Ölkədə bu biznesin açılması ilə turist axınını artırmaq mümkündür, amma cinayətkarlıq riskini də nəzərə almaq lazımdır; mütəxəssislərdən fərqli baxış
Azərbaycanda turist axınını daha da artırmaq üçün kazinoların yenidən bərpa olunması təklif olunur. Maraqlıdır, bəs təklif bu gün üçün nə vəd edir?
Ölkədə son illərdə qeyri-neft sektoruna “stavka” turizm sahəsini ölkə iqtisadiyyatının aparıcı sektorlarından birinə çevrilmə potensialı daşıyır. Bu kontekstdə kazino biznesinin ölkədə leqallaşdırılması və ya məhdud formalarda icazə verilməsi mümkün iqtisadi perspektiv kimi qiymətləndirilir.
Azərbaycanda kazino fəaliyyəti 1998-ci ildə qadağan edilib. Burada əsas məsələ qanunvericilik sisteminin formalaşdırılmasıdır. Çünki Azərbaycan kimi ölkələrdə kazino incə və spesifik mövzu hesab olunur. İlk növbədə kazinoların dövlət üçün hansı faydalar gətirəcəyini düşünmək lazımdır.
Üstəlik, kazino açmaq üçün ilk olaraq onun açılacağı yeri müəyyənləşdirmək lazımdır. Dünya təcrübəsinə görə, belə məkanlar məktəblərdən, təhsil və mədəniyyət ocaqlarından uzaq olmalıdır. Kazino yalnız xaricilər üçün fəaliyyət göstərə bilər.
İlk növbədə ciddi hüquqi çərçivə və dövlət tənzimlənməsi olmalıdır. Lisenziya məhdud qaydada təqdim olunmalı və daha kompakt ərazilərdə fəaliyyət göstərən turizm obyektlərinə verilməlidir. Bu, həmçinin yeni iş yerləri deməkdir. Kazino turizmi minlərlə iş yerinin yaradılmasına imkan verə bilər.
Azərbaycandan hər il yüzlərlə insan kazinolarda əylənmək məqsədilə Gürcüstana, Rusiyaya və daha uzaq ölkələrə üz tutur. Bu isə sadəcə maraq deyil, külli miqdarda maliyyə vəsaitinin xarici bazarlara yönəlməsi deməkdir. Bununla yanaşı, region ölkələrinin əyləncə və kazino turizmi sahəsində əldə etdiyi gəlirlər artdığı bir zamanda, Azərbaycan bu sahədə potensialından tam istifadə edə bilmir.
Bununla yanaşı bu ideya riskləri də daşıyır. Kazino biznesinin leqallaşdırılması bəzi sosial və etik problemlər yarada bilər. Cəmiyyətdə sosial sabitliyə müəyyən neqativ təsir göstərə, cinayətkarlıq riski, bu sektorda qeyri-rəsmi fəaliyyətlərə şərait yarada bilər. Burada Azərbaycan cəmiyyəti ənənəvi mənəvi dəyərlərini də nəzərə almaq lazım gələcək.
Gürcüstan bu sahədə ən açıq və liberal yanaşmanı nümayiş etdirən ölkədir. Ölkədə həm yerli əhali, həm də turistlər üçün açıq olan onlarla kazino fəaliyyət göstərir. Xüsusilə Batumi, Tbilisi və Kutaisi kimi şəhərlər kazino turizminin əsas mərkəzləri hesab olunur. Qumar oyunları turistləri cəlb edir və bu, hotelçilik, nəqliyyat, restoran və əyləncə sektorlarının inkişafına təkan verir. Batumi şəhəri, xüsusilə yay aylarında Türkiyədən və Yaxın Şərqdən gələn turistlərlə dolur.
Gürcüstan hökuməti qumar oyunlarından əldə edilən gəlirlərdən ciddi miqdarda vergi toplayır. 2023-cü ildə bu sahədən dövlət büdcəsinə daxil olan vergi 300 milyon larini (təxminən 110 milyon dollar) keçmişdi.
Azərbaycan isə bu sahəni qadağan etməklə sosial sabitliyi qorumağa çalışır, lakin potensial iqtisadi gəlirlərdən və turizm imkanlarından imtina etmiş olur.
Qumar oyunlarının iqtisadi faydası danılmazdır, lakin sosial və etik aspektlərdə yaratdığı risklər də gözdən qaçırılmamalıdır. Regionda bu sahədə yeni qərarların verilməsi üçün balanslaşdırılmış, məsuliyyətli tənzimləmə modellərinə ehtiyac ola bilər.
Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli deyir ki, Gürcüstan örnəyinə nəzər salsaq, görərik ki, kazinoların açılması turizmin inkişafına kömək edir: "Azərbaycan ərazisində kazinolar əgər açılarsa, aydınlaşdırmaq lazımdır ki, onlar turizm bölgəsində, yoxsa ölkənin hər yerində fəaliyyət göstərəcək. Məsələn, ABŞ-də heç də ölkənin hər yerində kazino açmağa icazə yoxdur, cəmi 3 ştatda kazino var. Rusiyada isə yalnız 4 bölgədə kazino açmağa icazə var. Bunun müxtəlif hüquqi prosedur qaydaları haqqında düşünmək olar.
