2024-cü təqvim ilinin astanasındayıq. 39 gündən sonra bütün dünya yeni ili qarşılayacaq.
Yeni il bayramının əsas atributları “Şaxta baba” və "Qar qız"-dır. Yeni il bayramı ərəfəsində xüsusi ilə Bakı şəhərində və ona ətraf ərazilərdə küknar (“yolka”) ağacının quraşdırıldığı zaman ağacın yanında “Şaxta baba” və “Qar qız”ın dayandığını görmək olur.
Qeyd edim ki, “Şaxta baba”nın varlığına ən çox inananlar isə uşaqlardır. “Şaxta baba” bütün dünyada uşaqlara hədiyyə paylayan xeyirxah adam kimi tanınır.
Maraqlıdır, Bakıda Yeni illə bağlı “Şaxta baba” və “Qar qız” kimi fəaliyyət göstərmək istəyənlər nə qədər rüsum ödəməlidir ?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, Bakı şəhərində “Şaxta baba” kimi fəaliyyət göstərmək üçün 60 manat məbləğində rüsum ödənilməlidir:
““Şaxta baba” kimi fəaliyyət göstərmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən icazə alınmalıdır. Normalda “Şaxta baba” və “Qar qız” olmaq üçün dekabrın əvvəlindən başlayaraq müraciət edilməlidir. Lakin keçən il heç kəs müraciət etməyib. Çünki “Şaxta baba” olmaq üçün heç bir şəxs rüsüm ödəmək istəmir.
Artıq “Şaxta baba”lar özləri səyyar fəaliyyət göstərir. Sovetlər dönəmində “Şaxta baba”ya maraq daha çox idi. İndi heç kim “Şaxta baba”yla şəkil çəkdirmək istəmir”.