“Şoka girdim, dilim tutuldu, şəkərim 450-yə yüksəldi!” – Kəlbəcər sakini başına gətirilənlərdən danışdı


Təhqir olunduğunu iddia edən vətəndaş Baş prokuror cənab Kamran Əliyevdən və Daxili işlər naziri cənab Vilayət Eyvazovdan kömək istəyir

Bu günlərdə redaksiyamızda olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 2-ci Aşıq Ələsgər küçəsi ünvanında yaşıyan, “Qafuroğlu” yükdaşıma şirkətinin rəhbəri İsmayılov Qafur Əvəz oğlu başına gətirilənləri ürək ağrısı ilə danışdı.

Söhbətdən məlum oldu ki, 2025-ci il yanvarın əvvəlində Xətai Manafzadə adlı şəxs Q.İsmayılovun rəhbərlik etdiyi “Qafuroğlu” yükdaşıma şirkətində sürücü işləmək üçün müraciət edib. Q.İsmayılov sürücüyə ehtiyac olduğunu bildirib və Xətaidən müvafiq sənədlərini şirkətin mühasibatlığına təqdim etməsini xahiş edib. Mühasibatlıq Manafzadə Xətai Sakit oğlunun sənədlərini araşdırarkən onun əvvəlki iş yeri olan “BakuBus” MMC-dən rəsmi çıxarılmadığı məlum olub. Bu səbəbdən də X.Manafzadənin “Qafuroğlu” yükdaşıma şirkətinə rəsmi işə götürmək mümkünsüz olub. X.Manafzadə isə xəstə uşağı olduğunu, eyni zamanda ailəsini dolandırmaq üçün onun işləməsinin vacib olduğunu və tezliklə “BakuBus” MMC-dən işdən rəsmi çıxarılması barədə sənəd gətirəcəyini söyləyib. Q.İsmayılov bunları nəzərə alaraq, Manafzadə Xətai Sakit oğlunu köməkçi sürücü kimi işləməsinə razılıq verib. Beləliklə, X.Manafzadə iki aya yaxın “Qafuroğlu” yükdaşıma şirkətində köməkçi sürücü kimi çalışıb. Bu müddətdə X.Manafzadə əvvəlki iş yerindən çıxması barədə rəsmi sənəd ala bilmədiyi üçün onun daha şirkətə gəlməsinə etiraz edilib. O, isə rəhbərlikdən xəbərsiz şirkətdə olan şəxsi əşyalarını götürüb gedib. Q.İsmayılov onunla telefon əlaqəsi saxlayarkən X.Manafzadə artıq başqa yerdə işə başladığını deyib, eyni zamanda şirkətin ona 450 manat borcu olduğunu bildirib. Belə olan halda, Q.İsmayılov X.Manafzadəni şirkətə dəvət edərək, sözügedən borc məsələsinə aydınlıq gətirilməsini istəyib. Ancaq X.Manafzadə şirkətə gəlməkdən imtina edib və həmin məbləğin onun bank kartına köçürülməsini söyləyib. Təxminən bir həftədən sonra Q.İsmayılovun tanımadığı Nüsrət adlı şəxs onun mobil telefonuna zəng edərək, X.Manafzadənin qardaşı, eyni zamanda, jurnalist olduğunu deyərək 450 manatın Xətainin bank kartına köçürülməsini tələb edib. Q.İsmayılov isə onu qardaşı ilə görüşə dəvət edib və borc məsələsinə aydınlıq gətirməyi istəyib… Amma…

Q.İsmayılov üzləşdiyi problemi bütün təfərrüatları ilə danışdıqdan sonra məsələ ilə bağlı şikayət ərizəsini, eləcə də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə və Azərbaycan Respublikasının Daxili işlər naziri Vilayət Eyvazova ünvanladığı müraciətləri redaksiyamıza təqdim etdi.

