“Ukrayna ikiyə bölünür, bu ərazilər Rusiyada qalacaq” – Ehtimal edilən GİZLİ RAZILAŞMANIN detalları


Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələr vermədiyini deyib.

“Ukrayna təlim keçməmiş, təcrübəsiz hərbçiləri döyüş meydanına atır. Qərbin Ukraynanı təzyiq altında saxlayaraq müharibəyə sövq etməsi bu ölkəni məhvə aparır”, əlavə edib.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, rusiyalı nazir sözügedən açıqlama ilə məsuliyyətdən yayınmağa çalışır:

“Fakt ondan ibarətdir ki, Ukrayna işğal altındakı ərazilərini tədricən azad edir və müharibə artıq Rusiya sərhədlərinin daxilinə keçib. Paytaxt Moskvada və digər şəhərlərdə, demək olar, hər gün partlayışlar olur. Bu, Ukraynanın əks-hücum əməliyyatının hələlik ən pik nöqtəsidir. Hazırda savaşın nəticələrinə təsir etmək imkanında olan dövlət ABŞ-dir. Vaşinqton sonadək Kiyevi dəstəkləyərsə, bu, Ukraynanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələnə bilər. Eyni zamanda savaşın Rusiya siyasi elitasında ciddi kataklizmlərə səbəb olması da gözlənilir. Amma müəyyən mərhələdən sonra ABŞ Ukraynaya dəstəyi dayandıra bilər. Belə olarsa, Rusiya üstünlüyü ələ alacaq”.

Müsahibimiz ABŞ ilə Rusiya arasındakı gizli razılaşmaya görə Ukraynanın ikiyə bölünəcəyi barədə iddialara da münasibət bildirib:

“İddialara görə, işğal altındakı ərazilər Rusiyada qalacaq, Ukrayna isə yerdə qalan digər ərazilərlə NATO-ya qatılacaq. Belə bir ehtimal azdır, amma var. Şoyqu çıxışı zamanı həm də ona diqqət çəkib ki, Rusiya bütövlükdə Qərblə mübarizə aparmasına baxmayaraq, əks- hücumların qarşısını ala bilir. O, bununla Ukraynanın hərbi qüdrətini göstərməyə çalışıb. Bütün hallarda zaman Rusiyanın əleyhinə işləyir. Kremlin Müdafiə Nazirliyindən narazılığı getdikcə artır. Şoyqunun istefaya göndəriləcəyini düşünmürəm. Bu, daha ciddi problemlərə gətirib çıxara bilər. Amma belə getsə, Putin alternativ varianta əl atmalı olacaq - nüvə savaşı ehtimalı artır”.

Xatırladaq ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu daha əvvəl Putinin döyüş meydanındakı durumu dəyişməsi üçün Şoyquya 1 ay vaxt verdiyini bildirmişdi.


MANŞET XƏBƏRLƏRİ