Natiqin qatilləri Azərbaycana belə gətiriləcək: İstintaq qrupu bu ölkələrə yollanıb…


Birinci Qarabağ döyüşlərində əsir düşən və indiyə kimi taleyi məlum olmayan Natiq Qasımovla bağlı gözləntilər həll olundu. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Anasına isə təqaüd təyin edilib. Bu qəhrəman ailə dövlətin qayğısı və himayəsi ilə əhatə olunub.

Britaniyalı rejissor və ssenarist Karan Sinqhin çəkdiyi sənədli filmdə Natiq Qasımovun əsir düşməsi və sonrakı taleyi ilə bağlı bir sıra qaranlıq məqamlara aydınlıq gətirilir. Belə ki, hadisə şahidlərindən olan erməni döyüşçü Natiq Qasımovun doğranılaraq qətlə yetirildiyini qeyd edir.

N.Qasımovun Alban kilsəsində tutduğu mövqeyə günlərlə hücum etsə də, heç nəyə nail ola bilməyən qatil, Ermənistanın generalı rütbəsini daşıyan Vitali Balasanyanın qurduğu oyun, qəhrəmanımızı ələ keçirmək üçün hiyləyə əl atması, yaşlı müəllimi onun yanına göndərərək, təslim olmasını tələb etməsi, əks halda Xocalı girovlarını öldürəcəyi ilə bağlı hədəsini ermənilər filmdə danışırlar.

Sənədli filmdə Vitali Balasanyan Natiqin dindirilməsi prosesində çəkilən fotosunu “tanımır”. Ona verilən suala “xatırlamıram”, “tanımıram” cavabları verir. Erməni şahidlər isə Vitalini dərhal tanıyırlar.

Stavropalda yaşayan keçmiş erməni döyüşçü isə bilərəkdən, ya da bilməyərəkdən Natiq Qasımovla bağlı dəhşətli etiraflar edir. Deyir ki, onu doğrayıblar…

Bu faktlar əsas verir ki, Azərbaycan dövləti, hüquq mühafizə orqanları hərəkətə keçsinlər. Müharibə cinayətinə yol vermiş şəxsləri taparaq qanunla cəzalandırsınlar. Həmçinin Natiqin dəfn edildiyi yer tapılaraq, qalıqlarının Azərbaycana gətirilməsi həllini tapsın.

Globalinfo.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev deyib ki, hər halda Natiq Qasımov Qarabağda həbsdə saxlanılıb və işgəncələr də orada verilib.

Hüquqşünasın fikrincə, Milli Qəhrəmanımızın qalıqlarını Qarabağda axtarmaq lazımdır:

“O dövrdə bu məsələyə şahidlik edən şəxsləri müəyyənləşdirmək şərtdir. Çünki hazırda Bakıda həbsdə olan bir neçə separatçı var. Onlarda da önəmli məlumat ola bilər. Mümkündür ki, dindirlmənin nəticələri barədə həm hüquq mühafizə orqanlarının rəhbərlərinə, həm separatçılara məlumatlar verilib. Onlar da bununla bağlı bilgilidirlər. İlk növbədə şahidləri axtarıb-tapmağa cəhd göstərmək lazımdır ki, onun basdırıldığı yer müəyyən edilsin. Əgər qəhrəmanımızın Qarabağdan Ermənistan ərazisinə aparıldığı və orada qətlə yetirilərək basdırıldığı məlum olsa, artıq İrəvan rəhbərliyindən Natiqin qalıqlarını tələb etmək gərəkdir”.