Qeyd edək ki, Q.İsmayılovun üzləşdiyi problem Baş prokuror cənab Kamran Əliyevə və Daxili işlər naziri cənab Vilayət Eyvazova ünvanladığı müraciətdə geniş yer alıb. Odur ki, həmin müraciəti oxuculara təqdim edirik.

Müraciətdə deyilir:

Hörmətli cənab Baş prokuror!

Hörmətli cənab Nazir!

Məlumat üçün bildirirəm ki, mən – İsmayılov Qafur Əvəz oğlu əslən Kəlbəcər rayonundan vaxtilə məcburi köçkün düşərək ailəmlə birlikdə yuxarıda göstərilən ünvanda yaşayıram. Qarabağ müharibəsində “N” saylı hərbi hissənin döyüş tapşırıqlarının yerinə yetirilməsində fəal iştirak etdiyimə görə polkovnik-leytenant Tofiq Məhərrəmov tərəfindən Fəxri fərmanla təltif edilmişəm. Ömrüm boyu dövlətə, dövlətçiliyimizə sadiq qalaraq Azərbaycan Respublikasının nümunəvi bir vətəndaşı olmağa çalışmışam. Ancaq son vaxtlarda mənə qarşı olan haqsızlığa və özbaşınalığa göz yuma bilmədiyim üçün Sizə müraciət etmək məcburiyyətində qaldım.

Qafur İsmayılov

Belə ki, 28 mart 2025-ci il tarixdə bu ilin əvvəlindən tanıdığım Manafzadə Xətai Sakit oğlu mənə zəng edərək, güya ona borclu olduğum 450 manatı bank kartına köçürməyimi tələb etdi. Mən öz növbəmdə onu görüşə dəvət edib bildirdim ki, gəl ətraflı söhbət edək, o zaman sənə 450 manat yox, cəmi 15 manat verəcəyim olduğunu biləcəksən. Görüşə razılaşdıq və daha sonra o, mənə Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin yaxınlığındakı çayxanada gözləməyimi bildirdi. Görüş günü günorta saat 14:15 radələrində qəflətən çayxananın qapısı taybatay açıldı. Manafzadə Xətai özü, digər tanımadığım bir nəfər (sonradan öyrəndim ki, Nüsrətin yeznəsidir), onların arxasınca isə özünü jurnalist kimi təqdim edən Pənahov Nüsrət adlı şəxs içəri girdilər. Jurnalist olduğunu deyən Nüsrət Pənahov ucadan bağıraraq icazəm olmadan əlindəki mobil telefonla videoçəkiliş apararaq nalayiq sözlərlə məni çayxanadakı insanların yanında təhqir və təhdid edərək, üzərimə saxta ittihamlar yağdırıb məndən pul tələb etməyə başladı.

Bu gözlənilməz hadisənin təsirindən şoka girdim, dilim tutuldu, şəkərim 450-yə yüksəldi. Baş verənlərlə bağlı özümə gələndən sonra dərhal DİN-in “102 xidməti”nə zəng edib məlumat verdim. Səhhətim pisləşdiyi üçün üstümə təcili yardım gəldi. Həkimlərin səyi nəticəsində özümə gəldikdən biraz sonra oğlum Aslan mənə zəng edib həyacanlı şəkildə dedi ki, “ata, telefonum 1 saatdı susmur, tələbə yoldaşlarım, dost-tanışlarım zəng edib, “WhatsApp” nömrəmə videolink atıb deyirlər atanı “youtube.com/aran tv”, “TikTok” sosial şəbəkələrində rüsvay edirlər”.

Həmin vaxt səhhətim ağır olduğundan, danışıq qabiliyyətimi tamam itirdiyimdən oğlum Aslan ərazi üzrə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə məlum hadisə ilə bağlı şikayət ərizəsi və yazılı izahat verdi. Hazırda vəziyyətim ağır olaraq qalır, davamlı şəkildə sistem köçürülür və həkim nəzarətindəyəm. Bunun açıq-aydın şəkildə 30.03.2025-ci il tarixli “Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası” PHŞ Sahə həkimi tərəfindən verilən 12/159 saylı xəbərdarlıq vərəqəsi də sübut edir. Həmin vərəqə ərizəmə əlavə edilib.

