Azərbaycanla Ermənistan buna görə sülhə gələ bilmir - Məlum oldu


Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazırdır. Bunu sentyabrın 16-da səhər saatlarında ER xarici işlər naziri Ararat Mirzoyan Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejournet ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, o, fransalı həmkarı ilə regional sabitlik məsələlərini müzakirə edib və Ermənistanın sülh gündəminə sadiqliyini təsdiqləyib. O, hər iki ölkənin Almatı Bəyannaməsinə uyğun olaraq, bir-birlərinin ərazi bütövlüyünü tanımaqla, sülh müqaviləsinin imzalanmasına tam hazır olduqlarını diqqətə çatdırıb. Bir çox siyasi analitiklərin fikrincə, Ermənistan xarici işlər nazirinin fransız həmkarı qarşısında sülhlə bağlı qətiyyətli çıxışı İrəvanın sülh istiqamətində daha ciddi addımlar atacağından xəbər verir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, sülh qarşısında ən böyük əngəl İrəvanla Moskva arasında dərinləşən ziddiyyətlərdir:

“Ermənistan hazırda sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Sülhün əldə olunması istiqmətində bir ciddi maneə var. O da, Rusiya və Ermənistan arasında olan münasibətlərlə bağlıdır. Rusiya tələb edir ki, açıqlacaq Mehri yolunun təhlükəsizliyinə zəmanəti üçtərəfli bəyənatda deyildiyi kimi, Rusiyanın sərhəd qoşunları təmin etsin. Ermənistan üçtərəfli müqaviləni imzalamasına baxmayaraq, indi bu səlahiyyəti Moskvaya vermək istəmir. Buna görə də, tərəflər bu mövzuda hələki razılığa gələ bilməyib. Azərbaycan isə tələb edir ki, açılacaq yeni yolun təhlükəsizlik təminatı ciddi bir qüvvə tərəfindən təmin edilsin. Bu qüvvənin Rusiya və ya başqa bir beynəlxalq qüvvə tərəfindən olması Bakını çox da maraqlandırmır”.

Politoloqun fikrincə, Azərbaycan Mehri yolunun açılması üçün Ermənistanın Rusiya ilə olan anlaşılmazlığını həll etməsini gözləyir:

“Bakını maraqlandıran əsas məsələ, Azərbaycanla Naxçıvanı birləşdirən quru yolun açılmasıdır. Bu məsələ hələlik öz həllini tapmayıb və buna görə də danışıqlar yubanır. Ermənistan çox istəyir ki, Azərbaycan bu məsələdə onun tərəfini tutsun, amma bizə belə bir mövqe ortaya qoymaq lazım deyil. Necə deyərlər, özünüz Rusiya ilə konfliktə girmisiniz, indi çıxış yolunu da özünüz tapın. Hazırda Azərbaycan soyuqqanlı şəkildə gözləyir ki, İrəvan və Moskva arasında bu məsələdə həll yolu tapılsın və bu yolun tikintisinə başlasın”.


MANŞET XƏBƏRLƏRİ