Ə.Mustafayev deyib ki, N.Qasımovun öldürülməsində iştirak etmiş şəxslər müəyyənləşdirilməli və məsuliyyətə cəlb olunmalıdırlar:

“İndi əgər müəyyən olunsa ki, onu qətlə yetirdikdən sonra Azərbaycan ərazisində basdırıblar, o zaman bu günə kimi həbs olunmayan kəslərin hazırda harada olduğunu dəqiqləşdirmək lazımdır. Çünki istədiyimiz məlumat onlardadır. Qatillər hansı ölkəyə köçüblərsə, o ölkələrə sorğu göndərməliyik. Ümumiyyətlə, bu cinayətdə əli olan hər bir kəsin şəxsiyyətini müəyyən edərək beynəlxalq axtarışa vermək şərtdir. Məlum olsa ki, onlar konkret hansısa ölkədədirlər, o ölkəyə müraciət edib, onları tələb etməliyik ki, Azərbaycanda mühakimə olunsunlar. Çünki qətl yeri, cinayət hadisəsi Azərbaycan ərazisində baş verib. Həm də bu cinayət Azərbaycan vətəndaşına qarşı törədilib. Qarabağın işğalı zamanı müharibədə iştirak edən ermənilər Azərbaycan vətəndaşı olublar. Separatçı rejimin vətəndaşlığı yox idi axı. Ola bilər ki, aralarında Ermənistan vətəndaşı olub. Bunlar hamısı müəyyən olunmalı və tələb edilməlidir. Güman edirəm, istintaq hərəkəti hələ uzun müddət davam edəcək”.

Hüquqşünasın sözlərinə görə, Natiq Qasımov Azərbaycanda deyil, İrəvanda qətlə yetirilibsə, beynəlxalq məhkəmələrə müraciət edə bilmərik:

“Birinci növbədə şahidləri müəyyən etmək lazımdır. Qətldə iştirak edən kəslər dəqiq bilindikdən sonra hadisənin harada baş verdiyini öyrənmək olacaq. Ermənistan ərazisində baş verdiyi və qatillərin kimliyi müəyyən olunsa, onda ilk növbədə İrəvandan tələb etmək lazımdır ki, bu barədə araşdırma aparılsın və cinayət işi başladılsın. Qətldə iştirak edən şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb edilsin. Ermənistan hakimiyyəti bunu etmək istəməsə o zaman artıq beynəlxalq, o cümlədən Avropa və digər məhkəmələrə müraciət etmək olar. Amma hazırda daha real görünən Ermənistandan tələb etməkdir. Lakin Natiq Qasımov ilə bağlı müəyyən sübutlar olmalıdır ki, beynəlxalq məhkəməyə təqdim edə bilək. O video ciddi dəlildir: Qasımovu doğradıqlarını etiraf edirlər”.

Əsabəli Mustafayev şahidlərdən ikisinin Rusiyada olması məsələsinə də münasibət bildirib:

“Əgər onlar doğrudan da Rusiya ərazisindədirlərsə o zaman biz onların Azərbaycana təhvil verilməsini Rusiyadan tələb edə bilərik. Biz həmin şəxslərin olduqları şəhərə istintaq qrupu göndərə bilərik ki, o adamları dindirsinlər. Müəyyən olunsa ki, şahidlər təkcə şahid yox, həm də iştirakçıdılar, artıq Rusiya ilə ikitərəfli hüquqi yardım haqqında olan müqaviləmizə əsasən bu adamların bizə təhvil verilməsini tələb edə bilərik”.

Hüquqşünasın sözlərinə görə, yayılan görüntülər həmin adamlarla bağlı hər hansı bir tədbir görmək üçün kifayət edir:

“İşgəncə görüntülərinin olması da mümkündür. Amma bir şeyi də deyim ki, şahidlərin Rusiyada olmasının qeyd edilməsi yalan ola bilər. Ona görə də çalışıb, adı keçən ölkələrə sorğu göndərmək lazımdır. Bunun aldadıcı manevr olması istisna deyil. Çünki onlar şahid olduqlarını yaxşı başa düşürlər. Ola bilsin, Fransada oturub, Rusiyada olduğunu bildirsinlər və ya tam əksinə. Bunlar hamısı dəqiq araşdırılmalıdır”.


MANŞET XƏBƏRLƏRİ