Putinin Azərbaycana səfəri ilə bağlı sensasion məlumat: “Qarabağa gedəcək…”


Rusiya Prezidenti Vladimir Putin 18-19 avqustda Azərbaycana dövlət səfərinə gələcək. Dövlət səfərinin əsas fərqləndirici cəhətlərindən biri ali qonağın paytaxtla yanaşı, səfərə gəldiyi ölkənin digər bir bölgəsini də ziyarət etməsidir.

Son dövrlərdə Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Belarus kimi ölkələrin liderlərinin Azərbaycana dövlət səfəri çərçivəsində işğaldan azad olunmuş bölgələri ziyarət etdiyini nəzərə aldıqda, Putinin də Qarabağa səfər etməsi gözlənilir.

Bəzi ekspertlər hesab edir ki, erməniliyin himayəsi ilə bağlı Rusiyanın tarixi və mənəvi “missiyası”nın olması baxımından, Putinin SSRİ tərəfindən “erməni anklavı” kimi təsis edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazilərini ziyarət etməsi tarixi hadisə ola bilər.

Rusiya prezidenti Azərbaycana səfəri çərçivəsində Qarabağa gedəcək?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Rusiya Prezidenti Vladimir Putinin 18-19 avqust tarixlərində Azərbaycana səfər edəcəyi barədə məlumatlar öz təsdiqini tapıb:

“Səfərin ən yüksəksəviyyəli dövlət səfəri-olması və iki günə nəzərdə tutulması Rusiya prezidentinin Qarabağ bölgəsini ziyarət edəcəyi ehtimalını gücləndirir. Onun işğaldan azad olunan yerlərdə aparılan yenidənqurma işləri ilə tanış olması gözlənilir.

Əlimusa İbrahimov

Son iki ildə Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Belarus kimi ölkələrin liderləri də məhz Azərbaycana dövlət səfəri çərçivəsində işğaldan azad olunmuş bölgələrimizi ziyarət edib, orada keçirilən tədbirlərin ən ali qonaqları olub. Putinin də səfər proqramına işğaldan azad olunmuş rayonlarımıza səfər salına bilər”.

Ekspert deyib ki, Rusiya ilə Ermənistan arasında münasibətlərin son dərəcə gərgin olması və Ermənistan rəhbərliyinin Kremldən uzaqlaşması üçün bəhanə axtardığını bir zamanda Putinin Qarabağa səfəri riskli ola bilər:

“Hətta bu səfər Rusiya ilə Ermənistan arasında münasibətlərin qırılma nöqtəsi rolunu oynaya bilər. Hazırkı şəraitdə Kreml İrəvana ondan bir qədər də uzaqlaşıb Qərb və ABŞ-a daha da yaxınlaşmaq üçün səbəb vermək istəməyəcək. Digər tərəfdən, Kreml rəhbərinin Rusiyanın cəbhədə ağır günlər yaşadığı bir dövrdə işğaldan azad olunmuş torpaqlarımıza səfər edərək oradakı tədbirlərdə çıxış etməsi həm Rusiya xalqı, həm də bu ölkənin siyasi dairələri tərəfindən heç də yaxşı qarşılanmaz.

Bütün bunları nəzərə alaraq Rusiya Prezidenti Vladimir Putinin bu səfər çərçivəsində işğaldan azad olunmuş torpaqlarımıza səfər edəcəyi ehtimalını zəif hesab edirəm”.


MANŞET XƏBƏRLƏRİ