Ermənistan XİN bildirib ki, İrəvan və Bakı sülh müqaviləsinin 16 maddəsinin 13-ü üzrə razılığa gəlib və saziş ən qısa zamanda imzalana bilər.
Sizcə sazişin imzalanması iki ölkə arasındakı gərginliyi birdəfəlik bitirəcəkmi?
Mövzu haqqında politoloq Elxan Şahinoğlu Turkustan.az-ın suallarını cavablandırıb.
Politoloq bildirib ki, “sülh sazişinin imzalanması üçün Ermənistan hakimiyyəti son addımı atmalıdır. Yəni, Azərbaycanın ərazi bütövlüyünü iddia edən o preambula hissəsində olan bəndi çıxarmalıdır.
O da çox mürəkkəb bir məsələ deyil. Əslində onu vaxtilə 1990-cı illərin əvvəllərində referendum yolu ilə parlamentdə də müzakirə etmədən konstitusiyalarına salıblar. Keçmiş Dağlıq Qarabağı Ermənistana birləşdirən müstəqillik aktında olan bəyanata salmışdılar. İndi onu çıxartmaq lazımdır. Bunu çıxartmaq üçün heç referenduma ehtiyac yoxdur.
Paşinyan parlamentdə böyük səs çoxluğuna malikdir. Hesab edirəm ki, Paşinyan sülhdə maraqlıdırsa yaxın aylarda bu addımı atmalıdır. Bir addım zatən atdı, İlham Əliyevin tələbi ilə Minsk qrupundan imtina edə biləcəyini də söylədi. Bu da İlham Əliyevin iki şərtindən biri idi.
Bircə konstitusiya məsələsi qalıb. Hesab edirəm ki, bu məsələdə ortaq məxrəcə gəlmək olar. Çünki hər iki tərəf onu da qeyd edir ki, sülh sazişi mətninin böyük hissəsi razılaşdırılıb.
Bu o deməkdir ki, sonuncu addım da atılsa, ilin sonuna qədər sülh və ya çərçivə sazişini imzalamaq mümkündür”.
Eltac Zülfüqaroğlu/Turkustan.az