Sifarişli verilişlər var, təxribat xarakterlidir: Adlar çəkildi


Son vaxtlar efirlərdə “din” adı ilə məzhəb və digər mövzularda verilişlərin yayımlandığı və bunun təxribat xarakterli olduğu iddia edilir. Jurnalist Kənan Rövşənoğlu da eyni fikirlə çıxış edib.

Sitat: “Ölkəmizdə tolerantlıq mühiti necə inkişaf edibsə, artıq telekanallarda dini mübahisələr, məzhəb müzakirələri təşkil olunur. Bunu edənlər ölkədə dinlər, məzhəblər arasında münaqişə yaratmaq istəyən qüvvələrin sifarişini həyata keçirir. Müvafiq qurumlar da “xəbərsizdir”.

Deyilənlər realdırmı?

Globalinfo.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov deyib ki, sözügedən proses artıq cəmiyyətdə narahatlıq yaradır:

“Dinlə bağlı məsələlərə yanaşma son dərəcə həssas və məsuliyyətli olmalıdır. Təəssüf ki, bəzən bu gözlənilmir, nəticədə xüsusilə məzhəblər arası fərqlər yanlış təqdim olunur və ya məqsədli şəkildə qabardılır. Bəzi verilişlərdə dinin əsas prinsiplərindən çox, müxtəlif təriqətlərin bir-birini inkar edən yanaşmalarına yer verilir. Belə verilişlərin aparıcıları ya dini savadı olmayan kəslər olur, ya da müəyyən ideoloji maraqlara xidmət edən şəxslər vasitəsilə cəmiyyətin dini düşüncəsi yönləndirilməyə çalışılır. Bu isə yalnız dini savadsızlığın artmasına deyil, həm də mömin insanların bir-birinə qarşı inamsız münasibət bəsləməsinə yol açır”.

ekrem 5

İlahiyyatçı bildirib ki, əslində, islam dini birlik, həmrəylik, qardaşlıq dinidir:

“Bu gün bəzi media platformalarında elə bir atmosfer yaradılır ki, guya əsl islam yalnız bir baxışda, bir qrupun düşüncəsində təcəssüm edir və digər baxışlar ya sapqındır, ya da təhlükəlidir. Belə yanaşma həm dini təməl prinsiplərə ziddir, həm də dövlətin milli-mənəvi dəyərlər sisteminə qarşı yönəlmiş təxribat xarakteri daşıya bilər. Dinlə bağlı verilişlər mütləq peşəkar və tanınmış ilahiyyatçılarla, rəsmi qurumların tövsiyələri ilə hazırlanmalı, dini bilikləri olmayan şəxslərə efir imkanı verilməməlidir. Buna riayət olunmazsa, bu cür verilişlərin təxribat xarakterli olduğuna dair iddialar gündəmdə qalacaq. Məsuliyyət daşıyan qurumlar və televiziya rəhbərləri daha ciddi nəzarət mexanizmi qurmalı, dini mövzular yalnız maarifləndirici və vəhdət yönümlü şəkildə təqdim edilməlidir”.

Ə.Həsənov dində ayrı-seçkilik yaradan şəxslərin adlarını da açıqlayıb:

“Son günlər hədis inkarçılığı da geniş vüsət alıb. Azərbaycanda hazırda bu prosesin liderliyində Elşad Miri dayanır. Radikal təkfir fikirlərinin liderliyində isə Əlixan Musayev baş rolda oynayır. Bu və bir çox səbəblərdən ateizm cəmiyyətdə geniş vüsət alıb. Düşünürəm ki, dini sahəyə diqqət ayrılsa, daha yaxşı nəticələr əldə edə bilərik”.


MANŞET XƏBƏRLƏRİ