Məhərrəmlikdə toy etmək olar? - İlahiyyatçı AÇIQLADI


Azərbaycanda sabahdan - iyulun 7-dən İslam təqvimi ilə Məhərrəm ayı başlayır.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məlumatında bildirilib.

Bu il Məhərrəm ayının ilk günü iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf edəcək.

Qeyd edək ki, Məhərrəm və ondan sonra davam edən Səfər ayında toylar təxirə salınır.

Bu ayın başlanması ilə də Azərbaycanda ənənəvi olaraq “toy edəkmi, etməyəkmi” sualı ətrafında müzakirələrə start verilib.

Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan "Cebhe.info"-ya açıqlamasında bildirib ki, İslamın təməli sayılan Qurani-Kərimdə və digər mənbələrdə Məhərrəm ayının matəm olması və yaxud Səfər ayının da ona əlavə edilməsi kimi bir göstəriş yoxdur:

"Qurani-Kərimdə Allah İslam dinini kamil etdiyini buyurur. Bu da o deməkdir ki, Peyğəmbərin (s.ə.s) dövründə din kamil olunub və bütün veriləsi əmrlər, göstərişlər yekunlaşıb. Yəni Peyğəmbərin (s.ə.s) dövründən sonra kimlərinsə dinə yenilik gətirməsi, yeni hökmlər, matəmlər, bayramlar elan etməsi yolverilməzdir.

Bu baxımdan, hansısa ayın matəm edilməsi düzgün deyil. Bu, İslam ümmətinin sosial həyatında nizamın pozulmasına gətirib çıxardan məsələdir və nizamı da pozur. Lakin bu vəziyyət de-fakto var, bir ənənədir. Buna görə ona qadağa da qoymaq olmur.

Xurafat da olsa, artıq bu formalaşıb və insanlar düşünür ki, matəm elan olunması İmam Hüseynə hörmət əlamətidir. Ancaq əsla belə deyil, çünki İmam Hüseynə ən böyük pislik Məhərrəm ayında olunur.

Çünki keçmişdə onu qılıncla öldürdülər, indi isə “xurafat qılıncları” ilə öldürürlər. Lakin İmam Hüseyni anmaq, gələcək nəsillərə təbliğ etmək baxımında İslam aləmində buna müsbət yanaşılır. Ancaq xurafar şəklində matəm elan etmək yalnışdır.

Allah müqəddəs kitabda şəhidlərin cənnətə gedəcəyini vurğulayır. Lakin hazırda İmam Hüseyn elə bir formada yad edilir ki, insanlar özlərini döyür, mərsiyələr deyir, sanki artıq o, ölüb, yoxdur. Şübhəsiz ki, bu ənənə də İmam Hüseyni öldürüb sonradan peşman olanların öz günahlarını yumaq üçün başlarına-gözlərinə vurmaqları ilə yaranıb.

Lakin bizim xalqımız həmin dövrdə İmam Hüseynin və onun əhli-əyalının qətliamında iştirak etməyib, əksinə bir neçə azərbaycanlı onun tərəfində olub, zülmə qarşı mübarizədə iştirak ediblər. Ona görə məsələ başa-gözə vurmaqdırsa, onu İraq əhli etməlidir, çünki onların babaları günah ediblər".

İlahiyyatçı qeyd edib ki, Aşura günü çalğılı toy, nişan etməyin qadağa olunması İslamda olmasa da, bir qövm toya, nişan etməyə qarşıdırsa, yas saxlayırsa, hörmət etmək lazımdır:

"Yaxşı olar ki, Aşura günündə çalğılı toy, nişan mərasimləri təxirə salınsın. Ancaq 1 ay bütövlükdə insanları bu cür məsələlərdən məhrum etmək İslam dininin, İmam Hüseynin ənənəsinin əleyhidir.

Məhərrəm ayı İslam təqviminin ilk ayıdır, ona görə də başladığımız ayı bədliklə, matəmlə, özünə işgəncə verməklə keçirmək dinə ziddir.

Bunun İslamda heç bir əsası yoxdur. Əksinə belə işləri görmək, yeniliklər gətirmək dini təhrif etməkdir".

Ləman İsmayıl
"Cebhe.info"


MANŞET XƏBƏRLƏRİ