Yücel Karauz: “Onların duası oxundu, halvası yeyildi”


Məlum olub ki, Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 4-5-də keçiriləcək 19-cu Frankofoniya sammitinə dəvət olunub.

Bu hadisə Fransa Prezidenti Emmanuel Makronun sentyabrın 21-də Ermənistanın Müstəqillik Gününə səfəri ehtimalı ilə bağlı çoxlu spekulyasiyalara səbəb olub. “Hraparak” qəzetinin yazdığına görə, Fransanın Avropa və Xarici İşlər Naziri Stefan Sejournetin Ermənistana səfəri kimi son diplomatik addımlar fonunda Makronun səfərinin mümkünlüyü getdikcə şübhə altına düşür.

Stefan Sejournet bu yaxınlarda Ermənistanda iki günlük səfərdə olub və Fransanın regional diplomatiyada fəal iştirakını vurğulayıb. Lakin bu səfər Vedi su anbarının tikintisi proqramının başlanmasında iştirak etməklə yanaşı, başqa əlamətdar hadisələrlə yadda qalmadı. Bu, belə bir sual doğurur: Fransa Ermənistanla Azərbaycan arasında indiki münasibətlərdə hansı rol oynayır?

Politoloqlar hesab edirlər ki, Qərb Fransa vasitəsilə Ermənistanda mövqelərini möhkəmləndirməyə çalışır, onu İrəvanla Bakı arasında münasibətlərin yaxşılaşmasına kömək edə biləcək vasitəçi kimi qəbul edir. Fransa Ermənistanla tarixən isti münasibətləri sayəsində kollektiv Qərbin Ermənistan hakimiyyətinin etimadını qazanmaq cəhdlərində mühüm oyunçuya çevrilir. Lakin bu cəhd İrəvanda müəyyən skeptisizmlə üzləşib.

Ermənistan Qərb dövlətləri ilə qarşılıqlı əlaqə məsələlərində, xüsusən də onların Azərbaycanla münaqişənin həllində platformalarının effektivliyi ilə bağlı ehtiyatlı görünür.

Baş nazir Paşinyan bu yaxınlarda keçirdiyi mətbuat konfransında qeyd edib ki, o, Rusiyaya qarşı təhqiramiz ritorikanı dəstəkləmir:

“Bu da Moskva ilə möhkəm münasibətlərin qorunub saxlanmasından xəbər verə bilər”. Qərb də öz növbəsində Fransa vasitəsilə öz gündəmini təbliğ etməyə və nizamlanma yollarını təklif etməyə çalışır.

Kollektiv Qərbin maraqlarını təmsil edən Fransa son illər Ermənistanı fəal şəkildə dəstəkləyir və Azərbaycanla münasibətlərin pisləşməsi kontekstində bu əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Lakin Qərb sülh müqaviləsinin imzalanması müqabilində beynəlxalq aləmdə daha sıx əməkdaşlıq və dəstək vəd edərək həm Azərbaycanı, həm də Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqda maraqlıdır.

Emmanuel Makronun Ermənistanın Müstəqillik Günündə İrəvana mümkün səfərinə gəlincə, hazırkı vəziyyət onun az ehtimal edildiyini göstərir. Paşinyan hələ 2021-ci ildə Fransa Prezidentinə dəvət göndərsə də, bu səfər baş tutmayıb. Makronun bu il iştirak edə biləcəyi ilə bağlı şayiələrə baxmayaraq, səfərin mümkün olmaması daha geniş diplomatik hərəkətlərlə bağlıdır.

Fransa beynəlxalq arenada qlobal oyunçu kimi çıxış etməyə çalışır, lakin onun Cənubi Qafqazdakı fəaliyyəti digər dünya güc mərkəzləri ilə rəqabətlə məhdudlaşır. Bununla belə, o, regionda Rusiyanın təsirini zəiflətməyə çalışdığı üçün Ermənistan və Qərb diplomatiyası üçün əsas tərəfdaş olmaqda davam edir.

