Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, İran öz ərazisindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvana yol verir. Zəngəzur dəhlizi ilə bağlı isə rəsmi Tehran Ermənistanın Azərbaycana yol verməsini onun beynəlxalq hüquqlarını, ərazi bütövlüyünü pozmursa, problem yoxdur iddiası ilə çıxış edir. Bu məntiqi necə izah etmək olar?
- Ermənistanın ərazi bütövlüyü hələ də danışıqlar mövzusudur. Eyni zamanda Xəzər dənizinin də statusu müzakirə edilən mövzular sırasındadır. Hələ də Xəzərdə sektorların müəyyən olunması prosesi başa çatmayıb. Rəsmi Tehran isə bu məsələyə fərqli şəkildə yanaşır. Keçmiş sovet dövründə Astara-Həsənqulu xətti üzrə, yəni, Azərbaycan və Türkmənistan tərəfindən real sərhəd var idi. İran da o vaxt buna riayət edirdi. Amma indi Tehran məsələnin danışıqlar yolu ilə həllini tapmasını irəli sürür. İndiki halda Azərbaycanla Ermənistan arasında gedən danışıqların əsas mövzularından biri qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması məsələsidir. Çünki hələ də iki ölkə arasında sərhəd müəyyən edilməyib. Bu baxımdan İran tərəfinin bəyanatı köhnə mövqeni əks etdirir. Amma məntiq baxımından burada ziddiyyət var. Ermənistan öz ərazi bütövlüyünü hansı şəkildə təsəvvür etməsi hələ aydınlaşmayıb. Azərbaycan da bu məsələdə birmənalı mövqeyə malikdir.
- Məsud Pezeşkian digər İran rəsmilərindən fərqli olaraq Zəngəzur dəhlizinin əleyhinə açıqlama verməyib…
- Əslində, Zəngəzur dəhlizi məsələsi burada mövzunun bir hissəsidir. Ermənistanın təklif etdiyi xəttin Azərbaycan tərəfindən tanınması əsas amillərdən biridir. Misal üçün erməni tərəfi sərhədlərin 1975-ci ilin keçmiş sovet xəritələri əsasında müəyyənləşməsini istəyir. Bunun üçün də onların əsasları həmin dövrdə ən böyük əraziyə malik olmaları ilə bağlıdır. Azərbaycanın isə bu məsələyə yanaşması tam adekvatdır. Çünki keçmiş sovet dövründə Azərbaycanın tarixi əraziləri 1920-ci ildə əhatəli formada olub. Bu da bir məsələ kimi ortaya qoyula bilər. Ona görə də burada ərazi bütövlüyü anlayışına birmənalı yanaşmaq olmaz. Ərazi bütövlüyü o zaman qəbul edilir ki, həmin dövlət öz qonşuları ilə sərhəd barəsində sazişlər bağlamış olur. Bu da beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir. Uzun müddət Ermənistan keçmiş Dağlıq Qarabağı öz ərazisi kimi təqdim edib. Eyni zamanda Hindistanla Çin arasında da belə problemlər var. Azərbaycanla Ermənistan arasında hələ də sərhədlər müəyyən edilmədiyinə görə, kənardan bu mövzuya aid verilən açıqlamalar məntiqdən uzaqdır. Sözsüz ki, bu halda Ermənistanın ərazi bütövlüyü anlayışından da danışmaq olmaz. Hələ də Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var və keçmiş Dağlıq Qarabağı özlərinə aid edirlər. Bu halda İran tərəfinin Ermənistanın ərazi bütövlüyü ilə bağlı iddialar başadüşülən deyil.
- Sərhəd məsələsində tarixi reallıqlara istinadla bağlı hansı presidentlər var?
- Tarixi reallığı nəzərə alsaq, Zəngəzur dəhlizinin açılması Azərbaycana lazım olmayacaq. 1920-ci ildə Naxçıvan-Azərbaycan arasında Ermənistana aid ərazi məhfumu olmayıb. Sərhədlər Göyçənin ortasından keçirdi. Zəngəzur də məhz Azərbaycana aid bir ərazi idi. Sadəcə, Azərbaycan xalqının mövqeyi nəzərə alınmadan Zəngəzur ərazisi Ermənistana verilib. Bu qərarı vaxtilə Orconikidze verib. (1917-ci il inqilabında yaxından iştirak edən Serqo Orconikidze Ermənistan və Gürcüstanda sovet hakimiyyətinin qurucularından olub). Sonradan digər Azərbaycan torpaqları da ermənilərə güzəştə gedilib.
- Ermənistanın davamlı olaraq Almatı razılaşmasına istinad etməsində məqsəd nədir?
- Bu razılaşmada cəmi iki söz yazılıb ki, bu da olan sərhədlərlə bağlıdır. Administrativ və yaxud hansısa ilin sərhədləri ilə bağlı burada heç bir qeyd yoxdur. 1991-ci ildə isə Azərbaycanla Ermənistan arasında heç bir sərhəd olmayıb. Ermənistan tərəfi keçmiş sovet dövründə olan sərhədləri de-fakto ləğv edib və hələ də o torpaqlar Azərbaycana qaytarılmayıb.
- Sonradan 1975-ci ilin xəritələri əsasında sərhədlərin müəyyənləşməsini gündəmə gətirdilər. Burada onlara sərf edən məqamlar nədən ibarət idi?
- 1975-ci ilin xəritələri ermənilərə sərf edən variantlardan biri idi. Azərbaycan da haqlı olaraq buna rədd cavabı verib. Ona görə ki, sərhəd məsələsi adi bir yanaşma və bəyanatla həll olunası proses deyil. İranın da keçmiş sovet dövründən qalmış sərhədləri hələ müəyyənləşməyib. Astara-Həsənqulu xətti yenə də əsas götürülürsə, bu da yanlışdır. Çünki hələ də Xəzər dənizinin statusu müəyyən edilməyib. İran-İraq müharibəsindən sonra da Fars körfəzi ətrafında qalmaqal bitməyib. Ərəblər hələ də oranı özlərinə aid edirlər.