Son günlər Ermənistanın daxili siyasi mühitində gərginlik müşahidə olunur. “Hraparak” qəzetinin məlumatına görə, Rusiya bəzi erməni müxalifət liderləri ilə əlaqə saxlayır və ölkədə hakimiyyət dəyişikliyi prosesini aktivləşdirməyə çalışır.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə Kreml rəsmilərinin açıq şəkildə İrəvanda hakimiyyəti devirməyə çağırdığını bildirib. Hətta Moskvanın artıq bir neçə Rusiya ermənisini İrəvana göndərmək üçün seçdiyi və onlarla bağlı müzakirə başlatdığı iddia olunur. Bu vəziyyət, Ermənistanın daxili siyasətindəki qeyri-sabitliyin regionda sülh təşəbbüslərinə necə təsir edəcəyi sualını doğurur.
İrəvanda hakimiyyət dəyişərsə, bu, Azərbaycanla münasibətlərə necə təsir edəcək? Sülh sazişinin imzalanması uzadıla, yaxud hər hansı eskalasiya baş verə bilərmi?
Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Rusiyanın Ermənistanda iqtidarı dəyişmək planı yeni deyil:
“Bu istiqamətdə səsləndirilən iddialar, belə bir planın olması əvvəllər də gündəmə gəlirdi. Fikrimcə, indiki məqamda bu və ya başqa formada Paşinyan iqtidarının devrilməsinin bizə faydası daha çoxdur. Məsələ ondadır ki, müasir dünyada güclülərin sözü keçir və biz çox güclüyük. Yəni Ermənistan ilə Azərbaycan arasında ciddi bir güc, balans fərqi var. Güclü və haqlı olduğumuz bir zamanda Ermənistanla onların şərtləri əsasında sülh müqaviləsinin imzalanması məqbul deyil.
Əhəd Məmmədli
ABŞ Prezienti Donald Tramp bir çox gözləri açdı ki, dünyada beynəlxalq hüquq əslində güclü olmaqdır. Ermənistan sərhəddə mütəmadi olaraq təxribatlar törədir. Əgər İrəvan təxribatların miqyasını böyüdüb ərazilərimizə hücum etsə, Azərbaycanın haqqı çatır ki, tarixi ərazilərimiz Zəngəzur və Göyçəni geri alsın. Bundan sonra sülh müqaviləsi haqda danışmaq olar”.
Politoloq qeyd edib ki, Paşinyan özünü sülh göyərçini kimi göstərir, amma Ermənistandakı revanşist, ultramilliyyətçi qüvvələrə şərait yaradır:
“Biz bunların varlığından istifadə edib, şərti dövlət sərhədində “tampon bölgə”lər yarada bilərik. Yəni həmin qüvvələrin Azərbaycana qarşı hücuma keçəcəyi təqdirdə, sərhəddə başladılacaq antiterror əməliyyatının miqyasının genişləndirilməsi məqbul hesab oluna bilər. Nəhayətində tarixi torpaqlarımızı geri almaq mümkün olar.
Bu gün Paşinyanın hakimiyyətdə olması bizə sərf etmir. Rusiyanın onu devirmək planı varsa, icrası maraqlara da uyğundur”.