR-in bir parçası olmuş İnquşetiyada keçirilən referendumla inquşların Çeçenistandan ayrılaraq Rusiyanın tərkibində muxtar respublika olması qərara alınıb. İçkeriya bu qərarın icrasına mane olmadı. 1991-ci ilin dekabrında Sovet İttifaqının dağılması rəsmən elan edildi və Boris Yeltsin Rusiya Federasiyasının prezidenti oldu.

1992-ci il martın 12-də Çeçenistan parlamenti öz konstitusiyasını qəbul etdi. Martın 31-də Rusiya Federasiyasına tabe olan 19 muxtar respublika yeni birlik müqaviləsi imzalasa da, Çeçenistan müstəqil ölkə olmasını əsas gətirərək bu müqavilədə iştirak etmədi. Rusiya Çeçenistanın müstəqilliyini qəbul etməsə də, 1992-ci ilin aprelində İçkeriya ilə bağladığı müqavilə ilə son rus əsgərlərini Çeçenistandan çıxardı.

Dudayev Çeçenistanın müstəqilliyinin tanınması ilə bağlı səy göstərsə də, buna nail ola bilmədi. Bundan sonra o, Çeçenistanın müstəqilliyini tanıyacağına ümid etdiyi ölkələrə səfər edərək prosesi ikitərəfli əlaqələr vasitəsilə sınadı. Səudiyyə Ərəbistanı, Küveyt və İordaniya ilə əlaqə saxlayan Dudayev bu ölkələrə - Yaxın Şərq turnesinə çıxdı. İordaniya Rusiyanın təzyiqi sonradan səfəri ləğv etdi.

Dudayev 1992-ci ilin avqustunda Küveyt əmiri Cabir bin Əhməd əl-Sabah və Səudiyyə kralı Fehd bin Əbdüləzizlə görüşdü. Səfərdən sonra Çeçenistanla bu iki ölkə arasında əlaqələr qurulsa da, tanınma baş tutmadı. Onun Türkiyə və Şimali Kiprə də səfərləri məlumdur. Ankaradakı səfər qeyri-rəsmi xarakter daşısa da, Şimali Kiprin paytaxtı Lefkoşada Dudayevi hava limanında prezident Rauf Denktaş qarşılayıb.

Dudayev buradan müharibə şəraitində olan Bosniya və Hersoqovina, oradan isə ABŞ-a gedib. Dudayevin bütün cəhdlərinə baxmayaraq, Dudayev sağ ikən heç bir dövlət Çeçenistanın müstəqilliyini tanımadı. 1993-cü ilə qədər Rusiyanın daxili problemlərinin müəyyən qədər həll olunduğunu düşünən Yeltsin Çeçenistanı geri qaytarmağın yollarını axtarmağa başladı.

İlkin olaraq iddia edilirdi ki, Rusiyayönümlü çeçenlər Çeçenistana birbaşa müdaxilə etmək əvəzinə Dudayevi içəridən devirməyə çalışırlar. 8 avqust 1993-cü ildə Dudayev təşkilində Rusiyanı günahlandırdığı sui-qəsddən sağ çıxdı. Oktyabrda Yeltsin indiyə qədər Çeçenistana göz yumduqlarını, bu vəziyyətin davam etməsinə imkan verməyəcəklərini, Çeçenistanın muxtar respublika statusuna razılıq verməli olduğunu bildirdi.

Bu, Dudayev tərəfindən qəti şəkildə rədd edildi. Bundan sonra Moskva Çeçenistanın daxilində müəyyən çaxnaşmalar törətməyə nail olsa da, istənilən nəticə əldə olunmadı. Yeltsin Rusiya Ordusunun genişmiqyaslı birbaşa müdaxiləsi olmadan Dudayevi devirə bilməyəcəyini düşünərək 1994-cü ilin dekabrında Çeçenistana qoşun yeritmək qərarına gəldi.

Rusiya ordusu 1994-cü il dekabrın 11-də Çeçenistana böyük hava və quru əməliyyatına başladı. Rusiyanın hərbi planı paytaxtı ələ keçirməklə müqaviməti qırmaq planına əsaslanırdı. Onlar düşünürdülər ki, Qroznı ələ keçirilərsə, Dudayev sağ qalsa da, ümidsiz halda müharibədən əl çəkəcək. Lakin paytaxtın ələ keçirilməsi cəhdi də uğursuzluqla nəticələndi.

Lkain Rusiya ordusu şəhərə yenidən intensiv hücuma keçdi və 1995-ci il yanvarın 19-da xarabalığa çevrilmiş prezident sarayına gəlib çıxdı. Bundan sonra İçkeriya müdafiəçiləri taktikalarını dəyişərək Qroznı və Çeçenistanda partizan müharibəsinə keçdilər. Qroznıda toqquşmalar 1995-ci ilin martına qədər davam etdi. Qroznıda bir neçə ay ərzində 30 mindən çox dinc sakinin qətlə yetirildiyi barədə məlumatlar var.

Rusiya ordusu paytaxta nəzarəti bərqərar etsə də, Dudayevin komandanlığı ilə İçkeriya müdafiəçiləri Çeçenistanın əyalət şəhərlərində və kənd yerlərində intensiv müqavimətə başladılar. 1995-ci il martın 10-da Şalidə cümə namazı zamanı Dudayev birmənalı qarşılanmayan qərarı açıqladı - Çeçenistanda İslam Dövlətinə keçdiklərini bəyan etdi. Bir sıra təhlilçilər Çeçenistanda milli hərəkatın uğursuzluğunu bu amilə bağlayır.

Dudayevə sui-qəsd

21 aprel 1996-cı ildə Çeçenistanın Gehi-Çu kəndində Cövhər Dudayev peyk telefonu ilə danışarkən yeri müəyyən edilib, raketlə vurularaq həyatını itirib. Onun həmin vaxt rusiyalı deputat Konstantin Borovoyla danışıqlar apardığı deyilir. Dudayevin ölümündən sonra ona yaxın olan bir çox adam, xüsusilə onun həyat yoldaşı Alla Dudayeva sui-qəsdin ABŞ və Rusiyadan bəzi adların ortaqlığı ilə həyata keçirildiyini müdafiə edib.

Belə ki, iddialara görə ABŞ Dudayevin telefonla danışdığı yeri aşkar edib və Rusiyaya məlumat verib, Moskva isə vurub. Alla Dudayeva həyat yoldaşı haqqında xatirələrini əks etdirən "Milyon birinci" adlı kitab yazıb. Qeyd etmək lazımdır ki, həmin dövrdə Vaşinqtonun postsovet məkanındakı siyasəti "Russiya First" (ilk növbədə Rusiya) strategiyasına əsaslanırdı və ABŞ-la Rusiya arasında Yeltsin dövründə münasibətlər normal idi.

Onun öldürülməsindən sonra Zəlimxan Yandarbiyev Çeçenistan prezidenti vəzifəsində Dudayevi əvəz etdi və müharibə davam etdi. Qroznı şəhəri Cövhər Dudayevin şərəfinə Cövhərqala adlandırıldı. 2000-ci illərin əvvəlində müqavimət hərəkatı məğlub oldu və Çeçenistan mərkəzi Rusiya hakimiyyətinə tabe olan muxtar subyektlərdən birinə çevrildi.


MANŞET XƏBƏRLƏRİ