Azərbaycan ətrafında geopolitik oyunlar: Bakıda məxfi danışıqlar… – Sensasion müsahibə


Turkustan.az Globalinfo.az-a istinadla yazıçı, araşdırmaçı Həmid Herisçi ilə müsahibəni təqdim edir:– Həmid bəy, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana yaxın günlərdə gözlənilən səfərini indiki qarışıq geosiyasi durumda necə qiymətləndirmək olar? Sizin bu mövzuda təhliliniz, qənaətiniz nədən ibarətdir? İran artıq Azərbaycanla bağlı hikkəsindən geri durur, əvəzində əməkdaşlıq formatına üstünlük verir? Yeri gəlmişkən, İran-Azərbaycan sərhədinin Zəngəzur hissəsində iki ölkə arasında ciddi layihələr gerçəkləşmək üzrədir.

– İranın magistral iqtisadi-siyasi marşrutları 1925-ci ildən, yəni düz 100 il öncədən tam dəyişdi. Xudafərin körpüsü o vaxt demək olar ki, qapadıldı. Bütün iqtisadi yollar cənuba – Fars körfəzinə doğru yönəldildi. Bu tarixi dönüş, türk əsilli Qacar nəslinin hakimiyyətdən getməsi, fars mənşəli Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə də bağlı idi. Rza şah Pəhləvi o vaxt, 1925-ci ildə, qədim Sasani hökmdarı Nuşirəvanın geosiyasi doktrinasını diriltdi. Bu doktrinaya görə İranın Şimal qapısı, yəni Turan yolu qapadılmalıydı. Dərbənd qalası bu yolu kilidləməliydi.

VACİB DETAL: O vaxtkı Dərbənd qalası funksiyası indi Zəngəzur dəhlizinə, Xudafərin körpüsünə keçib.

Ancaq Nuşirəvanın bu antitürk, antituran gedişi Xəzər müharibələri ilə nəticələndi. 626-cı ildə xəzərlər əvvəl Dərbəndi, sonra Tiflisi aldılar. Sonra, bax bu Sasani İranı indiki İraqda yeni müsəlman dininə uduzdu. Nəticədə fars İranı tarixi səhnədən silindi. 1400 il olmadı.

1925-ci ildə Rza şah Pəhləvi bu köhnə, məğlub Sasani şahmat oyununu yenidən diriltsə də, nə xeyri?

2025-ci ildə, düz 100 sonra bu geosiyasi Sasani projesi yenə də müasir İranın məğlubiyyəti ilə bitdi. Xəzərlərin şimal qələbələrini müstəqil Azərbaycan respublikası təkrarladı. Mən, 2020-ci il Qarabağ qələbəmizi nəzərdə tuturam. Bu qələbə, İranı şimal sərhədlərində xeyli sarsıtdı.

Sasanilərin cənubdakı məğlubiyyətləri isə, öz müasir redəktəsini qazandı. İsrailin Livan, Suriyadakı qələbələri İranı bu dəfə də, 7-ci əsrdəki kimi, Yaxın Şərqdə tam məğlubiyyətə sürüklədi.

Məhz bu səbəbdən, 2024-ci ildə, İran tarixində çox mühüm bir siyasi dönüş baş tutdu. Siyasi hakimiyyət müəyyən qədər, bir qədər yenidən türklərə-yəni Pezeşkian dəstəsinə qaytarıldı.

Rəsmi Tehran bu siyasi gedişi ilə irandaxili proseslərdə yerli türklərin dəstəyini qazandı.

Beləliklə, şahpərəstlərin, 2025-ci ildə Pəhləvi sülaləsinin 100 illik yubileyini qeyd etmək niyyəti baş tutmadı. Sasani doktrinasını-“İrane bözörg-Böyük İran, İranzəmin” projesini SEPAH, “Hizbullah” Yaxın Şərqdə, Qafqazda, Əfqanıstanda reallaşdıra bilmədi.

Azərbaycanla İsrail buna icazə vermədi. Azərbaycan bütün Qafqazda, İsrail isə bütün Yaxın Şərqdə İranın gizli, əslində antiislam planlarını alt-üst etdilər.

Yəni, SEPAH əslində Qafqazda, Yaxın Şərqdə heç də islam hərəkəti yürütmürdü. Sasani doktrinasını, qədim fars diplomatiyasını reanimasiya, “restart” edirdi.

SEPAH-ın üç cəbhədə – Qarabağda, Əfqanıstanda, Livanda məğlubiyyətləri ona bağışlanılmadı. Belə bir şəraitdə İran liberalları, Cavad Zərif dəstəsi Pezeşkian kartını, yəni türk kartını oyuna gətirdilər. Təbrizin, “Təbriz Ticarət və Sənaye Palatası”nın dəstəyi ilə öz namizədlərini prezident kürsüsündə otuzdurdular.

