Donald Trampın növbəti dəfə ABŞ prezident seçilməsindən sonra dünya siyasəti fərqli yöndə dəyişməyə başlayıb. Trampın seçilməsinin ardından Kanada, Panama və Greenlad əraziləri ilə bağlı müxtəlif tələblər irəli sürməyə başlayıb. Onun Ukrayna ilə bağlı siyasəti də sələfindən fərqlənib. Belə ki, onun Ukrayna məsələsində atdığı addımlar və Rusiya ilə dialoqu bərpa etməsi müəyyən fikirlərin yaranmasına səbəb olub. Belə ki, qlobal media son günlər dünyanın böyük güclər tərəfinfən bölüşüdürüləcəyi ilə bağlı materiallar dərc edir. Qeyd olunur ki, dünya ABŞ, Rusiya və Çin arasında bölünəcək. Hətta bununla bağlı xəritə də paylaşılıb.
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, dünyanın əsasən üç güc tərəfindən bölüşdürüləcəyinə dair məlumatlar dezinformasiya xarakteri daşıyır:
"Dünyanın əsasən 3 böyük güc -Rusiya, ABŞ və Çin tərəfindən bölünəcəyinə dair yazılar yayımlanır. Əslində bu, dezinformasiya xarakteri daşıyır. İndidən beynəlxalq aləmi ona alışdarmağa çalışırlar ki, artıq dünyada söz sahibləri arasında danışıqlar gedə bilər. İkinci Dünya müharibəsindən sonra-soyuq müharibə zamanı iki böyük dövlət vardı. Digər dövlətlər faktiki olaraq bu ölkələr arasında bölüşdürülmüşdü. Bir də qoşulmayanlar hərəkatı vardı. İndi eynən belə xəritələr yayımlanır: Rusiya yenidən imperiya vəziyyətinə gələcək, Çin Asiyanı idarə edəcək, ABŞ öz qitəsində hökmranlıq edəcək. Amma bunlar hamısı keçmişdə qalıb.Çünki dünyada böyüyən güclər fərqlidir, çoxqütblü dünya formalaşır. Burada Latın Amerikası ölkələri, Asiyada müxtəlifdövlətlər var, tək Çin deyil".
Politoloq vurğulayıb ki, müxtəlif dövlətlərin gücü artır:
"Türkiyənin özü Avrasiya məkanında əsas söz sahibinə çevrilib. Cənubi Qafqazda Azərbaycan daha heç vaxt Rusiyanın təsiri altına düşmək istəməz. Yəni bu xəritələr kimlərinsə xülyalarıdır, amma bu xəyalların reallaşma ehtimalı çox aşağıdır".