Gədəbəyin Başkənd yaşayış məntəqəsi ilə bağlı məsələ yenidən aktuallaşıb və müzakirələrə səbəb olub. Deputat Rasim Musabəyovun Başkəndin gələcəkdə mübadilə əsasında Ermənistana verilə biləcəyini söyləməsi, etirazlara səbəb olub. Çünki Ermənistanın iddia etdiyi bu kənd keçmiş SSRİ dövründə Ermənsyana verilmişdi.
Qazaxın 4 kəndinin (Bağanis Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimli) işğaldan azad edilməsindən sonra Ermənistanla Azərbaycan arasında esklav kəndlər məsələsinin müzakirəyə çıxarılacağı istisna deyil.
Qeyd edək ki, hazırda Ermənistanın işğalı altında 4 esklav yaşayış məntəqəmiz var.
Bunlar Qazaxın hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunan Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Naxçıvanın Sədərək rayonunun Kərki kəndləridir.
Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir.
Danışıqların növbəti mərhələsində Ermənistan tərəfinin də Gədəbəy rayonunda yerləşən Başkəndlə bağlı məsələ qaldıracağı istisna olunmur. Bu barədə erməni mənbələri də yazırlar. Ermənilərin “Artsvaşen” adlandırdıqları bu yaşayış məntəqəsi Sovetlər dövründə - 1920-ci ildə Ermənistana verilsə və onun xəritəsinə daxil edilsə də, bura tarixi Azərbaycan torpağıdır.
Sahəsi 40 kv.km olan Başkənd 1992-ci ilin avqustunda erməni işğalçılarından təmizlənib.
Sosial şəbəkələrdə və bəzi KİV-lərdə 1992-ci ildə həyata keçirilmiş Başkənd əməliyyatına kimin rəhbərlik etdiyi barədə müxtəlif iddialar yer alır, mübahisələr nəzərə çarpır. Hətta bu qələbədə Gədəbəyin o vaxtkı icra başçısı Saleh Rüstəmlinin də adı çəkilir.
Ermənistan ordusu o vaxtlar Başkənddən Azərbaycanın Gədəbəy rayonunun sərhəd kəndlərini, Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi.
Bəs əslində Başkəndin təmizlənməsi əməliyyatına kim rəhbərlik etmişdi?
Modern.azsaytının məlumatına görə, Başkənd əməliyyatını həyata keçirən N saylı hərbi hissənin komandir müavini vəzifəsini tutmuş təqaüddə olan keçmiş hərbçi Dilqəm Əliyev bu barədə danışıb.
O bildirib ki, Başkənddə hərbi əməliyyat 1992-ci ilin 8 avqustunda həyata keçirilib.
Azərbaycanın Ordusu erməni silahlılarının cəmləşdiyi kəndə hücum edərək, yaşayış məntəqəsini düşməndən azad edib. Əməliyyat nəticəsində Başkənddə 30-a yaxın erməni silahlısı məhv edilib, xeyli döyüş texnikası sıradan çıxarılıb.
Dilqəm Əliyev Başkənd əməliyyatına ümumi rəhbəliyi N saylı hərbi hissənin komandiri polkovnik Cahangir Rüstəmovun rəhbərlik etdiyini vurğulayıb.
Onun sözlərinə görə, əməliyyatdan uzun müddət keçməyib və iştirakçıların çoxu həyatda olduğundan heç kim faktları təhrif edə bilməz.
Başkənd kəndi Müdafiə Nazirliyi tərəfindən plana uyğun şəkildə o zaman Gədəbəydə formalaşmış batalyonun komandiri “Azərbaycan Bayrağı” ordenli mərhum polkovnik Cahangir Rüstəmovun rəhbərliyi ilə həyata keçirilmiş döyüş tapşırığının nəticəsində azad olunub.
Başqa sözlə, həmin əməliyyat və qələbə kiminsə şəxsi şücaəti sayəsində gerçəkləşməyib.
“Polkovnik Cahangir Rüstəmov Şəmkirdə yerləşən batalyonun komandiri idi. Sonralar Daşkəsən və Gədəbəy batalyonları da həmin batalyonun tərkibinə daxil edildi və 861 saylı hərbi hissə adlandırıldı... Bizin hərbi hissə nizami ordu idi.
Bu sözləri mən - polkovnik Cahangir Rüstəmovun müavini və Mutudərə döyüşünün komandiri kimi deyirəm.
Başkənd əməliyyatının ümumi rəhbəri polkovnik Cahangir Rüstəmov idi”.
Başkəndin azad edilməsi iki gün sürüv - əməliyyata avqustun 6-da başlanılmışdı. Cahangir Rüstəmovun rəhbərlik etdiyi hərbi hissə Başkəndi azad edəndən sonra Gədəbəyin Şinıx bölgəsinin təhlükəsizliyi təmin olunub.
Polkovnik Cahangir Rüstəmov əslən Gədəbəydəndir. 1939-cu ildə Gədəbəyin Düz Rəsullu kəndində doğulmuşdu. 28 mart 1994-cü il tarixdə Gədəbəy rayonunun Qaravəlilər kəndi ətrafında xidməti vəziyfəsinin yerinə yetirərkən həlak olub. Ölümündən sonra ölkə Prezidentinin 5 aprel 1994-cü il fərmanı ilə ona "Azərbaycan Bayrağı" ordeni verilib.