Pezeşkiana ilk xəyanət – Qarabağla bağlı təxribatçı açıqlamanın səbəbi


İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Azadlıq” radiosunun ermənicə redaksiyasına deyib ki, ermənilərin Qarabağda hüquqlarının qorunmasına əməl edilməlidir: “Bu məsələ yara kimidir və müalicə olunmalıdır. Müalicə edilməzsə, yenidən açıla bilər. Dayanıqlı sülhdən danışarkən bu yara da nəzərə alınmalıdır”.

M.Sübhani bununla da faktiki olaraq özünü Azərbaycan Respublikası ilə münasibətlərin bərpasına çalışan İranın diplomatı kimi deyil, rusiyayönlü Ermənistan müxalifətinin nümayəndəsi, Fransa Prezidenti Emmanuel Makronun təmsilçisi və anti-Azərbaycan fransız siyasətçilər kimi aparıb. O, həm də özünü kimlərinsə tapşırığının icraçısı kimi göstərib.

İranla münasibətlər düzəldiyi vaxtlarda bu ölkənin İrəvandakı səfiri Mehdi Sübhaninin təxribatçı açıqlamalarının səbəbi nə ola bilər? Ona Tehrandan bu cür təlimat verilib, yoxsa öz təşəbbüsüdür? Bakıdan səfirin bu açıqlamasına nə kimi rəsmi cavab veriləcək? Mehdi Sübhani İrandakı hansı qüvvələrə bağlı şəxsdir?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib ki, səfir bu açıqlaması ilə “qaşınmayan yerdən qan çıxarmağa” səy edib:

“Hər kəsə məlumdur ki, rəsmi Bakı Qarabağdakı erməni sakinlərə Azərbaycan cəmiyyətinə inteqrasiya çağırışı etmişdi. Ancaq regionda pozuculuq və terror fəaliyyəti ilə məşğul olmuş, bu fəaliyyəti davam etdirmək istəyən həmin sakinlər Azərbaycan ərazisindən könüllü şəkildə çıxıb gedib. Səfir isə bildirib ki, Qarabağda məskunlaşdırılan ermənilər ”qeyri-ixtiyari olaraq evlərini tərk ediblər, onların könüllü olaraq ora qayıtmaları üçün şərait yaradılacağına” ümid edir.

Mehdi Sübhani

Ermənistanla sülh müqaviləsinin imzalanması üçün vacib şərtlərdən biri Qərbi azərbaycanlıların öz yurdlarına, evlərinə repatriasiyasıdır. Bu şərt Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə açıqlanıb. İran səfiri ermənilərin “Qarabağa qayıtmasını” da “dayanıqlı sülh”ün şərti kimi irəli sürür. O, bununla özünü İrəvan rəsmisi kimi aparır.

Səfir Sübhani təmsil etdiyi hakimiyyətin 30 ildən artıqdır Azərbaycana münasibətdə buraxdığı səhvləri təkrarlayır. Bu davranışı və açıqlaması ilə o, Azərbaycana şər-böhtan atanların sırasında yer alıb.

Tehran diplomatlarının və dövlətin başqa rəsmilərinin belə çıxışları İran-Azərbaycan münasibətlərinə xələl gətirir. Səfirin belə qərəzli açıqlaması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə maneə yaradır”.

Sədrəddin Soltan

Ekspert deyib ki, iyulun 15-də – səfirin müsahibəsindən iki gün sonra Azərbaycan XİN İrandakı səfirliyin fəaliyyətini bərpa etdiyinə dair açıqlama yayıb:

“Bu, Azərbaycanın İrana etdiyi xoşməramlı davranışlarındandır. Rəsmi Bakının bu jesti qarşılığında Tehranın Mehdi Sübhanini ABŞ-ın maliyyələşdirdiyi informasiya vasitəsinə müsahibə verdiyinə, Azərbaycana qarşı yalan məlumatlar yaydığına, İran-Azərbaycan münasibətlərinə xələl gətirdiyinə və başqa pozucu çıxışına görə tənbeh edəcəyinə ümid etmək istərdik.

Ola bilsin səfir İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın komandasında olmayacağını bildiyi üçün bu müsahibəni verərək rəsmi Bakı ilə Tehran münasibətlərinə qəsdən zərbə vurmaq istəyib. Hər halda Mehdi Sübhaninin açıqlaması məşhur atalar sözünün ürəkbulandıran hissəsinə daha çox uyğun gəlir”.


MANŞET XƏBƏRLƏRİ