Təbii ki, kazinolar turist sayının artımına kömək edir. Lakin bunun hansı konteksdə və hansı bölgədə ediləcəyi ilə bağlı düşünmək lazımdır. Azərbaycanda kazinoların açılmasının mənfi və təhlükəli tərəfləri isə odur ki, insanlarda aludəçilik yarana bilər. Lakin elə aludəçi insanlar varsa, onlar Gürcüstana da gedib qumar oynayacaqlar. Aludəçiliyə görə bu məsələnin birmənalı qəbul edilməməsi anlaşılandır. Amma müəyyən qadağaların olacağını da nəzərə almaq lazımdır. Las Vegasda yaşı 21-dən az olanlar kazinoya buraxılmırlar. Çox sərt qadağalar var. Azərbaycanda da kazinoların açılması məsələsini belə sərt qadağalarla tənzimləmək olar".
İqtisadçı qeyri-leqal fəaliyyət göstərən kazinolardan da söz açıb: “Qeyri-leqal fəaliyyət göstərən kazinolarla bağlı dəqiq məlumatım yoxdur. Onların həcmi, dövriyyəsi haqqında informasiya olsaydı, ölkə iqtisadiyyatına vurduğu ziyanı, vergidən yayınma hallarını demək mümkün olardı. Lakin istənilən halda belə bir ehtimal mümkündür. Çünki qadağalar həmişə qeyri-leqal sahədə fəaliyyətin güclənməsi ilə nəticələnir”.
Samir Dübəndi
“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri, “Azərbaycan Ekoturizm Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Samir Dübəndi bildirib ki, ABŞ, İngiltərə, İspaniya, İtaliya kimi ölkələr bu sahədə qabaqcıllar sırasındadır: “Düşünürəm ki, bu ölkələrin təcrübəsi yenidən araşdırılmalıdır. Bu ölkələrin təcrübəsi, illər ərzində qarşılaşdıqları problemlər öyrənilməlidir. Həmçinin bu sahənin tənzimləmə mexanizmləri, hüquqi bazası yaradılmalıdır. Kazino biznesinin ətrafında böyük otel biznesi də inkişaf edir. ”Kazino hotellər" məşhurdur və bu hotellərdə kazinodan başqa yerləşmə, qidalanma və xidmətlərdən böyük qazanclar əldə edilir. Bu fəaliyyət sahəsinin insanlara sosial-iqtisadi təsirləri qiymətləndirilməli, dərin təhlillər aparılmalıdır. Kazino sahəsinin yerləşmə məkanları da ciddi əhəmiyyət daşıyır. Kazinolar, əsasən, təhsil müəssisələrindən, şəhər mərkəzlərindən kənarda yerləşməlidir".
Xalid Kərimli
İqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, kazinoların açılmasının Azərbaycana iqtisadi və turizm cəhətdən ancaq faydası var: “Burada söhbət əyləncə növü üzrə azadlığın bərpasından gedir. Azərbaycan turist ölkəsi olmaq istəyirsə, qonşu Gürcüstanın təcrübəsindən istifadə etmək lazımdır. Gürcüstan bu sahədə azadlıqlar verib, ölkəyə girişi rahat edib. Nəticədə Gürcüstana gələn turistlərin sayı Azərbaycana gələnlərdən 3 dəfə çoxdur.
Ölkəmizdə kazinoların bərpa edilməsi güclü turist axınına səbəb olacaq. Çünki kazinolar turistlər üçün əyləncə mühiti yaradacaq. Həmçinin hotellər, restoranlar üçün də müştəri olacaq. Eyni zamanda, Gürcüstana, Rusiyaya, Kiprə gedən yerli kazino oyunları həvəskarları da xarici ölkəyə getməyə ehtiyac duymayacaq. Nəticədə pul ölkədən çıxmayacaq, gəlir Azərbaycanda qalacaq. Kazinoların açılması yeni iş yerlərinin yaranması deməkdir. Həmçinin vergi ödənişlərinə də təsir edəcək. Bir sözlə, iqtisadi cəhətdən kazinoların Azərbaycanda açılmasının heç bir mənfi tərəfi yoxdur.
Ziyan olaraq pis vərdişləri düşünmək olar. İndi bunun qarşısını almaq mümkün deyil. Əgər bir insanın belə vərdişi varsa, o bunu onlayn və ya qeyri-leqal yollarla həyata keçirir. Sadəcə olaraq məhdudlaşdırıcı standartları müəyyən etmək olar. Məsələn, kazinolar paytaxtdan 23 kilometr uzaqda yaradılsın və s.
Hansısa bir idarə olunan formada tənzimləmək olar. Kazino açmağın standartları formalaşmalıdır, çünki onların bərpasının ölkəyə xeyri olacaq". /musavat.com/