Fars irqçilərinin “Ariana” – yəni Böyük İran projesi laxladı. Pəhləvilər özləri sözsüz, İrana qayıtmayacaqdılar. Ancaq Pəhləvilərin “Ariana” projesi İrana bir başqa sifətdə, islamlaşmış şəkildə qayıda bilərdi. Ancaq Azərbaycanla İsrail bu geopolitik konfiqurasiyanı pozdular. Nəticədə İran, Pezeşkianın simasında öz Turan, türk ssenarisini meydana atdı. Azərbaycanla dialoq da bax bu nöqtədə yeni abzasdan başladı.

– Məsud Pezeşkianın Bakıya gələcəyi xəbərləri yayıldıqdan az sonra İsrailin baş naziri Benyamin Netenyahunun da ölkəmizə səfər edəcəyi informasiyası ortaya xeyli suallar çıxardı. Bir-biri ilə düşmən münasibətində olan dövlətlərin rəhbərləri paytaxtımıza anlaşmağa gəlir? Azərbaycan İsrail-Türkiyə, İsrail-İran arasında bir barış körpüsü, anlaşma platforması rolu oynayacaq, yoxsa, burda gözləmədiyimiz, hətta bilmədiyimiz proseslər cərəyan edir?

tehran baki moskva 1 scaled

– Fevralın 18-də Ər-Riad danışıqlar əslində ikimasalı idi. Ər-Riad dialoqu Tehrandakı “Xəzəryanı ölkələr sammiti” ilə tam sinxron keçməsi təsadüfü deyil. Moskva bir-ki saatlıq gecikmə ilə Tehranı danışıqların tam qapalı məzmunu ilə tanış edirdi. Ancaq əslində danışıqlar heç iki də yox, üçmasalı idi.

Bir-iki saatlıq gecikmənin də izahı var – Moskva ilə Vaşinqton bu vaxt ərzində Netanyahu ilə məsləhətləşirdilər.

Üçüncü masadakı İsrail indi kölgədən çıxacaq. Bakıda, Azərbaycanda o danışıqları davam etdirəcək. Açıq, yaxud qapalı şəkildə.

İsrail bütün hallarda İranla dialoqunu Azərbaycansız keçirməyəcək. Azərbaycanla birgə keçirəcək.

Biz İsrail-İran dialoqunda vacib halqayıq. İki ölkə, hələlik Azərbaycanda barışa bilərlər. Azərbaycanda hər iki ölkə müəyyən razılaşmalara gələ bilər. Bu bizə böyük nüfuz gətirəcək son nəticədə. Dividentləri, qazancları çoxdur bu vasitəçilik missiyamızın.

– Prezident İlham Əliyevin Çinə səfəri dünyada maraqla, diqqətlə izləndi. Çin yalnız Asiya qitəsinin nəhəng dövləti sayılmır, Pekin dünya siyasətinin mərkəzi aktorudur. Çinin Azərbaycanla bu qədər yaxınlaşması, anlaşması, əməkdaşlığı bizə hansı üstünlüklər, Çinin özünə hansı avantajları qazandıra bilər?

prez cin 23

23 aprel 2025-cü il. Prezident İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi

– Siyasətdə nə varsa, sığorta naminə iki nüsxəlidir. İran-Rusiya, İran-Çin münasibətləri də ikidosyelidir. Azərbaycan, Prezident İlham Əliyev də bu ikibaşlı siyasəti nəzərə alır həmişə. İlham Əliyevin də projeləri ikinüsxəlidir. Biz siyasətimizi təkcə Moskvaya etibar edə bilməzdik. İlham Əliyevin Pekin səfəri bununla əlaqədardır.

Bu ikiqanadlı siyasət Sergey Lavrovun son Tehran səfəri zamanı da özünü gizlətmədi. Görüş günü Tehran həm də beynəlxalq TRASECA (Transport Corridor Europe-Caucasus-Asia – Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) nəqliyyat dəhlizinin növbəti – 17-ci sammitinə ev sahibliyi edirdi. İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan və ən vacibi – Çin bayraqlarının sıx əhatəsində idi. Sevincini gizlətmirdi. TRASECA-da bir illik sədrlik kürsüsü Tehrana keçirdi axı.

