Mənzillərdən yerə zibil atanların NƏZƏRİNƏ: Bu qədər cərimə ödəyəcəksiniz


“Bəzi hallarda vətəndaşlar fərqinə varmadan müəyyən əşyaları güldan, dibçək və ya digər yüksək zərər yetirə biləcək predmetləri məsuliyyətsiz şəkildə pəncərə kənarında və ya balkonlarda yerləşdirirlər. Güclü külək zamanı bu əşyalar yerə düşərək oradan keçən vətəndaşlara xəsarət yetirə bilər”.

Bu fikirləriKONKRET.az-a açıqlamasında vəkil Ramil Süleymanov səsləndirib.

“Belə hallarda, əgər nəticədə şəxsin ölümü baş verərsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124-cü maddəsinə (ehtiyatsızlıqdan adam öldürmə), sağlamlığa ağır zərər vurularsa isə 131-ci maddəsinə (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) əsasən cinayət işi başlanılır. Nəticə olaraq həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunur”

Vəkil qeyd edir ki, eyni zamanda vətəndaşların evlərinin pəncərəsindən və ya balkonlarından hər hansı əşyanı, o cümlədən zibil və məişət tullantılarını çölə atması inzibati xətaya səbəb olur. Ancaq bu hərəkət heç bir zərər doğurmursa, inzibati xəta kimi xarakterizə edilir.

“Bu hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən tənzimlənir. Belə hallarda fiziki şəxslər 300 manat məbləğində cərimə olunur”.

O, vurğulayır ki, bundan əlavə, bəzi hallarda vətəndaşlar balkonlardan və ya pəncərələrdən su və ya digər mayeləri çölə atırlar.

“Əgər bu mayelər digər şəxslərin üzərinə düşərsə, onların əşyalarına və ya paltarlarına zərər dəyərsə, bu zaman mülki məsuliyyət yaranır. Zərərçəkmiş şəxsin məhkəməyə müraciəti əsasında dəymiş zərərin müəyyən olunaraq ödənilməsi tələb edilə bilər”.


MANŞET XƏBƏRLƏRİ