Ermənistanın “Fakt” nəşri məlumat yayıb ki, demarkasiya prosesinin növbəti mərhələsində Naxçıvanın işğal altındakı Kərki kəndinin sakinlərinə buranın boşaldılmalı olduğu və Azərbaycana təhvil veriləcəyi deyilə bilər.
Ümumiyyətlə, Kərki kəndinin hazırkı məqamda geri qaytarılması gözlənilirmi?
Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli deyib ki, 4 kənd məsələsinin həllindən sonra anklavlar müzakirə mövzusu ola bilər:
“Prosesə Naxçıvanın Kərki kəndindən başlanılması mümkündür. İki ölkə arasında sülh müqaviləsi imzalanacaqsa, həmin kəndlər də boşaldılmalıdır. Bu proses Azərbaycandan çox, Ermənistana lazımdır. İrəvan hökuməti vaxtında prosesi yerinə yetirsə, heç bir maneə qalmayacaq.
Həmin anklavları yaradanlar vaxtilə keçmiş SSRİ rəhbərliyi olub. Azərbaycan torpaqları hesabına Ermənistan ərazisi böyüdülüb”.
Siyasi şərhçinin fikrincə, payıza qədər delimitasiya və demarkasiya məsələləri öz həllini tapmalıdır:
“Hazırda revanşist qüvvələr Ermənistanda hakimiyyət çevrilişi etməyə cəhd edir, aksiyalar keçirir. Kərki kəndi həm strateji önəminə, həm də tarixi ədalətə görə Azərbaycana qaytarılmalıdır. Əks halda bu, sülh prosesində problemlərə səbəb ola bilər”.