Mirzə Qədim İrəvaninin irsinin öyrənilməsi Qərbi Azərbaycana qayıdış baxımından əhəmiyyətlidir


Bildiyimiz kimi, 2025-ci ildə Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin anadan olmasının 200 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 fevral 2025 – ci ildə Azərbaycan incəsənətinin inkişafına töhfələr vermiş görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd olunmasının təmin edilməsi ilə bağlı müvafiq sərəncam imzalamışdır. Bu hər şeydən əvvəl Azərbaycan mədəniyyətinə, tarixi - mədəni irsimizə verilən yüksək qiymətdir.

Azərbaycan panel rəssamlığının əsasını qoymuşdur, yaradıcılığı Azərbaycanın yeni dövr təsviri sənətində vacib dəyişikliklə yadda qalmışdır. İrəvani, əsasən, tikmə üçün olan trafaret rəsimləri, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı ilə tanılır. Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırıb, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyub.

“Qarabağ” informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinin qeyd edilməsinin həm də tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın mədəniyyətinin, incəsənətinin gənc nəsil tərəfindən öyrənilməsinə əlavə təkan verəcəyini bildirdi. Nurəddin Mehdiyev qeyd etdi ki, Qarabağın Ermənistan tərəfindən 30 il ərzində işğal altında saxlanılması Azərbaycan cəmiyyətinin torpaqların işğaldan azad olunmasına inamı azaltmadı. Əksinə Dövlət və cəmiyyət bir məqsəd uğrunda birləşdi, gücləndi və 2020-2023 cü illər ərzində Qarabağ tam şəkildə işğaldan azad edildi. Qarabağın azad edilməsi illərdən bəri həsrətində olduğumuz tarixi torpaqlarımız olan Qərbi Azərbaycana da diqqəti artırdı. Qərbi Azərbaycana dinc qayıdış prosesini yaxınlaşdırmaq üçün Dövlət və vətəndaş cəmiyyəti tərəfindən bir sıra fəaliyyətlər həyata keçirilməkdədir. Bu konteksdə aktual olan məsələlərdən biri də tarixi vətənini və yurdlarını itirmiş azərbaycanlıların və onların davamçıları olan nəsillərinin Qərbi Azərbaycanda qoyub gəldikləri mədəni mühitə qayıdışı üçün fəaliyyətlərin, hazırlıq işlərinin görülməsidir, o torpaqların və orada yaşamış azərbaycanlıların maddi və qeyri maddi mədəni irsi, ədəbi və mədəni mühiti haqqında biliklərin artırılması, müasir rəqəmsal məhsulların yaradılması ilə keçmiç hekayələrin müasir formatda önə çıxarılması və təbliğidir. Qərbi Azərbaycan ədəbi və mədəni mühiti Azərbaycan mədəniyyətində özünəməxsus yer tutur. Vizual sənətlərin və rəssamlığın unikal əsərlərini yaratmış Mirzə Qədim İrəvani kimi sənətkarlar bu mənada önə çıxır. Mirzə Qədim İrəvaninin irsinin öyrənilməsi, tarixi torpaqlarımıza qayıdışın həyata keçirilməsi və Qərbi Azərbaycan mədəni mühitinin öyrənilməsi baxımından da əhəmiyyətlidir.

“Qarabağ” informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyi


MANŞET XƏBƏRLƏRİ