ABŞ kartları açdı: Əliyevdən bunu istəyir – Vaşinqtonun müdaxiləsi bölgəni qarışdıra bilər…


ABŞ sülh danışıqlarında Ermənistanın konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının dəyişməməsini istəyir. Amerikalı diplomatlar bunu belə əsaslandırırlar ki, bu şərt sülh sazişinin imzalanmasını ləngidər.

Bu tezisi bu günlərdə Minsk qrupunun amerikalı keçmiş həmsədri Ceyms Uorlik də səsləndirib. Bu, bütövlükdə rəsmi Vaşinqtonun mövqeyi kimi qiymətləndirilə bilər.

Hazırda Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen iyunun 28-də Prezident İlham Əliyevlə görüşüb.

Mümkündürmü görüşdə həmin təklif səsləndirilsin?

Mövzu ilə bağlı Globalinfo.az -a danışan politoloq Asif Nərimanlı deyib ki, Azərbaycanın əsas tələblərindən biri Ermənistan konstitusiyasının dəyişdirilməsidir:

“Azərbaycan və Ermənistan arasında iki məsələdə fikir ayrılığı var: Birincisi, sərhədlərin delimitasiyasının sülh sazişinə daxil edilib-edilməməsi, ikincisi, kommunikasiyanın hansı prinsiplə açılmasıdır. Məlum olduğu kimi, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur, Azərbaycan da Naxçıvana maneəsiz keçidin təmin olunmasını istəyir. Bu iki məsələ iki ölkə arasında fundamental məsələlərdəndir”.

Politoloqun fikrincə, Ceyms Obrayen və Prezident İlham Əliyev arasında baş tutan görüşdə konstitusiya məsələsi müzakirə edilə bilər:

“Azərbaycan Prezidenti ABŞ Dövlət katibi Entoni Blinkenlə danışığında da sülhün yalnız bu halda mümkün olacağını deyib. Obrayen çalışır ki, bu məsələni prioritet məsələ olmaqdan çıxartsın və Azərbaycanı razı salmağa çalışır. Ermənistan konstitusiya tələbini yerinə yetirmək niyyətində olmadığını göstərir. Nikol Paşinyanın tapşırığına əsasən 2026-cı ilə qədər yeni konstitusiya hazırlanmalı və qəbul edilməlidir. ABŞ bu səbəbdən Bakının məsələdə daha loyal yanaşma səgiləməsini istəyir”.

Ceyms Obrayenin Prezident İlham Əliyevlə görüşü. Bakı, 28.06.2024

Asif Nərimanlının sözlərinə görə sülh sazişi ilə bağlı sənəd imzalanarsa, ona Ermənistan konstitusiyasında və normativ aktlarında ərazi iddialarından imtina edilməsi bəndi daxil edilə bilər:

“Digər tərəfdən, Ermənistan da Azərbaycanın konstitusiyasında dəyişikliyin olmasını istəyir və guya rəsmi İrəvana ərazi iddiasının olduğunu deyirlər. Bu, absurddur. Azərbaycanın heç bir ölkəyə ərazi iddiası yoxdur”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Globalinfo.az -a deyib ki, Azərbaycanın mövqeyi məlumdur:

“Açıqlamalarımızda dəfələrlə bildirmişik ki, Ermənistan konstitusiyasına dəyişiklik şərtdir”.

Globalinfo.az-ın şərhi: ABŞ hələlik konstitusiya məsələsində təklif və xahiş dili ilə danışır. Bunun sonradan Azərbaycana qarşı hədə, təzyiq mexanizminə çevrilməsi mümkündürmü? Azərbaycanın hazırda mövqeyi çox güclüdür. Təkcə regionda deyil, bütövlükdə dünya siyasətində Prezident İlham Əliyevin sözü keçərlidir. Azərbaycanın razılığı olmadan, bölgədə heç bir iri layihə həyata vəsiqə qazana bilmir. Yeni reallıqda Vaşinqtondan gələn istənilən təzyiq Bakı tərəfindən iqnor edilə bilir. Bu gerçəyi ABŞ rəsmiləri yaxşı anlayır. Ona görə də çalışırlar Azərbaycan Prezidenti ilə xahiş formatında dialoq aparsınlar. ABŞ-ın bu mərhələdə prosesə müdaxiləsi, sülh danışıqlarında aparıcı mövqeyə sahiblənməsi Ermənistanla Azərbaycan arasında münasibətləri daha da mürəkkəbləşdirəcək, yoxsa, əksinə, asanlaşdıracaq? Bunu da zaman göstərəcək. Burada bir incə məqam var: Azərbaycanın bu qədər güclü və haqlı olmasına rəğmən ondan konstitusiya məsələsində güzəştə getməsini istəmək, həm də bilə-bilə ki, rəsmi Bakı üçün bu, qırmızı xətdir, bölgə üçün yaxşı perspektiv vəd etməyə bilər.


MANŞET XƏBƏRLƏRİ