Polad Bülbüloğlundan sonra Rusiyada səfirimiz… – Elə bir şəxs olmalıdır ki…


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olması müzakirələrə səbəb olub. P.Bülbüloğlu deputat seçiləcəyi təqdirdə onu Moskvada kim əvəz edəcək?

Mövzunu Globalinfo.az-a şərh edən Siyasi Texnologiyalar Mərkəzinin prezidenti, seçki üzrə mütəxəssis, politoloq Vəli Əlibəyov Azərbaycanda millət vəkili fəaliyyətinə bu kimi qeyri-ciddi yanaşmanın mövcudluğundan narahat olduğunu bildirib:

“Bir tərəfdən həddən artıq gənc, adi yazıda qrammatik səhvlər edən, bu vaxta qədər nəinki ətrafdakılar, heç özü üçün nəsə edə bilməyənlər, qohum-əqrabasından başqa heç kəsin tanımadıqları iddialarını ortaya qoyurlar. Başqa bir tərəfdən isə fiziki imkanları baxımdan aktiv deputat fəaliyyəti göstərmələri mümkünsüz, 70-dən çox yaşı olan şəxslər bu vəzifəni əldə etmək üçün ətrafındakıları tapdalamağa belə hazırdılar. Bəli, qanun onların hər birinin deputat olmaq haqlarını tanıyır. Amma insanın özündə gərək real yanaşma olsun, özü-özünə suallar versin: mən ora layiqəmmi? Seçicilərimi ləyaqətlə təmsil edə biləcəyəm? Təəssüf ki, bu gün bunun tam əksinin şahidi oluruq. Bu heç də yaxşı hal deyil və bunun üzərində ciddi düşünmək lazımdır”.

V.Əlibəyovun fikrincə, millət vəkili adı bu səviyyədə qiymətdən düşməməlidir:

“Düşünürəm ki, Polad Bülbüloğlu kimi yaşlı, müdrik şəxslər cavanlara yol açmaq barədə düşünməlidirlər. Özlərini deyil, gənc və perspektivli şəxsləri dəstəkləməlidirlər. Amma hər kəs seçimini özü edir, bizdənsə xalqın uğurlu seçim edəcəyinə ümid etmək qalır”.

Politoloq deyib ki, Rusiya Federasiyası kimi nəhəng, eyni zamanda qəliz bir dövlətdə Azərbaycanı ciddi və təcrübəli diplomat təmsil etməlidir:

“Dünya geosiyasi dəyişikliklər astanasındadır və dəyişikliklər barədə qərar qəbul edəcək dövlətlərdən biri də Rusiyadır. Bu səbəbdən düşünürəm ki, ölkə rəhbərliyi Rusiyaya səfir təyin edərkən bu dəfə onun publik resursunu, Rusiya əhalisi tərəfindən tanınmasını deyil, professionallığını nəzərə alacaq”.


MANŞET XƏBƏRLƏRİ