Gözlənilməz, yaxud gözlənilən bu xəbər Sergey Lavrovun sifətini, üz ifadələrini bir az da turşutdu Tehranda. Rusiya XİN rəhbəri İranın Rusiya ilə münasibətlərini birmənalı, birnüsxəli edə bilmədi.
Moskva-Astara-Rəşt dəmir yolunu, yəni “Cənub-Şimal” nəqliyyat dəhlizini Tehran eyni gündə TRASECA Çin yolu ilə sığortaladı. Yəni Zəngəzur yolu ilə. Sübut etdi – Rusiya ilə bütün projelərini digərləri ilə sığortalayacaq. İkinüsxəli olacaq Rusiya-İran münasibətləri.

İlham Əliyev bütün bunları nəzərə aldı. O da Şimal dəhlizini Qərb nəqliyyat dəhlizi ilə sığortaladı.

– Mərkəzi Asiyanın 3 ölkəsinin rum Kipri ilə bağlı məlum addımı – Cənubi Kiprdə diplomatik nümayəndəlik açması, üstəlik Türkiyəni aqressor ölkə adlandırması nədən xəbər verir? Bu, yaranmaqda olan türk birliyinə, Turan ideyasına nə kimi zərər verəcək? Bəlkə bunu arxasında başqa məqamlar dayanır, biz xəbərsizik?

– Səmərqənddəki Türk sammitinə qarşı Avropa da öz “Səmərqənd sammitini” keçirtdi ötən həftələrdə. Burda aerokosmik nəhənglərin savaşı gedir. Turan səmasındakı “Boeing” dominantlığına, seçiminə qarşı Fransa SAS aerokosmik sənayesi qəribə gediş edib. Mülkü təyyarələrin bazarını başına buraxıb burada. Bazara öz hərbi “Dassault Rafale” təyyarələrini təqdim edib. Səmanın açarları ötən əsrdən üzü bəri “Airbus” və “Boeing” şirkətlərinə məxsusdur. Turan ərazisində yox, Turan səmasında bu iki şirkətin çox güclü savaşı başlayıb.

Yəni Avropa Birliyinin Turan siyasəti ilk növbədə aerokosmik məzmunludur.

hemid herisci 9

Həmid Herisçi

Prezident İlham Əliyev, sözsüz, bu qarşıdurmaya bələddir. 2023-cü ilin 30 aprelində Əliyevin “Boeing Commercial Airplanes” şirkəti rəhbəri Stenli Dillə vacib görüşü də bununla bağlı ola bilər.

Azərbaycan, ölkə prezidenti İlham Əliyev böyük şahmat taxtası üzərində öz gedişlərini edir. Siyasi gedişlər indi sırf iqtisadi projelərlə müşayiət edilməlidir. Sevinək ki, bizim bu cür böyük projelərimiz artıq rəqabətə səbəb olur. Demək həm siyasi, həm iqtisadi masalarda öz maraqlarımızın ticarətinə başlaya bilərik. Bu Turan səması projesində də Çinin kimi, hansı avianəhəngi seçəcəyi vacibdir. Azərbaycan Çinə təkcə Zəngəzur projesini təqdim etməyib məncə. Həm də Qərbdən Şərqə gedən hava yollarında öz vacib hava dəhlizini də təqdim edib.

Bakı-Qroznı xəttində baş vermiş məlum təyyarə qəzası çox vacib bir mövzunu – Azərbaycan hava ərazisinin geopolitik çəkisini bir daha dünyaya sərgilədi. Dünyanı tən ortadan yaran meridian xətt, qövs Şimal Qütbündən startını götürüb, Dərbəndədək Rusiya hava ərazisindən keçir. Sonra Azərbaycanda öz orta, mərkəz nöqtəsini tapır. İran hava ərazisində davam edərək körfəzdə sona çatır.
İranla Rusiya Batı (Qərb) ilə qarşıdurmadadırlar. Hava əraziləri də Qərb təyyarə marşrutları üçün yarıqapalı şəkildədir. Etibarlı deyil. Qalır Gürcüstan-Azərbaycan hava ərazisi. Hə, burada Qərbin hava marşrutu tam azaddır. Kim bu hava qövsünə tam nəzarət etsə… Cümlənin axırını bilərəkdən bütöv yazmıram. Susuram bu vacib məqamda.

Turan, Çin hava yollarının taleyi də məhz bu qövsdən, müəyyən qədər bizdən asılıdır. Biz həm də səmadakı bax bu Zəngəzur marşrutunda kilid ölkəyik.

Məncə Avropa, Çin maraqları bu nöqtədə Azərbaycanın önəmini anlayırlar. Avropa-Turan Səmərqənd sammiti, prezidentin Çin səfəri də bu ssenari tərkibindədir. Biz böyük şahmat oyunundayıq. Vacib fiqurlardanıq. Prezidentin Çin səfəri, Pezeşkianını Bakı səfəri də bax bu zaman reallaşır. Dəyərimizi, qiymətimizi düzgün hesablayaq.


MANŞET XƏBƏRLƏRİ