Ermənistana casusluq edən şəxsi hansı cəza gözləyir? - AÇIQLAMA


İyulun 24-ü Bakı şəhəri Səbail Rayon Məhkəməsində Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Əbilov İqbal Şahin oğlu barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Xatırladaq ki, mətbuatda gedən məlumatlara görə, xarici ölkədə yaşayan adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Əbilov İqbal Şahin oğlu üçüncü ölkə ərazisində məskunlaşıb Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan Respublikası ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilir.

Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.

Məhkəmə İlqar Əbilov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Bununla bağlı "Cebheinfo.az"-a danışan tanınmış vəkil Roman Qaraşov bildirib ki, bu məsələ Cinayət Məcəlləsinin 274-cü, yəni “Dövlətə xəyanət” maddəsində öz əksini tapıb:

"Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Vəkil bildirib ki, maddə 281-də isə dövlət əleyhinə yönələn açıq çağırışlar barədə məsələ əks olunub:

"Belə ki, 281-ci maddənin 1-ci bəndinə görə, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sözügedən maddənin 2-ci bəndinə əsasən, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 3-cü bənd də isə Məcəllənin 281.1 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma əks olunub".

O bildirib ki, 283-cü maddədə isə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması ilə əlaqəli məsələlər əks edilib:

"Belə ki, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdl səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə yaxud, iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".


MANŞET XƏBƏRLƏRİ