ABŞ-ın Xəzər hövzəsi planı: Ermənistanı ona görə sürətlə silahlandırır ki…


ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ermənistana pul yardımını iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırıb. Razılaşma Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və USAİD-in Ermənistan missiyasının direktoru Con Alelo tərəfindən imzalanıb.

Genişlənmiş saziş fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edir. Bunu ikinci “Marşal planı” kimi qiymətləndirənlər də var.

Bu yardımların məqsədi nədir? ABŞ niyə Ermənistanı gücəndirmək istəyir?

Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, USAİD-in Ermənistana yardımı iki dəfədən çox artırması 5 aprel 2024-cü ildə Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, Ermənistanın Baş naziri Nikol Paşinyan və USAİD-in şizofrenik həddə ermənipərəst direktoru Samanta Pover arasında keçirilən görüşdə tərtib edilən ssenarinin bir hissəsidir:

“Ermənistana ayrılan vəsaitlərin USAİD-in elan olunan fəaliyyət çərçivəsinə aid proqramların icrasına yönləndiriləcəyi isə görüntü xarakterlidir.

Qeyd edim ki, USAİD Amerika Birləşmiş Ştatlarının xarici yardım göstərilməsi sahəsində ali federal hökumət orqanıdır. Agentliyin rəhbəri və onun müavini Senatın razılığı ilə ABŞ prezidenti tərəfindən təyin edilir və fəaliyyətini dövlət katibi ilə razılaşdırılmış istiqamətlər üzrə həyata keçirir.

USAİD-in yaradılması ilə bağlı qanun 1961-ci ildə Con Kennedi tərəfindən imzalanıb. Agentliyin yaradılması, icrası 1951-ci ildə başa çatan “Marşal planı”nın mexanizmi əsasında həyata keçirilsə də əsas missiyası İkinci Dünya müharibəsindən sonra Qərbi və Şərqi Avropada SSRİ-nin təsirini azaltmaqdan, kommunizm ideyalarının təbliğinin qarşısını almaqdan ibarət olub. USAİD-in yaradılmasını, əslində soyuq müharibənin başlanğıcı kimi də qəbul etmək olar və bu agentliyi istisnasız olaraq, ABŞ-ın ideoloji casus proqramı kimi qəbul etmək lazımdır.

Ermənistana ayrılan yardımların iki dəfədən çox artırılmasının təməlində dayanan 5 aprel Brüssel görüşünün mahiyyətini isə qənaətimə görə, elə həmin gün Azərbaycan Prezidentinin söylədikləri ən incə nüanslarına kimi ifadə edir. Sitat:

“Son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür. Qərbin Ermənistanı Cənubi Qafqazda silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək”.

Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur. USAİD 1961-ci ildə “Marşal planı”nın (“Avropanın Bərpası Proqramı”) əsasında yaradılsa da agentliyin Ermənistandakı fəaliyyətinə “bərpa proqramı” kimi yanaşmaq doğru olmazdı. “Marşal planı” özünün bütün gizli ideoloji aspektlərinə baxmayaraq, Avropanın bərpasına xidmət edirdi, “Brüssel planı”nın əsasında isə dağıdıcılıq dayanır”.

Ekspert deyib ki, faşizmin körüklədiyi İkinci Dünya müharibəsi Avropanı dağıntılara məruz qoyduğu üçün “Marşal planı” paralel ideoloji tərəfləri ilə yanaşı qoca qitənin bərpasını həyata keçirirdi:

“İkinci Qarabağ müharibəsi və ona qədərki 30 illik işğal nəticəsində isə təcavüzkar Ermənistan deyil, Azərbaycan dağıntılara məruz qalıb. Yəni USAİD-in hazırda Ermənistanda həyata keçirdiyi proqramların elan olunan istiqamətləri, əgər “Marşal planı”na qismən uyğun olsaydı, o zaman Azərbaycanda həyata keçirilməli idi. Çünki Azərbaycanın yaşayış məntəqələrinin 20%-dən çoxu Ermənistan işğalı nəticəsində Yer üzündən silinib və təbii ki, bərpa proqramına Azərbaycanın ehtiyacı var.

ABŞ Ermənistanı ona görə silahlandırır və gücləndirir ki, daha sonra bu marionet ölkənin ərazisini Xəzər hövzəsi, Mərkəzi, Qərbi Asiya ölkələri, o cümlədən Rusiya əleyhinə istifadə etsin və Cənubi Qafqaz xarici müdaxilələrə, geosiyasi qarşıdurmalara açıq qalsın. Bunun üçün isə nəyin bahasına olursa-olsun davamlı sülhə təminat verə biləcək sazişin imzalanmasına mane olmaq lazımdır. ABŞ Ermənistanda daim revanşçı meyllərin güclənməsinə rəvac verə biləcək ala-yarımçıq bir kağız parçasının imzalanmasını istəyir və Ermənistanın gücləndirilməsi istiqamətində atılan addımların təməlində də əsasən bu amil dayanır”.


MANŞET XƏBƏRLƏRİ