“Ermənistan bütün öhdəliklərdə olduğu kimi, delimitasiya prosesində də manipulyasiya siyasətinə üstünlük verir”.
Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.
O bildirib ki, rəsmi İrəvanın iddialarının əksinə, danışıqlar prosesində müəyyən durğunluq var:
“Görünür, onlar yenə də təzyiqlə üzləşmək istəyirlər. Paşinyan anklavların qaytarılmasından da yayınmaq üçün xəritə qarşıdurmasını gündəmə gətirməyə çalışır. Ancaq onların razılaşdığı 1975-ci il xəritəsi belə müvafiq əraziləri Azərbaycan torpağı olaraq göstərir. Sadəcə yeganə problem ondan ibarətdir ki, anklav kəndlər Ermənistan üçün yol rabitəsi baxımından strateji mövqedə yerləşir. Hətta bəziləri magistral yollardır ki, Ermənistanın xarici dövlətlərlə rabitəsini təmin edir”.
Züriyə Qarayeva
Politoloq qeyd edib ki, bu ərazilərimiz qaytarılsa, Ermənistan anklavlar üzərindən keçən yol infrastrukturuna nəzarəti itirəcək:
“Bu yolların bəziləri Ermənistanı qonşu ölkələrlə bağlayır. İrəvan dərk edir ki, Azərbaycan tarixi və haqqı olan torpaqları qaytarsa, Ermənistanın qonşu ölkələrlə rabitəsi məhdudlaşacaq. Belə olduqda Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən başqa yol qalmayacaq. Bu gün İrəvanı qorxudan məhz bu nüanslardır”.