Rusiya Zəngəzurda meydana atıldı – İranın razı olması üçün həmlə


Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranda Prezident Məsud Pezeşkianla görüşüb. O, Pezeşkiana “əldə edilmiş razılaşmalar haqqında hesabat”ı təqdim edib.

Digər diqqətçəkən məqam budur ki, Şoyqu çərşənbə axşamı elan olunmamış səfərlə Tehrana gəlib və iranlı həmkarı Əli Əhmədian ilə danışıqlar aparıb. Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər, regionda nəqliyyat marşrutları və dəhlizləri ilə bağlı İslam Respublikasının mövqeyinə xüsusi diqqət yetirilib.

Rusiya Zəngəzur dəhlizinin açılması üçün artıq meydana atılıb. Kremlin hansı maraqları var və İranı geri oturda biləcəkmi?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Rusiya üçün Cənubi Qafqaz həyati məkandır, ona görə də Zəngəzur dəhlizi ilə bağlı məsələdə İran və ya hər hansı bir gücə güzəştə getməz:

“Xüsusilə də nəzərə alsaq ki, nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsində İran və Qərbin iddialı çıxışları Rusiyanın maraqları ilə heç bir halda üst-üstə düşmür və bu məsələdə İrana bütün mümkün təsir vasitələrindən istifadə olunacağı ehtimalı da heç bir halda istisna edilməməlidir.

Şoyqunun İrana səfəri çərçivəsində rəsmi Tehranın mövqeyi ilə bağlı müzakirələrin keçirilməsi də buna bariz nümunədir. Rusiya Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyində 9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatı əsas götürür. Bəyanatın müvafiq müddəaları da Azərbaycan, Ermənistan və Rusiyanın nəqliyyat-kommunikasiya xətlərinin açılması prosesinin hansı şərtlərlə həyata keçirilə biləcəyinə dair razılığa gəldiyini açıq şəkildə ifadə edir.

Aytən Qurbanova

İran isə ümumiyyətlə Zəngəzur dəhlizinin açılması ilə bağlı absurd bəyanatlarla çıxış edərək yenidən özünün “qırmızı xətləri”ni gündəmə gəlməyə çalışır. Qərbin əsas “narahatlığı” Rusiyanın prosesdə bu və ya digər formada iştirakı ilə bağlıdır. Belə olan halda Rusiya üçün önəmli olan İranı neytrallaşdıraraq üçtərəfli bəyanatdan irəli gələn şərtlər çərçivəsində Zəngəzur dəhlizinin açılmasına mümkün olan ən qısa zamanda nail olmaq və beləliklə də regionda təşəbbüsü yenidən ələ aldığını nümayiş etdirməkdir”.


MANŞET XƏBƏRLƏRİ