İran Türk Dövlətləri Təşkilatına üzv ola bilərmi? – AÇIQLAMA


İranda uzun illərdən sonra türk əsilli siyasətçi prezident oldu. Məsud Pezeşkian ikinci turda Səid Cəlilini məğlub edərək İranın IX prezidenti oldu.

Bəs İranın bundan sonrakı türk ölkələri ilə bağlı siyasəti necə olacaq? İran Türk Dövlətləri Təşkilatına üzv ola bilərmi?

Mövzu ilə bağlə siyasi şərhçilər Turkustan.az-ın suallarını cavablandırdı.

Ekspert:

Politoloq Zeynal Əmrəliyevin fikrincə “İranda keçirilən prezident seçkilərində türk əsilli Məsud Pezeşkianın qalib gəlməsi belə bir sual ortaya çıxarır ki, İran Türk Dövlətləri Təşkilatına üzv ola bilərmi? İran Türk Dövlətləri Təşkilatına üzv olması üçün türk əsilli birinin hakimiyyətdə olmasına ehtiyac yoxdur. Iran əhalisinin çox böyük əksəriyyətini türklər təşkil edir və bunun fonunda İran türk dövlətlər təşkilatının üzv olmaq üçün müraciət edə bilər. Çünki İranda xeyli sayda türk yaşayır. Zənnimcə İran Türk Dövlətləri Təşkilatına daxil olmalıdır. Bu həm də cənubda yaşayan soydaşlarımız üçün də yaxşıdır. İran Türk Dövlətləri Təşkilatı vasitəsilə türk dövlətləri ilə bağlı islahatlar keçirə bilər. Cənubi Azərbaycandakı soydaşlarımız bəzi hüquqlardan məhrumdur. Normal şəkildə öz ana dillərində təhsil ala bilmirlər.

Bu məsələlərin həlli ilə bağlı türk dövlətləri təşkilatına İranın üzv olmasının çox böyük əhəməyyəti var. Türk dövlətləri inteqrasiya prosesində, yeni birləşirlər. Güclü əlaqələr var. Azərbaycan Prezidenti Cənab İlham Əliyev də bu məsələyə çox xüsusi diqqətlə yanaşır və çox böyük fəallıq göstərir. Yaxınlarda Şuşada türk dövlətləri tərəfindən Qarabağ bəyannaməsi imzalandı. Biz Güneydə olan soydaşlarımızında bu məsələdən kənarda qalmasını istəməməliyik. Zənnimcə İranın türk dövlətləri təşkilatına qoşulmasında Güneydə olan soydaşlarımız böyük şəkildə əhəmiyyətili rolu olacaq. İran bununla bağlı müraciət edə və təşkilata qoşula bilər” .

Tural İsmayılov:

Politoloq Tural İsmayılov isə bildirib ki, “nəzərə almaq lazımdır ki, prezidentlik institutu İranda siyasi qərar verməyə təsir etmək gücündə deyil. İranda dövlət idarəetməsinə görə hər şey ali dini rəhbər tərəfindən nizamlanır. Həm ölkədaxili, həm də xarici siyasətdə birinci mövqeyi nəzərə almalı şəxs ali dini rəhbəri olur. Amma Məsud Pezeşkianın prezident seçkilərində qələbə çalması İran, Azərbaycan, Türkiyə və bütövlükdə türk dünyası arasında münasibətlərin yaxşılaşmasına və daha da dərinləşməsinə səbəb ola bilər. Çünki Pezeşkianın Azərbaycanlı olduğunu dəfələrlə vurğulaması, türk kimliyi məsələsini həmişə qabartması, Azərbaycanla İran arasında və bütövlükdə İranın türk birliyi ilə münasibətlərin yaxşılaşmasında və pozitiv faktor qismində iştirak edə bilər. Amma İranın türk birliyinə çağırılacağını mən güman etmirəm. Baxmayaraq ki, İranın böyük əhalisi türklərdən, azərbaycanlılardan türkmənlərdən və qaşqaylardan ibarətdir. Amma hər halda İran özü türk birliyinə maraq göstərəcək bir siyasət ortaya qoymayacağını düşünürəm.

Bu baxımdan da, türk dövlətlər təşkilatının Məsud Pezeşkianın prezident seçilməsindən sonra, İranın hansısa bir formada türk dövlətləri təşkilatına çağıracağını düşünmək o qədər də rasional gəlmir. İranla türk dünyası arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi mümkün olan bir məsələyə çevrilir. İranın türk ölkələri ilə münasibətlərinin bir qədər inkişaf edəcəyini düşünmək mümkündür”.

Elxan Şahinoğlu:

“Altas Araşdırmalar Mərkəzi”nin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, “İranda türk əsilli siyasətçinin prezident seçilməsi bölgədə əslində yeni bir şərait yaradır. Çünki bundan əvvəl Məsud Pezeşkian Təbrizin millət vəkili olub, türk fraksiyasının üzvü olub və evində türkcə danışır. Iran hakimiyyətini zaman-zaman tənqid edib. Azərbaycanlıların öz dillərində tədris məsələsini qaldırıb. Əllbətdə bu o demək deyil ki, verdiyi vəddləri asanlıqla yerinə yetirəcək. Qarşısında hər zaman ali dini lider və SEPAH-ı görəcək. Amma hər halda Türkiyədə və Azərbaycanda bu bir coşqu yaradıb. Biz inanırıq ki, gec də olsa hansısa addımlar atılacaq və münasibətlərdə normallaşma sürəci başlayacaq. Buna baxmayaraq düşünürəm ki, İranın türk birliyinə qoşulması mümkün olsun. Əlbəttə belə bir dəvət edilə bilər İrana. Təbii ki, belə olsa daha yaxşı olar.

İran anti-türk, anti-azərbaycan blokundan uzaqlaşmış olar. Amma yenə təkrar edirəm, prezident hər zaman qarşısında maneələr görəcək və bəziləri Azərbaycan və Türkiyəyə rəqib və düşmən gözü ilə baxacaq. Hər halda türk əsilli siyasətçinin İranda prezident seçilməsi vacibdir. Ümid edirəm ki, xarici səfərlərdən birində Azərbaycana və ya Türkiyəyə gedəcək”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