Ayağında 20 milyon yeyinti olan generaldan son xəbər – Bu halda həbs olunacaq…


Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Onlar küllü miqdarda mənimsəmədə ittiham olunurlar. İddialara görə, 2015-2019-cu illərdə 20 milyon manat pul mənimsənilib. Həmin pulun isə 19 milyon 600 min manatının Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova verildiyi deyilir.

Baxmayaraq ki, dəfələrlə N.Sadıkovun adı bu cür mənimsəmələrdə hallanır, lakin yenə də sabiq Qərargah rəisi məhkəmələrə dəvət olunmur.

N.Sadıkovun məsuliyyətə cəlb olunması üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, hələlik rəsmən bəyan olunmasa da, Nəcməddin Sadıkovun toxunulmazlığı Rusiyaya bağlılığı ilə izah edilir.

H.Oğuzun sözlərinə görə, N.Sadıkovun arxasında Moskvanın dayandığı və Rusiya tərəfindən himayə olunduğuna dair ciddi iddialar var:

“Bu iddiaların həqiqəti nə qədər əks etdirdiyini zaman göstərəcək. Amma adı korrupsiya əməllərində və “Tərtər işi” hadisələrində bu qədər hallanan bir generalın indiyədək istintaqa cəlb olunmamasının özü belə sözügedən təxminlərə haqq qazandırır. Fikrimcə, onun əməllərinin obyektiv şəkildə araşdırılması Rusiyanın geosiyasi güc mərkəzi kimi zəifləməsi və regionumuzun rus təsir dairəsindən çıxması ilə sürətlənəcək. Bu gün Nəcməddin Sadıkova yaxın sabiq generalların məhkəmə prosesi də həmin günün çox da uzaqda olmadığından xəbər verir”.

Nəcməddin Sadıkov

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.


MANŞET XƏBƏRLƏRİ