Son dövrlərdə qlobal ticarət münasibətləri ciddi dəyişikliklərə məruz qalıb. Belə ki, ABŞ Prezidenti Donald Trampın ikinci dövrünün ilk 100 günündə həyata keçirdiyi aqressiv “America First” siyasəti xüsusilə Çin və Avropa İttifaqı (Aİ) ilə ticarət müharibələrinin intensivləşməsinə səbəb oldu. Bu siyasət yalnız ABŞ-ın ənənəvi müttəfiqləri ilə münasibətləri gərginləşdirməklə qalmadı, həm də qlobal ticarət sistemində qeyri-müəyyənliyi artırdı.
Ekspertlər deyir ki, Azərbaycan, geopolitik və iqtisadi baxımdan bu qlobal dəyişikliklərin təsirlərindən yayınmaq üçün öz xarici siyasətində balanslı və strateji yanaşmalar tətbiq edir. Ölkəmiz həm ABŞ, həm Çin, həm də Aİ ilə müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini inkişaf etdirərək, öz maraqlarını qorumağa çalışır. Prezident İlham Əliyevin Çinə rəsmi səfəri həm də bu baxımdan diqqət çəkir.
Azərbaycan Trampın Aİ və Çinlə ticarət savaşında kimin yanındadır? Üç supergücün (ABŞ, Aİ, Çin) mövqe və nüfuz mübarizəsində ölkəmiz hansı mövqedədir?
Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, ABŞ ilə Çin uzun müddətdir, tarif münaqişəsinə hazırlaşırdı:
“ABŞ-ın elan etdiyi ticarət müharibəsinin məqsədi qlobal iqtisadiyyatı tamamilə Vaşinqtonun qərarlarından asılı etməkdir. Ancaq Çin ABŞ-ın təyin etdiyi koordinatları geriyə çevirmək gücündə olduğunu göstərir. Çinin mövqeyinə görə, ABŞ-ın Çin üçün tarifləri görünməmiş həddə qaldırması Vaşinqtonun səhvinin üstünə səhv yığır. Ehtimal ki, Çinin əlində tarif müharibəsində dönüş yaratmaq üçün “gizli silahlar” var və bu, Pekinin rəqabətə qarşı davamlılıq qabiliyyətini vurğulayır.
Aqşin Kərimov
Başqa sözlə, Pekinin, ABŞ-ın elan etdiyi tarif doktrinasına münasibətdə Vaşinqtona danışıq əlini uzatmaması onun mübarizə strategiyasındakı inamdan irəli gəlir. Bu inam daha böyük resurslara, gizli iqtisadi-ticari, texnoloji qabiliyyətlərə istinad edir. Hələlik isə Çin ABŞ-ın siyasətinə qarşı oxşar tarif paketi tətbiq etməyi üstün sayır. ABŞ ilə Çinin ticarət savaşının təbii ki, geosiyasi mənzərəyə verdiyi hərarət diqqətlə izlənilməlidir”.
Ekspert deyib ki, nəhəng miqyasda, ABŞ-ın Çinin iqtisadi yüksəlişi və böyük tariflərə dözümlülüyünə qarşı Hindistan amilindən istifadə etdiyini demək olar:
“Kəşmirdəki terror zamanı ABŞ-ın vitse-prezidenti Ceyms Densin Yeni Dehlidə olması diqqət mərkəzinə düşüb. Kəşmirdəki hadisədən sonra nüvə silahına malik iki rəqib – Hindistan və Pakistan – arasında hərbi eskalasiya qorxusunun artmasına ABŞ-Çin mübarizəsinin bir hissəsi kimi baxmaq olar. Yəni ABŞ Çin ilə Pakistan arasındakı strateji münasibətləri, Hindistan vasitəsilə zədələmək, son nəticədə Pakistanı Pekinin təsirlərindən tamamilə çıxarmaq məqsədlərini güdə bilər.
Digər tərəfdən, Hindistan ABŞ üçün Çinin başlatdığı dəhlizlər strategiyasında alternativlər təqdim edəcək gücdür. Şübhəsiz ki, Hindistan Azərbaycan-Çin və Azərbaycan-Pakistan strateji tərəfdaşlıq əlaqələrini özünün maraqlarına qarşı hab hesab edir.
Bakı üç supergüclə bir arada
Bu xüsusda Hindistanın Cənubi Qafqazda Çin məsələsinə qarşı ABŞ ilə birlikdə hərəkət edə biləcəyini göstərmək elə də çətin olmamalıdır. Daha dərin qatda hesablanmış strategiya müttəfiqlik münasibətlərində dəyişiklik yaratmaqdır və bunun fonunda Vaşinqtonun Cənubi Qafqazda Azərbaycan-Çin əməkdaşlığını diqqətlə izlədiyini demək mümkündür. Lakin o da bəllidir ki, Azərbaycan ABŞ, Rusiya və Çinlə münasibətlərində balansı saxlayır. Bununla belə, yaranmış geosiyasi və geoiqtisadi imkanları nəzərdən keçirərək gələcək dünya nizamında əlverişli mövqelərə yerləşmək siyasəti yürüdür.
Hərbi müdaxiləyə hazırlıq
Bu uyğunlaşdırma siyasətində Çinin perspektiv parlaqlığı Azərbaycanın diqqətindədir. Üstəlik, Pekinin Tayvanı suveren zonasına qatması ehtimalları Azərbaycanın da təhlil predmetidir. Ehtimal ki, Azərbaycan uzunmüddətli plan üçün Çinin Tayvana mümkün hərbi müdaxilələrindən irəli gələcək təhlükəsizlik arxitekturasına hazırlaşır”.