İran və Fransa Azərbaycan üzərində təzyiqlərin artırılmasından ötrü Ermənistan məsələsində məxfi sövdələşməyə gedirlər.
Bildirək ki, fevralın 23-də Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayində heyəti Ermənistana rəsmi səfər edib. Səfər çərçivəsində hər iki ölkənin müdafiə nazirləri arasında “hərbi əməkdaşlığa dair sənədlər” paketi imzalanıb.
Bəzi ekspertlər hesab edirlər ki, bu saziş əsasında Fransa Ermənistanı nəinki müdafiə və hücum xarakterli silahlarla təmin edəcək, hətta Ermənistan ordusunun formalaşmasında mühüm rol oynamağa çalışacaq.
Onlar elə güman edirlər ki, bu saziş Fransanın Ermənistanın təhlükəsizliyinin təminatında Rusiyaya alternativ ölkə olmasına yol açacaq.
Bu arada İran hakimiyyəti də Ermənistana hərtərəfli müdafiə və təhlükəsizlik haqqında pakt imzalamağa təklif edir.
Məhz Tehranın belə bir saziş təklif etməkdə məqsədi İranın Ermənistanda hərbi-siyasi təsir imkanlarını artırmaq, Zəngəzur dəhlizinin açılmasına mane olmaq, regionda Türkiyəyə qarşı rəqib olmaq, eləcə də Azərbaycanla sərhəd ərazilərdə daim eskalasiyanın saxlanılmasına çalışmaqdır.
Amma İranın bu planının baş tutub-tutmayacağı sual altındadır. Çünki belə bir sazişin imzalanması Ermənistan hakimiyyətinin qərarından asılıdır.
Bu məsələdə daha bir mühüm nüansa diqqət yetirmək lazımdır. Belə ki, Fransa İrandakı rejimə qarşı Qərb alyansının ən fəal üzv ölkələrdən biridir. ABŞ və digər Qərb ölkələri kimi Fransa da İran hakimiyyətinə qarşı sanksiyalar tətbiq edir. Paris və Tehranın Yaxın Şərqdəki geosiyasi maraqları ziddiyyət təşkil edir.
Lakin hər iki ölkənin Cənubi Qafqazla bağlı müəyyən məsələlərdə maraqları üst-üstə düşür. İstər Zəngəzur dəhlizi, istərsə də Ermənistanın təhlükəsizliyi məsələsində İran hakimiyyəti və Makron administrasiyası eyni mövqeyi bölüşür.
Bu baxımdan Fransa ilə İranın Ermənistanda Azərbaycana qarşı məxfi şəkildə birgə fəaliyyət göstərməsi ehtimal oluna bilər.
Məsələ ilə bağlı Orta Doğu Araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cebhe.info”-ya açıqlamasında bildirib ki, ABŞ, Fransa və digər Qərb ölkələri Ermənistanı Rusiyaya qarşı qoymaq üçün bütün vasitələrdən istifadə edir:
“Avropa İttifaqının Ermənistan-Azərbaycan şərti sərhədində Fransanın jandarma heyətindən ibarət 139 nəfərlik mülki monitorinq missiyası vardı. Hazırda həmin heyətin sayı 200-ü keçib. Aİ-nın mülki monitorinq missiyasının fransız rəhbəri tez-tez Ermənistan-Azərbaycan şərti sərhəd ərazilərə baş çəkir.
Bu yaxınlarda isə Fransanın müdafiə naziri Sebastyan Lekornu Ermənistana rəsmi səfər edib. Bu səfər çərçivəsində hər iki ölkənin müdafiə nazirləri arasında təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə edilib. Bundan başqa rəsmi Paris Ermənistana təlimçilər və məsləhətçilər göndərir.
