Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Krım, Donbass və Novorosiya məsələlərinin uzun müddət əvvəl həll edildiyini bildirib. Hətta ABŞ prezidenti Donald Tramp administrasiyasına Krımı Rusiya ərazisi kimi tanımaq istəmədiyini deyib. Lakin Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki,“Ukrayna Krımın işğalını tanımayacaq. Bu barədə danışmalı heç nə yoxdur. Bu konstitusiyamıza ziddir”.
Bu arada şiddətli döyüşlərdən və çox sayda itkilərdən sonra Rusiya Kursku da tamamilə ələ keçirə bildi. Maraqlıdır görəsən, bu durumda hər 2 tərəf sülhlə razılaşacaqmı? Ümumiyyətlə sülh olarsa, Rusiyanın işğal etdiyi ərazilər özündə qalacaq? Turkustan olaraq suallarımızı siyasi şərhçi Əhəd Məmmədliyə ünvanladıq. Ekspert bildirdi ki, Rusiya ələ keçirdiyi torpaqları vermək niyyətində deyil.
Əksinə, tam əldə edə bilmədiyi torpaqları əldə etmək istəyir. Rusiya tam olaraq 4 vilayətə talibdir. Zaporoji, Donetsk, Luqansk və Xerson. Luqanskın 99 %- ni , Donetskin 70% - ni , Zaparoji və Xersonun demək olar ki, 50 % - ni işğal edib. Ruslar hələ bu şəhərləri 2014-2015-ci illərdə də ələ keçirmişdilər. Amma Zaporoji və Xersonda vəziyyət fərqlidir. Zaporojini hələ ki, götürə bilməyiblər. Heç yaxınına da gələ bilməyiblər. Xersonu da götürmüşdülər, sonra geri verməli oldular. Rusiya referendum keçirdi və 4 vilayəti öz ərazilərinə birləşdirdilər. İndi Putin də məntiqi ilə deyir ki, bu artıq mənim ərazimdir. Mən bu ərazilərdən imtina etsəm, Rusiya ərazilərindən imtina etmiş oluram. Belə bir oyun qurublar. Ona görə İndi burada al-ver məsələsi olacaq. Artıq Krım da buna aiddir. Rusiya çox itkilər verib, artıq nə Putin nə də rus xalqı bu torpaqların geri qaytarılmasına razılaşmayacaq.
Rusiya indi olduqca rahatdır, hər gün demək olar ki, ərazi götürür. Bu ölkəni sanksiyalar yıxa bilmədi, əksinə daha da gücləndi. Ümumiyyətlə, Rusiya və Çin kimi dövlətləri sanksiyalarla yıxmaq olmaz. Trampın istədiyi kimi olmasa, müharibə davam edəcək və bu illər çəkərsə, təbii ki, Rusiyaya çox təsiri olacaq. Əgər ABŞ və Aİ Ukraynaya silahlar verməyə davam edərsə, vəziyyət Rusiyanın əksinə də çevrilə bilər. Fakt budur ki, Rusiya hazırda üstün tərəfdir və hələlik şərtləri də o irəli sürür!
Aytən Yaşar/ Turkustan.az