Pambıq yağı: Bu məhsula əhalinin ehtiyacı var?


Azərbaycanın ən böyük pambıq yağı istehsalçısı olan Şirvan yağ emalı zavodu pambıq yağı istehsalını artırır.

Bu barədə “MKT İK” MMC-nin satış departamentinin rəhbəri Mələk Məmmədova məlumat verib.

Onun sözlərinə görə, son mövsümdə (2023-cü ilin oktyabr-2024-cü ilin mart ayları) müəssisədə 3 min 751 ton pambıq yağı istehsal edilib. Əvvəlki mövsümdə isə bu rəqəm 3 min 300 ton təşkil edib.

Bildirilib ki, yeni mövsümdə isə (2024-cü ilin oktyabr-2025-cü ilin mart ayları) təxminən 4 min ton yağ istehsalı proqnozlaşdırılır. Bu həcmin 2 min tonunun rafinə edilmiş (təmizlənmiş), yerdə qalanının isə rafinə edilməmiş formada istehsal edilməsi nəzərdə tutulur. Məhsulun hazırlanması üçün tam olaraq yerli xammaldan istifadə edilir.

Maraqlıdır, daxili bazarda pambıq yağına böyük tələbat var?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, digər yağlarla müqayisədə, pambıq yağları ölkəmizdə geniş istifadə edilmir:

“Azərbaycanda hər il min tonlarla pambıq yağı istehsal edilir.

Pambıq yağı, pambıq toxumundan (çiyiddən) presləmə və ya eksqraksiya üsulu ilə alınan alifatik yağdır.

Pambıq yağının keyfiyyəti və rəngi tərkibindəki qossipol piqmentindən asılıdır. Təmizlənməmiş pambıq yağı qırmızı-qonur, bəzən qaramtıl rəngdə, spesifik iyli, acıtəhər, təmizlənmişi isə, samanı-sarı rəngdə mayedir. Tərkibi və xassələri pambığın çeşidi, bitdiyi ərazi və becərilmə şəraitindən asılıdır.

Bildirim ki, pambıq yağı ölkəmizdə çox işlədilən bitki yağı deyil.

Sovetlər dönəmində pambıq yağı daha çox ağır sənayədə istifadə edilirdi. Zamanla texnologiya, elmin inkişafı ilə birlikdə həyata keçirilən işlər sayəsində texniki cəhətdən irəliləməklə pambıq yağı qida məhsulu kimi istifadə olunmağa başlandı. Hazırda pambıq yağı əhali tərəfindən geniş şəkildə istifadə olunmur”.

Ekspert qeyd edib ki, bu gün Azərbaycanda istehsal olunan pambıq yağı əsasən ixrac edilir:

“Ölkəmizdə ən böyük pambıq yağı zavodu Şirvanda yerləşir. Orada hazırlanan yağlar əsasən ixrac edilir.

Ölkəmizdə istehsal olunan pambıq yağı əsasən Tacikistan, Gürcüstan, hətta Malaziyaya ixrac edilir. Bu baxımdan, pambıq yağını istehsal olunması təqdirəlayiqdir. Pambıq yağının istehsal həcminin artması da, məhz başqa dövlətlərə ixracla əlaqəlidir”. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