Tokayev AZAL təyyarəsinin qəzaya uğramasından DANIŞDI


Biz qədim Xəzər dənizinin sahillərini paylaşdığımız Azərbaycana ən səmimi hisslər bəsləyirik.

Turkustan.az Qazaxıstanın dövlət başçısının mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan Xalqları Assambleyasının XXXIV sessiyasında çıxış edən Prezident Kasım-Jomart Tokayev deyib.

Onun sözlərinə görə, Qazaxıstan qonşu dövlətlərin hamısı ilə qardaş münasibətləri saxlayır.

Kasım-Jomart Tokayev əlavə edib: “Xalqımızın ən yaxşı xüsusiyyətləri kritik məqamlarda özünü daha çox göstərir. Biz ötən il, Aktau yaxınlığında təyyarə qəzası baş verəndə buna bir daha əmin olduq. Vətəndaşlarımız zərərçəkənlərə kömək etməyə can atırdılar. Onlar qan vermək üçün növbə tutmuşdular. Azərbaycan səfirliyinin önünə gül dəstələri düzürdülər.

Bütün dünya xalqımızın birliyi və fədakarlığına heyran olmuşdu. Məhz bu məqamda qəlblərin genişliyi, həmvətənlərimizin xarakterinin yüksək keyfiyyəti və xeyirxahlığı özünü bariz şəkildə göstərdi. Mərhəmət, şəfqət, xeyirxahlıq bizim milli xarakterimizin xüsusiyyətləridir. Biz bu dəyərləri qorumalı və gənc nəslə ötürməliyik”.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda Azərbaycan Hava Yollarının (AZAL) “Embraer” təyyarəsinin iştirakı ilə faciəvi təyyarə qəzası baş verib.

Qəzanın təhqiqatına ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) konvensiyasına uyğun olaraq Qazaxıstan rəhbərlik edir. İşdə Azərbaycan, Rusiya mütəxəssisləri, beynəlxalq ekspertlər və "Embraer" nümayəndələri iştirak edirlər. "Qara qutu"lar açılıb və beynəlxalq ekspertlərin iştirakı ilə deşifrə edilir.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub: 42 Azərbaycan vətəndaşı, 16 Rusiya vətəndaşı, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.


MANŞET XƏBƏRLƏRİ