Trampın sabiq müşavirindən sensasion iddia: Rusiya Azərbaycanı da tutmaq istəyir


Rusiya döyüş meydanında vəziyyətin onun xeyrinə olduğuna və danışıqlarda daha çox şeyə nail ola biləcəyinə inandığı üçün nizamlanmaya tələsmir. Rusiya lideri Vladimir Putin amerikalı həmkarı Donald Trampın bütün güzəştlərə getməyə hazır olduğu üçün onu dəstəkləyəcəyinə əmindir.

Turkustan.az xəbər verir ki, bunu “Delfi”yə müsahibəsində Trampın keçmiş milli təhlükəsizlik müşaviri, “Qırğı” ləqəbli Con Bolton deyib.

Bolton Putinin “Rusiya imperiyasını yenidən yaratmaq” ambisiyalarının Ukrayna hüdudlarından kənara çıxdığını iddia edib. O, Avropa ölkələrini birləşməyə və Trampa arxalanmamağa çağırıb.

“Düşünürəm ki, Putin keçmiş KQB agenti kimi insanları manipulyasiya etməyi bilir, onların zəif cəhətlərini bilir. O, Rusiyanın milli maraqlarını təmin etmək üçün onlardan necə istifadə edəcəyini bilir. Putin həm Trampın ilk dövründə, həm də yenidən vəzifəyə gəldikdən sonra ilk 90 gün ərzində onunla uğurla oynaya bildi. Putin açıq şəkildə bütün Ukraynanı ələ keçirmək istəyir. O, Rusiya imperiyasını yenidən yaratmağa çalışır. Ona görə də Ukraynada baş verənlərdən asılı olmayaraq, digər keçmiş sovet respublikaları Moskva tərəfindən daim təhdid altındadır.

Və mən hesab edirəm ki, bu gün Kreml Ukraynada atəşkəsə razılaşsa belə, bu, yalnız müvəqqəti xarakter daşıyacaq, o vaxta qədər ki, onlar öz silahlı qüvvələrini yenidən quracaq, yeni qüvvələr formalaşdıracaq, yeni texnika alacaq, sonra da qayıdacaqlar. Çünki Rusiya imperiyasının yenidən yaradılması böyük problemdir. Bunun üçün ilk növbədə Ukrayna lazımdır. Deməli, Putin üçün bu, çox uzunmüddətli plandır. Söhbət təkcə Ukraynanın şərqində növbəti altı ay ərzində baş verəcəklərdən getmir.

Düşünmürəm ki, Rusiyanın Ukraynada verdiyi itkiləri nəzərə alsaq yeni əraziləri ələ keçirməyə gücü çatmır. Məncə, Kremlin həyata keçirə biləcəyi başqa məqsədlər də var. Bu gün Belarus praktiki olaraq Rusiyanın bir hissəsidir. Ermənistan, Azərbaycan, Gürcüstan, Orta Asiya respublikaları, Baltikyanı ölkələr onun siyahısındadır. Putin bu ölkələrin Rusiya imperiyasının bir hissəsi olduğuna inanır və ola bilsin ki, Mərkəzi və Şərqi Avropanın digər ölkələrində də böyük “Rusiya İmperiyasının” bir hissəsi kimi görmək istədikləri ərazilər var”, - Bolton bildirib./publika.az


MANŞET XƏBƏRLƏRİ