Həmin ərəfədə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının önündə anti-Rusiya aksiyaları keçirilir. Eyni zamanda Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya rəsmi səfərindən sonra Ermənistanın KTMT-də iştirakını dondurması ilə bağlı qərar verib. Bununla yanaşı, Paşinyan Ermənistanın silahlanmasında şaxələnməyə üstünlük verməyə çalışır və ölkənin təhlükəsizlik məsələsində alternativ ölkə axtarışına çıxıb. Bütün bunlar Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin gücləndiyini təsdiqləyir.
Odur ki, ABŞ, Fransa və digər Qərb ölkələri Ermənistanın Rusiyanın təsir dairəsindən qopması üçün şeytanla da əməkdaşlıq etməsinə belə razıdırlar.
Ona görə də Qərb Ermənistanın İrandan bir neçə silah-sursat almasına göz yuma bilər. Əvvəlki dövrlərdə də ABŞ Ermənistan-İran münasibətlərinə ötəri yanaşıb. Həmçinin Ermənistan təbii qazın bir hissəsini İrandan nəql edir.
Ola bilər ki, Rusiyanın təbii qazından imtina ediləcəyi təqdirdə Ermənistan mavi yanacağı İrandan alacaq. Habelə İraqdan da İran ərazi vasitəsilə Ermənistana təbii qaz tədarük edilə bilər.
Qərbin əsas hədəfi Ermənistanı Rusiyanın təsir dairəsindən qopartmaqdır. Bu səbəbdən ABŞ və onun Avropalı havadarları Ermənistanın İranla hərbi əməkdaşlığa dair sənəd imzalamasına məhəl qoymaya bilər”.
İran və Fransanın Ermənistanda birgə əməkdaşlığına gəlincə, S.Soltan qeyd edib ki, bu, hələ qeyri-mümkün görünür:
“Fransa İran hakimiyyəti üçün elə də xoş görünmür. Düzdür, İran İslam İnqılabının lideri sayılan Ayatullah Xomeyni uzun müddət Fransada müharicətdə yaşayıb. Buna baxmayaraq, Fransa İrandakı rejimə müxalif sayılan Xalq Mücahidələri Təşkilatının uzun illər yerləşdiyi ölkə olub.
Fransa və İran hakimiyyətinin Zəngəzur dəhlizində eyni mövqeyi bölüşməsinə gəlincə, bunu yalnız zaman göstərəcək. Çünki Zəngəzur dəhlizi layihəsi təkcə Azərbaycan və Türkiyə yox, həmçinin Qərb, xüsusilə NATO üçün əhəmiyyət kəsb edib. Ona görə də Fransa Zəngəzur dəhlizinə qarşı çıxacağı ilə bağlı proqnoz vermək hələ tezdir.
Bəli, Ermənistanın ərazi bütövlüyü və təhlükəsizliyi məsələsində İran və Fransanın mövqeyi üst-üstə düşür. Nəzərə alaq ki, Avropa İttifaqının mülki monitorinq missiyası çərçivəsində Fransanın jandarm heyəti Ermənistan-Azərbaycan şərti sərhədi ilə yanaşı İranla da sərhəd ərazilərini müşahidə etməsi istisna olunmur. Bu baxımdan İran ilə Fransanın Ermənistanda birgə fəaliyyət göstərməsi və strateji maraqlarını bölüşməsi təzadlı görünür”.
S.Soltan İran hakimiyyətinin Fransanın Cənubi Qafqazdakı proseslərə müdaxiləsinə qarşı çıxmaq iqtidarında olmadığını bildirib:
“İran Cənubi Qafqazın sahibi deyil. İran hakimiyyəti və Fransa Ermənistanda bu halda əməkdaşlıq edə bilərlər. Belə ki, ya ABŞ bu əməkdaşlığa razılıq verməlidir, ya da Tehran Rusiyanın maraqlarına əksinə olaraq Fransa ilə Ermənistanda əməkdaşlıq etməlidir. Amma hazırkı şərtlər daxilində İran hakimiyyətinin Rusiyanın maraqlarına qarşı çıxmaq imkanları məhduddur”.