“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yük maşınları da Xankəndiyə daxil olmalıdır”.
Turkustan.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert xatırladıb ki, Ağdam-Xankəndi yoluna paralel olaraq, Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin yük maşınlarının hərəkəti təmin olunub:
“Bu o demək deyil ki, Ermənistanın yüklərinin Laçın yolundan maneəsiz keçidinə icazə veriləcək. Azərbaycanın Laçında sərhəd-gömrük nəzarətini davam etdirəcək. Ermənistan və Qarabağın erməni sakinləri bilməlidir ki, Ağdam-Xankəndi yolunun açılması və yüklərin bu xətlə daşınması reinteqrasiya prosesinin tərkib hissəsidir. Bakı “yumuşaq güc”lə separatçılara təzyiqi davam etdirməlidir.
Azərbaycan dövlət nömrə nişanlı yük avtomobilləri Qızıl Ayparanın xətti ilə Xankəndiyə daxil olmalıdır. Yəni məsələ təkcə Qırmızı Xaçla bitməməlidir. Son addımlar Ermənistan və separatçıların “humanitar böhran” şousu fiaskoya uğradı. Zənnimcə, Xankəndi-Ağdam yolu ilə bağlı son anlaşma ermənilərin başqa çıxış yolunun olmadığını göstərdi, “müstəqil dövlət” xülyaları elə xülya olaraq qaldı.
Azərbaycanla növbəti savaş ermənilərin xeyrinə olmayacaq. Bunu anlayan Ermənistan Qarabağın dağlıq hissəsindəki silahlılarını mülki geyimlərdə və başqa-başqa adlar altında ərazimizdən çıxarır. Yəni qanunsuz birləşmələr elə yaraqlılarını ərazimizdə göndərən Ermənistanın özü tərəfindən tərksilah edilir. Təkcə onlar yox, Birinci və İkinci Qarabağ müharibələrində döyüşənlər və vətəndaşlığımızı qəbul etməyənlər də Qarabağı tərk edirlər”.
Məhəmməd Əsədullazadə hesab edir ki, bununla Ermənistan və Fransanın Azərbaycana qarşı qurduqları “humanitar böhran” şousu fiasko ilə bitdi:
“İndi Qarabağın dağlıq hissəsindəki silahlı separatçıların və terrorçuların, eləcə də ağır texnika və bütün silahların tam çıxarılması istiqamətində təzyiqlər artırılmalıdır. Ermənistan buna məcbur edilməlidir, ərazimizi onu çirkləndirənin özünə təmizlətmək lazımdır.
Tanklar və digər artilleriya qurğularının maneəsiz çıxışı təmin edilməli, yaxud bunlar Azərbaycana təhvil verilməlidir. Bundan sonra Ermənistanın Xankəndidə dəstəklədiyi və silahlandırdığı separatçıların heç bir perspektivi yoxdur. Beləliklə, Ermənistanın 30 illik işğalı və sonda hərbi məğlubiyyəti Azərbaycanın Qarabağ üzərindəki suverenliyini rəsmi olaraq tanıması ilə nəticələnəcək.
Rusiya sülhməramlılarına gəlincə, onlar üçün də vaxt daralır. Silahlı terrorçuların ardınca Qarabağı tərk edənlərdən biri də onlar olacaq. Ən geci 2025-ci ildə bu baş verəcək, ona qədər ərazimizdə separatizmə tam son qoyulacaq. Bunun daha tez olacağına isə inancım böyükdür”. /teleqraf.com/