Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar tədbir keçirildi


Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar E.Məmmədov adına 21 №-li tam orta məktəbdə tədbir keçirdi.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Abonement bölməsinin müdiri Lalə Səlimova çıxış edərək, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün yaranma tarixi haqqında məlumat verdi. O, hər bir yaradıcı insanın öz əsərinə müəlliflik hüququnun olduğunu qeyd etdi. Uşaq şöbəsinin müdiri Sevil Namazova çıxışında vurğuladı ki, müəllif hüquqlarının qorunması beynəlxalq konvensiyalarla tənzimlənir. 23 aprel Dünya Kitab və Müəllif Hüquqları Günü Azərbaycanda 2001-ci ildən qeyd olunur. Çıxış edənlər kitab oxumağın, mütaliənin insan həyatında böyük rolundan danışdılar.

Tədbirdə məktəb kitabxanasının müdiri Günel Yadigarova kitablardan maraqlı məlumatlar verdi və şagirdlərin məktəb kitabxanasından səmərəli istifadə etmələri haqqında söhbət açdı. Məktəbin kitabxanaçısı Könül Heybətova çıxış edərək, şagirdləri mütaliəyə səslədi və mütaliənin, sinifdənxaric oxunun onların dünyagörüşünə necə təsir etdiyini vurğuladı.

Tədbir zamanı şagirdlər kitabın yaranması, ən çox oxunan əsərləri, ən çox tərcümə edilən müəlliflər haqqında maraqlı fikirlər səsləndirdilər. Şagirdlər dünya ədəbiyyatından Hans Xristian Andersenin “Çirkin ördək balası”, “Şahzadə və noxud”, Qrimm qardaşlarının “Qırmızı papaq”, C.K.Roulinqin “Harri Poter”, A.Lindqrenin “Karlson”, “Uzuncorab Pippi”, Azərbaycan ədəbiyyatından “Koroğlu”, “Kitabi-Dədə Qorqud” dastanları, M.Cəlalın “Bir gəncin manifesti” və digər əsərlər haqqında fikir mübadiləsi apardılar.

Tədbirdə uşaqlarda oxu vərdişlərini inkişaf etdirmək və kitabların gündəlik həyatımızın bir hissəsi olduğu qeyd olundu.


MANŞET XƏBƏRLƏRİ