Sözügedən ifşaedici video görüntülər isə “Qafur adlı bu şəxs övladı xəstə olan sürücünün pulunu vermədi” başlığı altında yayımlanıb. Həmin video görüntülərdə özünü jurnalist kimi təqdim edən Nüsrət Pənahov həqiqəti açıqlamağıma imkan verməyərək, güya sürücünün pulunu verməməkdə və vergidən yayınmaqda məni ittiham edir. Əgər həqiqətən də kiminsə pulunu verməsəydim, qarşı tərəf barəmdə polisə və ya digər aiddiyəti qurumlara müraciət edərdi. Ancaq məlum məsələdir ki, elə bir hal mövcud deyil. Barəmdə hər hansı bir məhkəmə qərarı olmadan, heç bir cinayət təqibi həyata keçirilmədən özünü jurnalist kimi təqdim edən şəxs tərəfindən ittiham olunmağım, şərəf və ləyaqətimin alçaldılması açıq şəkildə cinayətdir və bu kimi məsələlər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə tənzimlənir. Eyni zamanda, həmin video görüntülərin N.Pənahov tərəfindən işıqlandırılması, digər internet resurslarında da yayılmağa və ən əsası məni yaxından-uzaqdan tanımayan şəxslər tərəfindən barəmdə təhqiramiz şərhlərin yazılmasına səbəb olmuşdur ki, bunun da məsuliyyəti yenə onun üzərinə düşür.

AR CM-nin 147-ci maddəsinə görə, böhtan kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayıldıqda cinayət sayılır. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür.

Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür.

Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində göstərilmiş cinayətin törədilməsi kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqda ifadə olunur. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostların, tanışların) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. AR Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il 7 saylı qərarına görə, şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür.

1948-ci il Ümumdunya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və AR Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

Hörmətli cənab Baş prokuror!

Hörmətli cənab Nazir!

Bütün bunları nəzərinizə çatdıraraq, əlavə olaraq qeyd edim ki, gənc-tələbə oğlumun tələbə yoldaşları, universitet müəllimləri içərisində necə psixoloji sarsıntılara məruz qalmasını həzm etmək mümkün deyil. Mən deyərdim ki, bir ata kimi övladımı bu vəziyyətdə görməkdənsə ölməyi tərcih edərdim. Çünki mən şərəfli, ləyaqətli bir insanam. Buna nümunə olaraq yuxarıda qeyd etdiyim kimi, Qarabağ müharibəsində “N” saylı hərbi hissənin döyüş tapşırığının yerinə yetirilməsində fəal iştirakçı olduğum üçün dəfələrlə komandirlər tərəfindən Fəxri fərmanlara layiq görülməyimi misal çəkə bilərəm.

Hörmətli cənab Baş prokuror!

Hörmətli cənab Nazir!

Yuxarıda qeyd edilənlərə əsasən, Sizdən xahiş edirəm ki, barəmdə “Youtube”, “TikTok” və digər sosial şəbəkələrdə yayılan, həqiqəti əks etdirməyən, böhtan xarakterli videogörüntülərin aradan qaldırılaraq, pozulmuş hüquqlarımın bərpa edilməsi və şərəfli peşə hesab edilən jurnalist adından sui-istifadə edərək, barəmdə təhqir və şantaj dolu videogörüntüləri paylaşaraq saxta reytinq qazanmağa çalışan Nüsrət Pənahovun barəsində ciddi tədbir görülməsi üçün göstəriş verəsiniz.

Əvvəlcədən Sizə dərin minnətdarlığımı bildirirəm!”.

Redaksiyadan: Müraciətdə adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.


MANŞET XƏBƏRLƏRİ