"İnanmıram ki, Rusiyanın vasitəçiliyi Qərbi kölgədə qoysun. Çünki Moskvanın vasitəçiliyinin öz yeri var, Qərbin öz yeri. Ümumiyyətlə, bəyanatları görürsünüz. Həm Azərbaycan, həm də Ermənistan - hər iki tərəf söyləyir ki, əsas məsələ sülhə nail olmaqdır. Bu isə xoşagələn haldır. Gözləyək, görək Moskva görüşü nə ilə nəticələnəcək. Belə söhbətlər var ki, liderlər həm nəqliyyat, həm də ərazi bütövlüyünün tanınması ilə bağlı hansısa sənədləri imzalaya bilərlər. Əgər alınsa, bu, bir addım irəlidir..."
Turkustan.az Pravda-ya istinadla xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O, Moskvanın böyük sülh sazişinin imzalanmasına maraqlı olmaması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:
"Məsələyə iqtisadi baxımdan yanaşsaq, Rusiya, əlbəttə ki, böyük sülh sazişinin tərəfdarıdır. Çünki Rusiya İranla 1,6 milyard avro dəyərində Rəşt-Astara dəmir yolunun tikintisi barədə saziş imzalayıb. Ən əsası Zəngəzur dəhlizi də Rusiyanın marağındadır. Rusiyanın iqtisadiyyatı üçün bu, çox önəmli layihədir. Çünki Ukrayna ilə müharibəyə görə Qərb tam şəkildə yolları bağlayıb.
Buna görə də yol açılması Rusiya üçün iqtisadi baxımdan çox vacibdir. Siyasi tərəfdən də Rusiya böyük sülh sazişinə maraqlıdır, amma yəqin şərtlər olacaq. Bir azdan bu şərtlərdə də bəlli olar".