Mövzu ilə bağlı “Cümhuriyət“-ə açıqlama verən türkiyəli hərbi ekspert Yücel Karauz xatırladıb ki, Fransa imperialist müstəmləkə dövlətidir və bir çox ölkələri, xüsusilə Afrikadakı ölkələrini istismar edir. Onun sözlərinə görə, Fransanın dövlət büdcəsinin böyük bir hissəsi istismar etdiyi ölkələrin payına düşür:

"Fransa başda Afrika ölkələri olmaqla, bütün müstəmləkə etdiyi ölkələrdən qovulmaq durumuna gəlib. Fransa BMT-nin üzvü olsa da, indiki dünyada siyasi və iqtisadi gücə malik olmayan bir dövlətdir. Buna görə də Fransa İstismar üçün yeni bölgələr, dövlətlər və müstəmləkələr axtarır. Hazırda bu anlamda ən əlverişli dövlət Ermənistandır.

Ermənistanın maddi, mənəvi , təbii sərvətləri olmaya bilər, amma Ermənistan Fransa üçün Orta Asiyaya qapıdır. Eyni zamanda, Ermənistanın İranla ,Türkiyə ilə qonşuluğu da rəqabətə səbəbdir və Fransa bölgədə ABŞ-nin himayədarlığı ilə siyasət yürüdür . O, Ermənistanda keçmiş müstəmləkə nizamını siyasi və iqtisadi cəhətdən möhkəmləndirməyə çalışır".

Fransada yaşayan ermənilərin ölkənin daxili siyasətindəki təsirli mövqelərini qeyd edən Yücel Karauz bildirib ki, onların diasporu və maliyyə imkanları güclüdür:

“Fransa hər zaman seçki və xarici siyasətlə bağlı məsələlərdə ermənilərdən və Ermənistan dövlətindən istifadə edir. Azərbaycanın milli, yerli öz siyasətinin olması Fransanı dəli edir. Yəni Fransa Ermənistan kimi Azərbaycandan da istifadə etmək istəyir. Amma Azərbaycan buna imkan vermir. Buna görə Fransa Ermənistana yaxınlaşır, silah satır. Parisdən çox uzaqda olsa da, Ermənistanı siyasi “arxa bağça”ya çevirməyə, bunu reallaşdırmağa çalışır.

Fransa bu coğrafiyada, Orta Asiyada nə edirsə etsin, uğuru təkbaşına mümkün deyil. Lakin ABŞ ilə əməkdaşlıq edərsə, bunun təsiri ola bilər.

Əslində burada digər mühüm məsələlərdən biri də qlobal miqyasda Fransa ilə İngiltərənin rəqabətidir və İngiltərə ilə Azərbaycanın yaxın siyasət yürütməsi Fransanı Ermənistana yönəldən digər səbəblərdən biridir. Bu, həm də münaqişə riskini daşıyır.

Fransadan bu dəstək artır. Çünki bölgəyə sülhün, sabitliyin, əmin-amanlığın gəlməsini istəmir. Sülh, sabitlik, əmin-amanlıq əvəzinə münaqişə olmalıdır deyir".

“Bəs Fransa Rusiya, Azərbaycan, İran və Türkiyəyə Ermənistan vasitəsilə nə etmək istəyir?” sualına ekspert belə cavab verib:

“Bölgəni sıxışdırmaq və əhatə etmək istəyirlər. Ona görə də hadisələrə bu prizmadan baxanda görürük ki, Ermənistan bütün şərtləri qəbul edərək məğlub olmuş dövlət kimi sülh masasına oturmalıdır. Fransanın təxribatları, Qərbin korlanmış imici və riyakarlığı, 28 ildir qoruyub saxlamağa çalışılan qrupun missiyası artıq tarixin tozlu rəflərinə buraxılıb. Onların duası oxundu, halvası yeyildi. Bu ölüləri diriltməyə çalışan Fransa Qafqazda məğlub olacaq".

Məlumdur ki, Fransa kollektiv Qərbin bir hissəsi kimi Ermənistanla ənənəvi isti münasibətlərindən regionda Qərbin maraqlarını təşviq etmək üçün istifadə etməyə çalışır. Lakin Rusiyanın təsiri və İrəvanın xarici siyasət vektorunu dəyişməyə ehtiyatlı yanaşması şəklində məhdudiyyətlərlə üzləşir. Makronun səfəri açıq qalan suallardandıır, lakin onun nəticəsindən asılı olmayaraq, Fransa münaqişənin həllinə və regionun sabitləşməsinə yönəlmiş diplomatik oyunda Ermənistanın mühüm tərəfdaşı olmağa davam edəcək.


MANŞET XƏBƏRLƏRİ