Generallar cəzalandırılmasa, sərhəddə lokal toqquşma olacaq


Ermənistan tərəfi avqustun sonundan intensiv şəkildə Ordumuzun bölmələrini atəşə tutur. Ermənilər son vaxtlar əsasən Naxçıvan və Kəlbəcər istiqamətlərindəki mövqelərimizi hədəfə alırlar.

Sonuncu dəfə sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ermənistan tərəfi hər ilin sentyabr ayında təxribatlara cəhdlər edir.

İndiki halda yeni hərbi toqquşmalar baş verə bilərmi?

Sabiq səfir Nəsib Nəsibli Modern.az-a bildirib ki, Ermənistan tərəfinin hərbi təxribatlarının intensivləşməsinin əsas səbəbi Rusiyadır:

“Ermənistan tərəfinin bölmələrimizi atəşə tutmasının intensivləşməsi məncə, Rusiya ilə bağlıdır. Rusiyanın Ermənistanda gücləri var. Onlar sülh prosesinin irəliləyib yekun saziş ilə nəticələnməsini istəmir. Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanarsa, Rusiyanın bölgədən getməsi labüd olacaq".

Sabiq diplomat vurğulayıb ki, mövcud vəziyyətə son qoyulması üçün tez bir vaxtda heç bir ön şərtsiz sülh sazişi imzalanmalıdır:

"Ona görə hər iki ölkə çalışmalıdır ki, mümkün qədər qalıcı sülhə tez nail olsunlar. Bunun da yolu sülh sazişidir. Saziş ön şərt qoyulmadan imzalanmalıdır. Onda sərhəd bölgələrindəki atışmalar, digər provakativ hərəkətlər də dayanacaq".

N.Nəsibli sonda qeyd edib ki, indiki şəraitdə hər hansı silahlı toqquşmanın olmasını gözləmir.
Politoloq Elxan Şahinoğlu isə durumu belə izah edib:

"Ermənistanın tez-tez Naxçıvan, Kəlbəcər istiqamətlərində atəşkəsi pozması bölgədə vəziyyəti gərginləşdirə bilər. Təxribatları ya Paşinyan xarici mərkəzlərin əmrlərinə əsasən həyata keçirir, ya da özünün də etriaf etdiyi kimi, orduda "5-ci kolon" onun mövqelərini zəiflətmək üçün belə hərəkətlərə yol verir. Hesab edirəm ki, bəlkə də İkinci Qarabağ müharibəsində məğlub olan tərəf kimi Paşinyan bu cür riskli addım atmaz".

E.Şahinoğlu söyləyib ki, durum belə davam edərsə, lokal toqquşmalar baş verə bilər:

"Ermənistan ordusunun təxribatlarının qarşısını Paşinyan almalıdır. Atəşkəsin bu cür davamlı pozulması sülh prosesinə də əngəllər yarada bilər. Ona görə Paşinyan qəti addımlar atıb orduda islahatları gücləndirməlidir. Yaxud təxribatlara rəvac verən generallar cəzalandırılmalıdır. Əks halda vəziyyət daha da gərginləşərək lokal toqquşmalara gətirib çıxara bilər".


MANŞET XƏBƏRLƏRİ